İman Təzələmə formulu KƏLMEYİ-TÖVHİD

İman Təzələmə formulu KƏLMEYİ-TÖVHİD

Əbu Hüreyrə (r.a)-dan gələn rəvayətə görə Rəsululah (s.ə.s) bir gün səhabələrinə: “İmanınızı təzələyin!”, -buyurdu. Əshabi-kiram: “Ey Allahın Elçisi, imanımızı necə təzələyək?”, -deyə soruşdular. Rəsulullah (s.ə.s) də: “Lə iləhə illəllah sözünü çox söyləyin!” cavabını verdi. (Əhməd, II, 359; Hakim, IV, 285/7657)

Kəlmeyi-Şəhadət və Kəlmeyi-Tövhid iman çərçivəsinə girmək üçün birinci şərtdir. İman Allaha ortaq qoşmamaq, Onun bir və tək olduğunu ürəkdən təsdiq, dil ilə də ifadə etməkdir. Eyni zamanda iman  Allaha, peyğəmbərlərinə, kitablarına, mələklərinə, qeybə və öldükdən sonra dirilməyə, yəni axirət gününə inanmağı tələb edir. Rəsulullahın “imanınızı Kəlmeyi-Tövhidlə yeniləyin” ifadəsi davamlı olaraq qəlbi oyanıqlığı tələb edir. “Lə iləhə illəllah” sözünü çox təkrar etmək Haqq-Təalanın birliyini və ucalığını zədələyəcək ən kiçik bir təmayüldən uzaq durmağa çalışmaqdır.

İmanın tərifini Hz. Peyğəmbər belə verir: Əbu Hüreyrə (r.a.)dan rəvayət edilən məşhur “Ehsan” hədisi-şərifinin bir yerində Rəsulullahla Cəbrayıl (ə.s)-ın dialoqunda imanın tərifini şəxsən Rəsulullah verir:

Hz. Peyğəmbər (s.ə.s) bir gün camaatın arasında oturmuşdu. Bu zaman yanına bir nəfər gəldi və: “Ey Allahın Elçisi! İman nədir?”, -dedi. “Allaha, mələklərinə, kitablarına, Allaha qovuşmağa, peyğəmbərlərinə inanmağın və öldükdən sonra dirilməyə iman etməkdir”, -buyurdu. (Səhihi-Müslim)

İman dairəsinə girmək nə qədər əhəmiyyətlidirsə, iman dairəsində qalmaq da bir o qədər əhəmiyyətlidir. Möminlərin bir-birlərinə qarşı məsuliyyətləri onları Allaha qarşı bir səhv etməmələri barəsində xəbərdar etmələri ilə başlayır. “Əmri bil-məruf və nəhyi anil-münkər” möminin həyatı boyunca ifa etməsi lazım olan nəbəvi təbliğ üsuludur. Başqa cür desək, möminlərin imanlarını təhlükəyə salacaq hal, davranış və vəziyyətlərdən bir-birlərini qorumaları da eyni zamanda bir təbliğ məsuliyyəti tələb edir.

İslam fərdiyyətçilikdən əvvəl cəmiyyətə önəm verir. İslamın iki ana sütununun olduğunu qəbul etsək, bunların birincisi iman, digəri isə əməldir. Əməl imanın olması ilə məna qazanır.

Hər tərəfin şirk və üsyan atəşi ilə əhatə olunduğu zəmanəmizdə imanı qorumaq başlı-başına böyük bir məsələdir. İman İslam dairəsinə girməyin ilk şərtidir. Möminin bütün səyi imanlı bir həyat sürmək və iman ilə son nəfəsini vermək olmalıdır. Kəlmeyi-Tövhid və Kəlmeyi-Şəhadət insanın bir mənada ölmüş ruhunu dirildən yeganə iksirdir.

Rəsulullah (s.ə.s)-in təbliğ mübarizəsi də imanla başlayır. Çünki O, şirk atəşinə mübtəla olmuş Məkkə toplumunun tapındıqları bütlərini tərk edib, bir və tək olan Allaha inanmağa çağırır və bütün mübarizəsini tövhid mərkəzinə yönəldirdi. İman mühafizəsi dini mövzularda şübhəsiz bir təslimiyyət, əməlləri düzgün və doğru istiqamətli bir möminin ortaya çıxmasına vəsilə olmaqdadır.

Məşhur bir hekayəyə görə:

Bir nəfər dəniz kənarında sahilə vurmuş dəniz ulduzlarını bir-bir tutub dənizə atırmış. Bu zaman bir nəfər yaxınlaşaraq nə etdiyini soruşur. “Dəniz ulduzlarını xilas edirəm”, -deyə cavab verir. Digəri “amma onlar o qədər çoxdur ki, nə fərq edər” deyə sözünə davam edir. Adam qumların üstündən bir dəniz ulduzu da götürüb dənizə atır və əlavə edir: “bax, onun üçün çox şey fərq etdi”.

Hər birimizin ətrafında sahilə vurmuş dəniz ulduzları var. Hər gün onlarla, yüzlərlə insanın küfr bataqlığına düşməsinə səssiz qalmaq dərd sahibi olan bir möminin qəbul edəcəyi hal deyil. Hətta bəzən özümüz də bir dəniz ulduzu kimi sahilə atıla bilərik. O zaman yapışacağımız möhkəm bir qulp və bizi təkrar möhtac olduğumuz abi-həyata çevirəcək mərhəmət əli olmalıdır. Biz özümüzü nə qədər təhlükəsiz yerə çıxarsaq, başqalarının dərdinə o qədər dərman ola bilərik.

Yəni müsəlman iman qurtarma adına özünü dəniz kənarına vurmuş dəniz ulduzlarını təkrar həyat tapacaqları suya qovuşdurma vəzifəsində görməlidir. Çağımızın beyinləri sulandıran, insanları boş xəyallar arxasınca qovan düşüncə axınlarının qarşısında Rəsulullahın şəfqət nəfəsini çatdırma məsələsində vəzifəli olduğunu unutmamalıdır. 

Hər mövzuda olduğu kimi bu mövzuda da ən gözəl misal Rəsulullahın təbliğ mübarizəsi və imana dəvət etmə əzmidir. Başdan-ayağa bir şirk toplumu olan cəmiyyətdə bir nəfər olaraq vəzifəsinə başlayan Peyğəmbər (s.ə.s) nəticədə bütün qəbilələrin, Ərəbistan Yarımadasının və hətta dünyanın dəyişməsinə və imanın ləzzətinə qovuşmasına vəsilə olmuşdur.

Hər birimiz özümüzə bu sualı verək: Rəbbimizin bizə verdiyi bu ömrümüzdə neçə insanın hidayətinə vəsilə ola bilmişik?

Neçə insanın iman dairəsində qalması üçün səy göstərmişik. Təbliğ vəzifəsi ilə məsul olan bizlər bunu bir həyat tərzi halına gətirmək və həyatımızın məqsədini bu istiqamət üzrə təyin etmək məcburiyyətindəyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz