UTANIRAM

UTANIRAM

      Axşam saatları idi. Yenə həmişəki kimi əmilərim və xatırlaya bilmədiyim ailə dostlarımızdan bir-iki nəfər evimizdə nənəmin samovar çayının ətrafında toplaşmışdılar.  Bir yandan ətirli samovar çaylarını udumlarkən bir yandan da rayondakı hadisələrdən danışırdılar.

 O vaxt mənim 10 yaşım var idi. Tarix 1988-ci il idi. Söhbət hər zaman evimizdə çörəyimizi yeyən, çayımızı içən, amma sən demə, içlərində bizlərə düşmənçilik bəsləyən erməni quldurlarından gedirdi. Ağdamdan Şuşaya gedən avtobusları həmin mənfurlar yolda daş-qalaq ediblərmiş. Hətta Xankəndində Qarabağın onlara aid olduğunu iddia edən nümayişlər də edirlərmiş.  Atamgil bu işin sonunun müharibə ilə nəticələnəcəyini deyəndə uşaqlıq xəyallarım bir anda yox oldu. “Müharibə” sözü sanki çiyinlərimdə tonlarla  ağırlıq hissetdirdi.  Yaxşı xatırlayıram; həmin günün sabahı heç oynamadım, heç gülmədim, elə hey bu haqda fikirləşdim. “Muharibə” sözü məni çox qorxutmuşdu. Bu hadisədən sonra tam 5 il daş-qalaqdan avtomat güllələrinə, avtomatlardan top və qradlara, hətta Xocalı faciəsinə qədər hər gün bir əvvəlki gündən daha betər günlər yaşadıq. Amma biz bütün bunlara baxmayaraq, Ağdam işğal olunan günə qədər ailəmizlə birlikdə doğma torpağımızı, ev-eşiyimizi tərk etmədik. Daha doğrusu, Ağdamın işqal oluna biləcəyini heç ağlımıza belə gətirmirdik. Hətta atam evimizin təmirini belə son günə qədər saxlamadı. Və nəhayət, 1993-cü ilin 23 iyulu dünyamızın qaraldığı gün oldu. Gözəl Ağdamımız əlləri uşaq, qadın, qoca qanına batmış nankorların kirli ayaqları altında qaldı.

    O gündən indiyə qədər dəfələrlə sərhədə qədər gedib kəndimizə, oradakı görünə bilən  ağaclara baxır, uzaqdan da olsa havasını udur və  dərindən bir ah çəkirəm. İstər-istəməz başım xəcalətlə aşağı əyilir. Çünki bir erməni “dığa”sının məni doğma kəndimə həsrət qoyması ruhumu alçaldır. Ona görə alçaldır ki, həmin erməni “dığa”ları vaxtiylə bizim çörəyimizlə yaşayırdılar. Bizim əlimizə baxırdılar. Bu gün həmin nankorların torpağımı alması, evimi dağıdıb qohum-qonşunu bir birindən didərgin salması məni həddindən artıq utandırır. Fikirləşirəm, axı erməni bizə necə qalib gəldi? Bu məğlubiyyətdən qurtulmaq üçün nə etməliyik? Bu utancaqlıqdan qurtulmanın yolu nədir? Bir yandan bunları fikirləşəndə, bir yandan da hələ də bu vəziyyəti özümə ar bildiyimə görə Allaha şükür edirəm. Şükür edirəm ona görə ki, bu məğlubiyyətə layiq olmadığımızı dərk edirəm. Şükür edirəm ona görə ki, insana aid olan torpaq sevgisi, utanç duyğusu hələ də məndə var. Bu vəziyyətdən  utanc duymağım isə Ağdam, ümumiyyətlə Qarabağın hələ də yaddaşımda təzə olduğunu və oraları unutmadığımı göstərir. Bu təzəlik isə mənə biz nə vaxtsa doğma yurdumuzu yağı tapdağı altından xilas edəcəyimiz ümidini verir.  Və hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı da ən az mənim keçirtdiyim hissi keçirdir. Keçirmirsə əgər onda o adama “azərbaycanlıyam” sözü haram olmalıdır. Burada Allah dostlarından birinin sözünü demək tam yerində olar: “Din vətəndə yaşanar, bayraq vətəndə dalğalanar və namus vətəndə qorunar”.  

Allah bu utancla yaşamağı bizə çox görməsin və tezliklə vətənin alınmış ərazilərində bayrağımızı dalğalandırmağı nəsib etsin. Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz