Müasir Xürafələr
Həyatın iki üzü var -biri dünya üzü, o biri axirət üzü. Axirətlə əlaqəni kəsmək, insanın həqiqətlə əlaqəsini kəsməsidir. Hər şeyin bir ruhu var. Yaradılanlar içində ruhsuz heç bir şey yoxdur. Həmçinin dünyanın da... Dünyanın canlanması üçün, bərbat hala gəlməməsi üçün ruhu vardır.
Dünyanın ruhu nədir? Dünyanın ruhu axirətdir. Axirəti dünyadan ayırdığımızda geriyə ruhsuz bir cəsəd qalır.
İnsanlar necə ölürsə, “hər canlı ölümü dacaqdır” ilahi bəyanına görə dünyanın da bir sonu olacaq, yəni dünya da ölümü dadacaq. Qiyamət haqdır! Biz buna iman etmişik. İman güvənmək deməkdir. Biz görmədən inanırıq. Nə üçün görmədən inanırıq? Çünki biz Allahın doğru söylədiyinə iman etmişik.
Əslində qiyamət Qurani-Kərimdə “böyük xəbər ” olaraq bildirilmiş və bir növ hər zaman üçün gündəmdə qalması vacib bir baş xəbər olmuşdur. Ancaq bu da bir həqiqətdir ki, hər nəfəs alıb verdiyimizdə qiyamətə bir addım da yaxınlaşırıq. “Qiyamət nə zaman qopacaq”, -deyə Peyğəmbərimizdən soruşulduqda, “Qiyamət üçün nə hazırladın?”, -cavabını vermişdir. Digər bir hədisində də “İnsan öldüyü zaman qiyaməti qopar”, -buyurmuşdur. Çox qəribədir ki, heç kim özü üçün qaçınılmaz olan qiyamətini düşünmür.
Qiyamət nə zaman qopacaq bilmirik. Allah-Təala belə buyurur: “(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” Qiyamətin vaxtı Rəbbinə aiddir. Qiyamətin sahibi olan Allah onun vaxtını bildirməmişdir. Bu, Allahın insan övladına bir lütfüdür. Qiyamət vaxtının bildirilməməsinin səbəbi Maya təqviminə görə guya 21 dekabr 2012-ci ilin “qiyamət günü” olduğu iddialarına inanaraq təlaşa düşənlərin timsalında daha yaxşı anlaşıldı, inanıram ki. Çünki endirilən dinə deyil, uydurulan dinə görə hərəkət etdikdə insanın necə gülünc vəziyyətə düşdüyünün şahidi olduq. İnsan Allahın ona verdiyi xüsusiyyətləri işlətmədiyi zaman zəifləyər, bəziləri də bu zəifləmədən istifadə edərək ona zülm edər. Özünü bilmədən başqalarını bilmək, fərqində olmadan onların bəzi adətlərini yaşamağa səbəb olur. Axirətə imanda zəif olanlar şeytanın mesajına inanırlar. İnancsız insanlar İlahi buyuruqlardan başqa nə tapsalar, ona sarılırlar təəssüf ki.
Bu gün insanlar qaranlıqları çoxdan arxada qoyub aydınlandıqlarını düşünürlər. Nə də olsa, XXI əsrdə yaşayırıq! Elmi tərəqqi əsrində! Hətta elm əhli insanlara Türkiyə türkcəsində aydın, bizim Azəri türkcəmizdə ziyalı deyilir. Çox gözəl! Bəs onda 21 dekabrda qiyamətin qopacağına inananlar... Onların arasında aydın, ziyalı insanlar yox idi? Yaxşı, harda qaldı bəs ziya, aydın kəlməsinin ardına sığınanlar? Deməli, müəyyən elmi bilikləri əldə etmək hələ aydınlanmaq deyil, ziya sahibi olmaq deyil. Həqiqi aydınlanma, ziya sahibi olmaq Quranı dərk etməkdir. Çünki insanı yaradan Allah Qurani-Kərimi insanların aydınlanması üçün göndərdiyini bəyan edir:
“Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.” (İbrahim, 1)
“Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə (Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!” (Hədid, 9)
İman işıqdır, inkar isə qaranlıqdır. Vəhyi yalanlamaq ən böyük nankorluqdur. Çünki vəhy insanın önünə Allahın sərdiyi sonsuz nemətlərlə dolu bir süfrədir.
İnsan yaradılış məqsədinə uyğun bir həyatı inşa etmək istəyirsə, dünyada necə bir ömür yaşadığından əbədi həyatda hesab verəcəyini unutmamalıdır.
Unutmamalıyıq ki, bütün yolların sonu Allaha çıxır. İnsan istəsə də, istəməsə də Rəbbinə doğru yol alır. Nə etsə, hidayət üzrə olsa da, batillə məşğul olsa da nəhayət Allahın hüzuruna çıxacaq insan.
ŞƏRHLƏR