Mənim Babam Şaxta (Baba) Deyil

Mənim Babam Şaxta (Baba) Deyil

Köhnə ilin son günləri idi. Havalar birdən-birə dəyişmişdi. Qışın soyuğu adamı qılınc kimi kəsirdi. Küçələrdəki izdiham elə bir ərşə çəkilmişdi. Hər yerdə süküta bürünmüş bir boşluq hökm sürürdü. Mülayim yaz havası öz yerini dondurucu qış soyuğuna vermişdi. Ara-sıra havada tək-tük qar dənəcikləri görünürdü.

 Küçədəki it-pişiklərin belə soyuqdan halları pərişan olmuşdu. Gözləri aclıqdan ölməsinlər deyə qarşılarına  bir-iki loğma çörək atan insanları axtarırdı. Sadəcə ilk qarın yağmasıyla uşaqların üzündə sevinc və həyəcan açıq-aşkar hiss olunurdu. Yeni ilin gəlişinə az qalmışdı. Böyük sevinclə şəhərin mərkəzi yerləri və meydanlarında böyük yolkalar qurulur və rəngarəng işıqlarla bəzədilirdi. Elə bil həqiqətən də mühüm bir hadisə baş verəcəkdi. Milli parkda balacaları əyləndirəcək Şaxta baba və Qarqızın seçim turlarına start verilmişdi. Şaxta baba hədiyyələrlə dolu xurcununu belinə alaraq onun yolunu gözləyən uşaqları sevindirəcəkdi. Bundan başqa ətrafda baş verənlərə sevinənlər də vardı, məyus olanlar da. Kimisi yeni il axşamı dost-tanışları ilə əylənməyin xəyalını qurur, kimisi də istədiklərini edə bilməməyinin məyusluğunu yaşayırdı. Küçələrin divarlarını şənlik proqramlarının afişaları doldurmuşdu. Marketlərdə adam əlindən tərpənmək mümkün deyildi. Sanki hamı bütün il boyu alacaqlarını ilin sonuna saxlamışdı. Bəlkə də insanlar yeni ilə nakam keçməmək üçün il boyu dadmadıqlarını ilin son günlərində dadıb sonra keçmək istəyirdilər yeni ilə. Ətrafdakı hər kəs arzuladığı xoşbəxt bir dünyanı imkanı daxilində yaşamağa çalışırdı.  Qəribə burasındadır ki, məsələdən agah olan da, olmayan da sürü psixolojiyasına könül verib yeni il qabağı evində bu ab-havanı əsdirirdi. Evlərin küncündə qurulmuş bər-bəzəkli böyük yolkalar, uşaqların üzlərinə keçirdikləri Şaxta baba maskaları və qotazlı papaqlar hələ də bizim çox şeydən xəbərsiz olduğumuzdan xəbər verirdi.

Ancaq başqa bir dünyanı yaşayanlar da var idi. Bizim yaşadığımız dünyanın içərisində başqa bir dünyanı yaşayanlar. Yaşadıqları dünya onlara dünyanın nə olduğunu izah edə bilmirdi. Onlar sadəcə yaşadıqları uşaq evinin pəncərələrindən görünən bir dünyanı görə bilirdilər. Qışın gəlişini onlara ətrafdakı evlərin bacalarından çıxan qara tüstü bildirirdi. Yağan qar onların bədənlərini dondurduğu kimi xəyallarının yollarını da dondururdu. Bu soyuq qış günlərində isti ana qucağı illərlə xəyallarında canlandırdıqları xoşbəxt bir dünya idi. Hər gün aynanın qarşısında oturub bir gün ata və analarının gəlişini gözləyən bu biçarə körpələrin ümidlərini yalançı Şaxta babalar gerçəkləşdirə bilmirdi. Yolkaların üzərində sayrışan işıqlar onların zövqlərini oxşamırdı. Şaxta babanın sehrli xurcunundan nə çıxaracağı əhmiyyətini itirmişdi artıq. Çünki bu ağsaqqal kişi, varlı və imkanlı ailələrin uşaqlarına sovqat aparırdı. Axı onların gözlədikləri bu deyildi. Onlar atalarının pulları xətrinə evlərə gedib sovqat paylayan saxta babaları deyil  öz ana və atalarının isti nəfəsini arzulayırdılar. Qartopu oynamaq da ürəklərincə deyildi, çünki nə donmuş kiçik barmaqlarını isidəcək sobaları, nə də isti geyimləri var idi. Hər şey istəyən bu körpələr heç nəyin yoxluğu ilə üzləşirdilər. Hər arxada qoyduqları ilin içərisində saysız ümidlərini dəfn edirdilər. Yeni ildə yeni ümidlərə inanmırdılar artıq. Onlar üçün yeni olan heç bir şey yox idi. Hər şey köhnə və əvvəlki kimi davam edəcəkdi. Yenə onlar diqqətdən uzaq, qayğıdan kənar qalacaqdılar.

Bir tərəfdə isə min-bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı övladları tərəfindən qocalar evinə tərk edilmiş babalar və nənələr... O babalar və nənələr ki, öz nəvələrini bütün Şaxta babalardan  daha çox həsrətini çəkir. Bəlkə onlara verəcək hədiyyələri yoxdur, ancaq onların uğrunda fəda edəcək bir canları var. Onlar şaxta vurmuş bir qəlblə deyil, sevgi atəşi ilə alovlanan bir ürəklə sevirlər öz nəvələrini.

Son olaraq onu deyim ki, hər bəhanəylə öz övladlarımızı sevindirməyə və əyləndirməyə çalışırıq. Onların zehinlərində Şaxta baba obrazını xeyirxah bir qoca olaraq canlandırdıq. Bir müsəlman olaraq “bu bizim bayram deyil” demədən yeni ilin gəlişinə hamıdan çox biz sevindik.  Övladlarımızın beynində öz doğma babalarına deyil, əsli-nəsəbi bilinməyən Şaxta baba sevgisini aşıladıq. Doğma baba və nəvələr arasında uzaq məsafələr qoyduq. Onları bir-birindən ayırdıqca süni sevgilər  və yalancı baba obrazları ortaya çıxdı. Bəlkə hələ də gec deyil, qocalar evinə tərk etdiyimiz ata-analarımızı və körpələr evindəki nur üzlü balalarımızı bir damın altında birləşdirməyin vaxtıdır. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz