Qiyamət Xəbərdarlığı / Hazırlayan: Ömər Məmmədov
QİYAMƏT XƏBƏRDARLIĞI - Sezai Karakoç
Quran qiyaməti tez-tez xatırladır. Belə ki, səhabə qiyamətin bu gün-sabah qopmasından təşvişə düşmüş, həyacanlanmışdır.
Məhz İslamdakı qiyamət düşüncəsinin digər dinlərdəki qiyamət inancından fərqi burada ortaya çıxır. Digər dinlərdə qiyamət kainatın sonuna aid məlumat və xəbər olmaqdan başqa bir şey deyil. İslamda isə qiyamət inancı və hissi həyatın içinə girər və bir növ “qiyamət şüuru” halına gəlir. Bu şüurda olan müsəlman hər saat Yaradıcının qarşısına çıxacaqmış kimi bir hazırlıq içindədir. Yəni, qiyamət elə həyatla iç-içədir ki, həyatı formalaşdırır və müsəlmanı hər anını şüurla izləyən, öz-özünün gözətçisi halına gətirir.
Qiyamət müsəlmanın içində, onun hər davranışını qeyd edən bir növ ikinci mələk kimidir, onunla birlikdədir, ondan qopmaz və ayrılmaz. Digər dinlərdə bədbinliyə və hərəkətsizliyə və ya dünyaya sitayişə sövq etdiyi halda, İslamda həyatı canlı tutan bir daxili naxışdır. Ölümdən əvvəl gələ biləcək külli bir ölüm kimi müsəlman şüurunun metafizik özəyi bu dünyada o biri dünyanın bir mayasıdır.
Qiyamət inancın yarısı olan səbir ağacına su verir.
Quran qiyamət hadisəsini “saat” kəlməsi ilə nəql edir. Sonra həmin saat kəlməsi vaxtın ölçüsü, ölçü vahidi olmuşdur. Sanki hər an gələ biləcək olan qiyamət vaxtın ta özü olmuşdur və müsəlman içində olduğu axışı onunla təyin edəcəkdir.
Cibimizdə və ya qolumuzdakı saat namazın vaxtını göstərdiyi kimi sanki əvvəlcədən bilməmiz mümkün olmayan bir əqrəb halında “qiyamət”i də göstərəcəkdir. Hörümçəklərin hördükləri bu qədər tordan, ağacların verəcəkləri bu qədər meyvədən, suların bu qədər axışından, dənizlərin bu qədər qabarmasından, günəş, ay və ulduzların bu qədər doğuş və batışından, bu qədər şəhid ölümündən sonra bir gün, bir saatda ciblərimizdəki saat “qiyamət!” deyib dayanacaqdır. Sanki cibimizdəki saat qiyamətin qəlbi kimi hər an atır, eşidib qulaq verən necə də xoşbəxtdir!
Qiyamətin yaxınlığı və ya uzaqlığı ümid və ümidsizlik gətirən b ir şey deyil əslində. Əsli pozulmuş, təməlləri laxlamış dinlər qiyamət xəbərləri ilə insanları bir xərçəng xəstəsinin ruh halına salırlar. Bununla da ya dünyadan tam qoparır, ya da dünyaya çılğınlıqla bağlanırlar. İslamda isə qiyamət istər uzaq olsun, istər yaxın bir saat sonra olacaqmış kimi o biri dünya hesabına hazır olma şüurunun ilk mənbəsi və gözlə görülmə halıdır.
Sapsağlam ikən qəlb çatışmamazlığından ölənlər var. Qiyamət bir növ kainatın qəlbinin dayanmasıdır.
Xəstəliklər ölümün səbəbi deyil, nişanələridir. Xəstəliklər gəldi deyə ölüm gəlməz, bəzən ölüm gələcək deyə xəstəliklər xəbərçi olaraq gəlir. Nəticədə ölüm yoxdursa, hətta xəstəlik yeni bir səhhətə başlanğıc sayıla bilir.
Bir eşqdən doğmuş bir varlığın yenə bir eşqə dönüşü, bir qurban kimi geri çevrilişi deməkdirsə qiyamət, səfərin mütləq ölüm şərtlərində olmasına ehtiyac yoxdur. Xəstə heyvaan qurban edilməz.
Müsəlman Yaradana təslim olmuş şəxsdir. Hər an Onun qiyamətinə də özünü təslim etməyə hazır şəxs...
Müsəlman bədənində qiyamət gəzdirən, o biri tərəfin sarsıntısını duymamış şəxslərə bir qiyamət aşılayan və onları ən şiddətli bir qiyamətlə sarsan bir qiyamət adamıdır.
ŞƏRHLƏR