Mir Məhəmməd Kərim və “Kəşful-Həqaiq” təfsirində xurafat

Mir Məhəmməd Kərim və “Kəşful-Həqaiq” təfsirində xurafat

Mir Məhəmməd Kərim Bakuvi 1853-cü ildə Əmircan kəndində anadan olmuşdur. O, ilk təhsilini mədrəsədə almış, 1871-ci ildə atasının istəyi ilə ali təhsili üçün Bağdada getmişdir. On il burada təhsil aldıqdan sonra Təbrizə baş çəkərək vətənə qayıtmışdır.

Bakıda uzun müddət İçərişəhər Şah məscidində imamlıq, 1904-cü ildən 1918-ci illər arasında isə Bakı Şiə Məclisinə sədrlik etmişdir. Bu dövrlərdə o, 14 il ərzində Bakı, Quba, Cavadlı, Şamaxı, Göyçay və Lənkəran Qazılığını idarə etmiş, eyni zamanda privatak kimi imtahanlarda komissiya üzvlərinə başçılıq etmişdir.

Maddi- mənəvi, fərdi və ictimai işlərdə onun məsləhətinə üz tutanların sayı-hesabı yox idi. Zeynalabidin Tağıyevin “Hidayət Məclisi”nin qurulmasında belə yaxından  iştirak etmişdi. Mir Məhəmməd Kərim təşkilatçılığı və İslamın dövrün ehtiyaclarına olan töhfələrini səsləndirməklə həmişə diqqəti cəlb edən bir mövqedən çıxış etmişdir. Onun yenilikçi ruhu cəmiyyətin bir çox ilklərinə də səbəb olmuşdur.

1905-ci ildə erməni-müsəlman davasında ağ cübbəsini geyərək küçəyə çıxmış, yağan güllələrə baxmayaraq əlində qırmızı bayrağı ilə insanları barışığa çağırmış, qan tökülməsinə qarşı çıxmışdır. Sükunətin bərpasından sonra ermənilər yazırdı ki: “Müsəlmanları öldürmək üçün əvvəlcə qazını öldürmək lazım idi.

 O, həmçinin 1918-ci ilin mayında qurulan iki illik Azərbaycan Demokratik Cümhuriyyətinin ən hərarətli tərəfdarları arasında milli azadlıq və milli birliyin carçısına çevrilmişdi.

Moizə və söhbətlərində elmin inkişaf yolları və savadsızlığın aradan qaldırılması onun əsas meyarı olmuşdu. O, deyirdi: “Dinin və imanın əsası elm və irfandır. Balalarınızı məktəbə göndərin. Milli yüksəlişin yeganə yolu elmdən keçir.

O, yüz il əvvəl yazdığı təfsirində Hücurat surəsinin ikinci ayəsinin izahında insanlara demokratiya dərsi verirdi. Ona görə inanan və inanmayan hər kəs Qurandan bəhrələnir. Quran müşavirəni, əksəriyyətin qərarına hörmətamiz davranmağı və həmfikir olmağı əmr edir. Müsəlmanlar bunu izləməsə də dünyanın bütün qabaqcıl ölkələri bu prinsiplərlə idarə edilir. Əsas demokratiyanın özü İslamdadır və belə möhtəşəm bir qaynaq əldə mövcud ikən bunun ölülərə aid edilməsi qəbul edilə bilməz.

Mir Məhəmməd Kərim eyni zamanda müsləmanların arasına girən təfriqə və bölünmələrə toxunaraq bunun səbəblərini cəhalət və nifaqda görür, müsəlmanların cəhalət və rəzalətə düçar olmalarının əsas səbəbini isə Qurani-Kərimdən uzaq düşmələrinə bağlayırdı. O öz təfsirində belə deyirdi:

 "Niyə də birləşməyək ki, hamımızın Allahı bir, kitabı bir, peyğəmbəri birdir. Bu qədər birliklər içində niyə də ittifaq edilməsin? İslamın ilk günlərində Ləilahəilləllahda birləşmişdilərmi? İndi elə bir dərdə düşmüşük ki, bu dərdin dərmanı yoxdur. Bu dərd cəhalət və nifaq dərdidir. İkisi bir-birinə bağlıdır. Cəhalətin olduğu yerdə nifaq da vardır. Məlumdur ki, hansı cəmiyyət elmin nuru ilə aydınlanmışdırsa, onlar arasında nifaq qalmamışdır. Hamı birləşmişdir. Məlum olur ki, cəhalət və nifaqın düşməni elmdir.” (Kəşful-Həqaiq, II, 508-9)

 Məhəmməd Kərim Bakuvi dinə könüldən bağlı bir peyğəmbər nəvəsi idi. Bu cəhətilə o,  Peyğəmbərimiz (s.ə.s)-ə “dədəcan” deyərək müraciət edir və oxucularını dərin təsir altında qoyaraq dövrün şikayətlərindən bəhs edirdi:

 “Ey Dədəcan! Ey Allahın Rəsulu! Bu cahillərin sözlərindən və əməllərindən ötrü nə qədər bəlalara düçar olmusan. Ta kifövqəlbəşər bir səbirlə bunlara qatlanaraq İslam dinini yaymış və kamalçatdırmışsan. Fəqət hal-hazırda sənin gətirdiyin bu əsaslar yıxılıb təkrar cahiliyyəyə dönülmüşdür. İslamın sadəcə rəsmi qalmışdır.

Allahım, bir vəhdət carçısı göndər!  Ta ki, cəhalətin pis toxumu, müsəlmanların arasından qalxsın, yerini elmin nuru və mərifət alsın. Amin." (Eyni adlı əsər,  II, 230)

Mir Məhəmməd Bakuvi bunun nümunəvi timsalını özü təzahür etdirmiş, metodologiyasında əyani surətdə bunun mümkünlüyünü  göstərmişdir. Hədis sahəsində Buxaridən Kuleyniyə qədər sünni və şiə qaynaqlarına müraciət etmiş, hədislərin qaynağı olaraq səhabələrin cəmini adil qəbul etmişdir. Şiə təfsirləri ilə yanaşı Zəməxşəri, Fəxrəddin Razi, Əbus-Suud, Qazi Beyzavi, İsmail Haqqı Bursəvi kimi müfəssirlərin təfsirlərindən istifadə edərək iki ekolun tarixində ən böyük uzlaşma nümunəsi göstərmişdir. 

Bakuvi dində fanatizmə və batil xürafələrə şiddətlə qarşı çıxmışdır. O, bidət, xürafə və dini yozlaşmalara düşmə səbəbi kimi müsəlmanların Qurandan uzaq qalmalarını, bunun nəticəsində də cəhalətə düşərək heç bir qabaqcıllıq göstərə bilməyəcəklərini öz təfsirində başdan sona qədər ən qabarıq şəkildə vermişdir.

Heyf olsun ki, müsəlmanlar Qurani-Şərifin açıq ayələrindən faydalanmırlar. Belə bir zəmanədə cəhalətdən xilas ola bilmirlər. Bir xəstəlik üz verəndə Allahın əmr etdiyi müalicə vasitələrini tərk edib dua asanlara, tilsim yazanlara müraciət edirlər...

Xəstəliklərdən xilas olmaq üçün onlara dualar öyrədirlər. O yazıq biçarələr haqq olan Quranı tərk edib, bu cürə xurafatı haqq bilirlər... İslam bunu qəbul edə bilməz. Bu cür cəhalətdən azad olmamız lazımdır. ” (Eyni əsər, III/242.)

Məhz buna görədir ki, o, ərəbcə təfsirlərin başa düşülməsinin çətinliyi səbəbilə müsəlmanın öz dilində bir təfsiri oxuyub, Quranın izah və hökmlərinə diqqətlə baxıb görməsini təmin etmək məqsədilə sadə bir təfsir yazaraq Quranın mənasının asan anlaşılmasından ləzzət aldığını qeyd edir, hamını Quran həqiqətləri ətrafında birləşməyə səsləyirdi.

Bəziləri də vardır ki, özündən xurafatlar uydurur və bunun təqlidinin vacib olduğunu deyir. Xəlqi özlərinə cəlb edib firqələrə bölürlər... Uydurma haram və halallarla digərlərinə xəta isnad edib, özünü haqq bilmək İslamdandırmı?

Özünüzü bu vəsayətlərin kəməndindən və torundan xilas etmək üçün bir çarə axtarın. Qurani-Şərifin əhkamının ucalmasını və müxtəlif adları silib müsəlman və ya Quran əhli adı ilə səadət əsrini əldə etmək lazımdır.” (Eyni əsər, III/754)

Bakuvi yazdığı bu əsərlə müsəlman ictimaiyyətinin yaralarını sarımağa, heç olmazsa da bu sahədəki nöqsanların aradan qaldırılması üçün yol göstərməyə çalışırdı. Bu səbəblə əsər 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olundu.  

Təfsirin üç nüsxəsi 1907-ci ildə İstanbula göndərilmiş, Osmanlı padşahı II Abdulhəmidə Axund Yusif Talıbzadə tərəfindən şəxsən təqdim edilmişdir ki, bu haqda yazı sənədi hal-hazırda Başbakanlıq arxivi Osmanlı ilə Azərbaycan Xanlıqları münasibətlərinə dair arxiv sənədləri arasında (II/216-220 No76) saxlanılır. 

İlk dəfə türk dilində nəşr olunan təfsirin şanı və şöhrəti bütün Türkistana yayıldı. Özbəkistan və Rusiyanın müxtəlif yerlərindən təbrik teleqramları gəlməyə başladı.

1920-ci ildə Mir Məhəmməd Kərim Mərdəkandakı evinə çəkilərək elmlə məşğul olmağa başladı. Çünki  Azərbaycanı işğal edən Qzıl Ordu milli-mənəvi dəyərləri qadağan etmiş bunun nəticəsində 1925-ci ildə Allahsızlar cəmiyyəti quraraq dini və dindarları sosialist düşməni kimi qələmə vermişdilər. Bu siyasətin “təmizləmə hərəkatı” nəticəsində Qazı Məhəmməd Kərim də müxtəlif bəhanələrlə dindirilməyə başlandı. Əməliyyat müvəkkili Varoşkeviç  onu 13 fevral 1938-ci ildə Maştağa şöbəsində sorğuya çəkdi. Yalançı şahidlər dinləndi və eyni gün məhkəmə qərarı üzünə oxundu.

Mir Cəfər oğlu Məhəmməd Kərim 1939-cu il martın 15-dən 16-na keçən gecə repressiya qurbanları arasında güllələnərək şəhid edildi. Dini fəaliyyəti və anti-sovet çıxışları ilə rejim əleyhdarı elan edilərək evi talan edilmiş, kitabxanası isə yandırılmışdı. İslam ümmətinə ondan qalan xatirə isə onun çap edilmiş bəzi yazıları oldu. Əsərləri; 1) İran kəndlərinin halı, 2) Təbrizdə gördüklərim, 3) On yeddi Ramazandır. Tərcümə əsərləri isə; 1) Ermənüsə, 2) Özreyi-Qureyş, 3) Kərbəla yanğısı, 4) Fətətu Ğassan, 5) Rəşidin bacısı Abbasə, 6) Əbu Müslüm əl-Xorasani, 7) Səlib müharibəsi, 8) Emin və Məmun qardaşlar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz