El ağsaqqalı Abdullah MAHMUDOV:
El ağsaqqalı Abdullah MAHMUDOV:
Azərbaycanda özümüzü heç vaxt yad hiss etməmişik.
İrfan: Abdullah dayı, əvvəlcə özünüz haqqında məlumat verin mümkündürsə.
Abdullah dayı: 1940-cı ildə Axısxada doğulmuşam. Sürgün vaxtı 3-4 yaşım vardı. O hadisələri qaranlıq xatırlayıram. Amma Özbəkistana gəlişimizi bir az daha aydın xatırlayıram. Hər tərəfdə qar vardı. Qatardan düşüb hər tərəfi açıq olan, lakin üstü örtülü bir yerə toplaşmışdıq. Bizi oradan yerli sakinlərin evlərinə paylaşdırdılar. Amma məsələ burasındadır ki, yerlilər də həddən artıq yoxsulluq içində yaşayırdılar. Bizi kəndlərə göndərdilər. O illərdə atam rəhmətə getdi. Onu da xəyal kimi xatırlayıram.
İrfan: Atanız rəhmətə gedəndə neçə yaşınız vardı?
Abdullah dayı: 7-8 yaşım olardı səhv etmirəmsə. Atamın Quran oxumaq üçün istifadə etdiyi rəhil gəlir gözümün qabağına. Başqa heç nəyi xatırlamıram.
İrfan: O günlərdən başqa nəyi xatırlayırsınız?
Abdullah dayı: O vaxt indiki kimi elektrik lampaları yox idi. Kartofun ortasını deşib içindən fitil keçirdirdilər. Neft də bir o qədər tapılmırdı. Kimsə bir az neft tapardısa, həmin fitili neftə batırıb yandırardı. Çox zəif işığı olurdu. Amma buna baxmayaraq, bu qədər çətinliklərə sinə gərərək insanlar imanlarını qorumuşdular. Məndən böyük bacılarım, xalam qızları vardı. Quran oxuyurdular. Evin hər tərəfindən külək üfürürdü, yer torpaq idi. Düşünün ki, həmin şəraitdə bir az əvvəl dediyim “lampanı” hündür bir yerdən asardılar. Hamı da yığışardı həmin işığın başına bir təhər Quran oxuyardılar. Bu o dövrdə yaşayanların imanından xəbər verir. Sovetlər kimi din düşməni olan bir dövlətdə bu qədər çətin şərtlərdə öyrənirdik dinimizi. Mən də bir az böyüdükdən sonra anam və bacılarım Quranı öyrətməyə başladılar mənə. Həmin vaxt KQB-yə xəbər vermişdilər ki, filan yerdə Abdullah adında bir qıza Quran öyrədirdilər. Elə bilmişdilər ki, qızdır oxuyan. KQB məni axtarırdı. Anam bunan xəbər tutub Quranı və ayələr yazılmış nə qədər kağız vardısa, hamısını yığışdırıb torpağa basdırdı. Quranı bükmək üçün heç nə tapmadıqları üçün birbaşa torpağa basdırmışdılar. Qış çıxdıqdan sonra qazıb görmüşdülər ki, əlimizdə olan Quran da artıq tamamən hədər olub. Son dövrlərə qədər bir cüz qalmışdı əlimizdə xatırlayıram, o qədər köhnə idi ki, əl vursan dağılardı. Xətm oxumağa Quran tapa bilmirdik. Ordan-burdan bir Quran tapmışdıq, onun da çox yeri silinmişdi, ya da cırılmışdı. Olmayan yerləri əlimizlə yazmışdıq. Bəqərə surəsinin demək olar ki, tamamını əlimizlə yazdıq həmin Quranda.
İrfan: Bu hadisələr Özbəkistanda baş vermişdi?
Abdullah dayı: Bəli. Çox əziyyət çəkmişik. Yağış yağanda evin içinə damırdı. Bir təhər yağış düşməyən yer tapıb döşəyi ora salırdıq yatmaq üçün. Amma yenə də su damlaya damlaya yorğan-döşəyə sıçrayıb isladırdı. Anam çox üşüyürdü, titrəyiri. Yadıma gəlir, yatanda anamın arxasına sığınıb nəfəsimlə onu isitməyə çalışırdım. Allaha şükürlər olsun ki, o günlər arxada qaldı. Quran bir inəyin qiymətinə idi o vaxtlar, onu da tapa bilmirdik. O vaxtkı çətinlik illərində camaat imanını qorudu şükürlər olsun. İndi o imandan əsər-əlamət qalmayıb.
İrfan: Bəs uşaqlarınıza necə, dini təhsil verə bildinizmi?
