Cəhalətin Meyvəsi
Allahın yer üzərinə göndərdiyi bütün peyğəmbərlərin və gətirmiş olduqları dinlərin məqsədi insan övladını sağlam əqidəyə dəvət etmək olmuşdur. Çünki insanın həyatını və yaşam tərzini onun daxili dünyası müəyyənləşdirir.
İnsan özünü iman etdiyi şeyə görə formalaşdırır. Məhz buna əsasən də Allah-Təala biz qullarını rəbb və ilah olaraq yalnız özünə inanmağa dəvət edir və ibadəti də şəxsinə məxsus qılmağımızı murad edir. Çünki insanın dəyəri Rəbbini tanıması nisbətindədir və Ona olan inamı, sədaqəti ilə ölçülür. Rəbbi qarşısında sözün həqiqi mənasıyla əyilən bir insan başqa heç bir qapıda əyilərək insanlıq heysiyyətini ayaqlar altına atmaz. Haqq-Təala əşrəfi-məxluqat olaraq yaratdığı Adəm oğlunun bu heysiyyətə sahib olmasını istəyir. Ona görə də göndərmiş olduğu hər bir peyğəmbəri ilə, yer üzünə nazil olan kitablar vasitəsilə insanları yanlış əqidələrdən, imanla təzad təşkil edən mənfi davranışlardan uzaqlaşmağa çağırır. Xurafat və mövhumat dinin əslində olmayan, lakin sonradan dindənmiş kimi insanlar tərəfindən ona daxil edilən bir sıra hərəkət və sözlərdir. Bütün bunlar dinimiz tərəfindən qətiyyətlə inkar edilmiş və bu kimi inanca sahib olanlar küfr uçurumunun kənarına gəlmiş sayılırlar. Xurafat və mövumat eynilə bir ağacın kökünə dolanan və onun inkişafına mane olan, gündən-günə geriləyərək məhvinə səbəb təşkil edən zəhərli sarmaşıq kimidir. Əslində xurafat elmin zəifliyi və cəhalətin meyvəsidir. İslamın nazil olduğu chiliyyə dövrünə baxdığımız zaman bu gün cəmiyyətimizdə müşahidə etdiyimiz bir sıra mövhumat qəbilindən əməllərin o dövrdə də yaşandığını görərik. O dövrün savadsızlıq mənasına gələn cahiliyyət dövrü adlandırıldığını diqqətə alarsaq bu kimi nöqsanların cəhalətdən qaynaqlandığını bir daha təsdiq etmiş olarıq.
Həzrət Peyğəmbər (s.ə.s)-in bəşəriyyətə təqdim etdiyi nümunəvi həyatında xurafat deyə biləcəyimiz ən xırda bir əməl belə müşahidə edilməmişdir. O, ömrü boyu insanları Allahın dininə dəvət edərək hər cür inancsızlıqdan, dolayısı ilə bu səbəblə cəmiyyətin inanc sisteminə yerləşmiş xurafatlardan uzaqlaşdırmağa çalışmışdır. Onun Vida Həccində bəşəriyyətin islahı naminə söylədiyi nitqində yer alan maddələr arasında “bütün cahiliyyə adət-ənənələri ayaqlarımın altındadır” sözü İslam Peyğəmbərinin ömrünün sonuna qədər cəhalət və mövhumatla mübarizə apardığının ən bariz nümunələrindəndir. Bu günün özündə də tez-tez rastlaşdığımız hansısa bir əməli, hansısa əlaməti mənfiyə yozmağı və nəhs saymağı o əsla qəbul etmirdi. Buxari və Müslimdə yer alan, Əbu Hüreyrənin rəvayət etdiyi bir hədisində o, belə buyururdu: “Ədva, tiyara, haməti və səfər ayını uğursuz saymaq doğru deyil”. Hədisdə ifadə olunan terminləri qısa izah edərək mövzuya bir az aydınlıq gətirək. Ədva cahiliyyə ərəbləri arasında bir xəstəliyin Allahın iradəsi olmadan da xəstədən sağlam insanlara keçəcəyinə inam idi. Tiyara bəzi quşların uğursuz sayılması idi. Hamət də bayquşun hansı evin damına qonarsa, o evdə ölüm hadisəsi baş verəcəyinə inanmaq idi. Eynilə bu gün bayquş oxuyan evin viran qalacağına inanmaq kimi. Buraya “önümdən qara pişik keçdi, işlərim alınmayacaq” kimi deyimləri, bəzi rəqəmləri uğursuz saymağı də əlavə edə bilərik. Gördüyümüz kimi Hz. Peyğəmbər bu kimi İslamla heç bir əlaqəsi olmayan və cəmiyyətdə qorxu, təlaş yaradan yersiz sözlərə, davranışlara qarşı idi. Bu gün baxdığımız zaman inkişaf etmiş və hətta özlərini ideal sayan böyük ölkələrin otellərində 13 rəqəmli otaqların boş saxlanılması, “qara cümə” adı altında insanlar üzərində qorxu yaradan günlərin olması kimi faktlar həqiqətən də gülünc olmaqla yanaşı acınacaqlı vəziyyətdən xəbər verir. Bu, mənəvi cəhətdən boşluq içərisində olmağın insanları gətirib çıxardığı acınacaqlı bir haldır. Səs-küyə səbəb olan bu kimi halların ən sonuncusunu 2012-ci lin gəlişi ilə yaşadıq. Hələ ilin yeni girməsi ilə insanlar arasında 2012-ci ilin dünyanın sonu olacağı şayiələri yayılmış, dekabr ayına az qalmış bu kimi söz-söhbətlər daha da vüsət tapmışdı. İmanında zəiflik olan insanların 21 dekabr öncəsində qorxu ilə çarələr axtararkən özlərini gülünc vəziyyətə qoyduqlarını bütün dünya seyr etdi. Sanki əcəl gəldikdə qaçıb qurtulmaq mümünmüş kimi... Görəsən, bu kimi dedi-qodularla dünya ictimaiyyətinin gündəmini sapdıran və buna inanan insanlar 2013-cü ilin nəhs “13” rəqəmindən dolayı ortaya hansı uydurma fikirləri atacaqlar?!
Bütün bu kimi neqativ hallar əlbəttə ki, insanın ilahi nizamdan uzaqlaşması, dini savadın kifayət qədər olmaması nəticəsində meydana gəlir. Bu kimi cəhalətdən qurtulmağın yeganə çarəsi isə əlbəttə ki, maariflənməkdir. Çünki elm cəhalət qaranlığını dəf edən güclü bir işıq kimidir.
ŞƏRHLƏR