Abdullah dayı: Şükürlər olsun, çətinliklə də olsa, onlara dinlərini öyrədə bildik. 1986-cı ildə oğlum Süleymanın 3-4-cü sinifdə oxuyurdu. Gecə səhərə yaxın uşaqları oyadırdım, hamı yuxuda ikən onlara xəlvətcə Quran öyrədirdim. Qonum-qonşuda baxırdım ki, Quran öyrədə biləcəyim adam var və məni heç kimə satmaz, onu öyrədirdim. Uşaqların sinif yoldaşları bilməsin deyə çox tədbirlər aldım. Kənd Sovetimiz Əkməl Əkə vardı. Bir gün məni çağırdı yanına, dedi ki: “Abdullah Əkə, sənin haqqında KQB-dən şikayət var. Kimsə ora xəbər verib ki, İslamı yayırsan. Məni çox sorğu-suala tutdu. Gördüm ki, bu qədər sual-cavabın arasında ağzımdan söz qaçıracağam. Konkret dedim ki, mənim ərazimdə elə bir adam yoxdur, əgər tapsanız, nə istəyirsiniz edin. Onları yola saldım, amma sən də çalış çox mərkəzi yerlərdə görünmə, məclislərdə dindən danışma. Yoxsa səni də, məni də aparacaqlar.” Şükürlər olsun, bütün çətinliklər arxada qaldı, uşaqları da istədiyim kimi oxutdum.
İrfan: Əfəndi, dediyiniz kimi kommunist rejimində insanlara dini öyrətmək təhlükəli idi. Sizi həbs edə bilərdilər, sürgünə göndərərdilər. Bəs bu qədər təhlükəyə baxmayaraq sizi insanlara Quran öyrətməyə vadar edən ruh nə idi? Nə səbəbə özünüzü fəda edirdiniz?
Abdullah dayı: Mənim atam da yetim böyüyüb. Əmim atamdan 15 yaş böyük olub. Atamı götürüb qonşu kəndə aparıb oradakı Behcət əfəndinin yanına vermişdi ki, dini öyrənsin. Behcət Əfəndi 30 il İstanbulda oxumuşdu. Əmim atamın azuqəsini də Əfəndiyə verib atamı ona tapşırmışdı, xahiş etmişdi ki, atamı oxutsun.
Anam həmişə mənə öyüd-nəsihət verərdi ki, sənin atan belə oxuyurdu, namazını belə qılırdı, orucunu tuturdu... Həmişə mənə onu nümunə göstərirdi. Atamı görməsəm də, ona olan sevgim, məhəbbətim o qədər böyük idi ki, özümü ona oxşatmaq istəyirdim. Bax bu ruh idi məni dinə bağlayan.
İrfan: Özbəkistandan nə vaxt çıxdınız? Birbaşa Azərbaycana gəldinizmi?
Abdullah dayı: Həmişə demişəm ki, özbəklər pis millət deyil. Lakin Fərqanədə aramıza fitnə toxumları səpdilər və hadisələri qabarda-qabarda bizi qarşı-qarşıya qoydular. 1990-cı ildə azərbaycana gəldik. 5-6 gün Şamaxının Mədrəsə kəndində olduq. Axısxa sürgünündən gözümüz qorxmuşdu deyə Azərbaycana gələndə özümüzlə çadır düzəltmək üçün ağac dirəklər və tent də gətirmişdik. Qışın günü idi, yağış-qar yağsa, nə edəcəkdik. Amma Allah azərbaycanlılardan razı olsun. Bizi elə gözəl qarşıladılar ki, sözlə ifadə etmək imkansızdır. Eynilə mədinəlilərin Peyğəmbərimizi və mühacirləri qarşılaması kimi qarşıladılar. Bizə qucaq açdılar. Ərəbşalbaş kəndində boş evlər vardı, bizi oralara yerləşdirdilər. Şamaxıda çox böyük qonaqpərvərlik gördük. Buradakı hamı doğma bacı-qardaşımız kimi oldu bizə. Şükürlər olsun, hər şey yoluna girdi. Uzun illər burada qaldıq.
İrfan: Bəs Türkiyəyə nə vaxt getdiniz?
Abdullah dayı: 2000-ci illərdə bizimkilər Türkiyəyə köçməyə başladı. Biz də 2002-ci ildə köçmək qərarına gəldik. Kəndin tanınmış ağsaqqalı Rizvan kişi vardı, rəhmətlik. Onunla məsləhətləşdim. Dedi ki, “Abdullah Əfəndi, burda sizə gözün üstə qaşın var deyən olmaz. İstədiyiniz qədər qalın, amma məncə imkan var, gedin. Yaxşı olar.” 2002-ci ildə böyük oğlum köçdü, 2004-cü ildə də biz köçdük. Həmişə demişəm, yenə də deyəcəyəm, biz Azərbaycanda özümüzü heç vaxt yad hiss etməmişik, ənsarların mühacirləri qarşılaması kimi qarşılanmışıq.
İrfan: Darıxırsınız buralar üçün?
Abdullah dayı: Heç vaxt unutmaram. Arada fürsət tapan kimi burdakı qardaşlarımı ziyarətə də gəlirəm.
İrfan: Abdullah dayı, bütün İrfan oxucuları adından sizə təşəkkür edirik.
Abdullah dayı: Mən də öz növbəmdə bütün Azərbaycan xalqına təşəkkür edirəm.
ŞƏRHLƏR