Yazar Veysel Akkaya ilə Reportaj

Yazar Veysel Akkaya ilə Reportaj

Yard. Doç. Dr. Veysel Akkaya: Amerikada ən çox onu oxuyurlar.

Veysel Akkaya kimdir?

Veysel Akkaya Türkiyə cümhuriyyətinin Mərmərə Universiteti İlahiyyat Fakültəsi məzunudur. Təsəvvüf sahəsində “İsmayıl Haqqı Bursəvinin Töhfeyi-Ataiyyə adlı əsəri” ilə magistraturasını, 2009-cu ildə Mərmərə Universitetində “Muhyiddin İbn Ərəbidə İdris Peyğəmbər” adlı elmi işini tamamlayaraq doktorluq ünvanı almışdır. Hal hazırda KTÜ İlahiyat fakültəsində dərs deyir. Bir çox əsərin müəəllifidir. Bir neçə kitabı azərbaycan, rus, tayland və gürcü dillərinə tərcümə edilmişdir.

İrfan: Bakıda “Hz. Mövlanada İnsan” adlı konfrans verdiniz. İrfan oxucularına bu mövzunu necə xülasə edərdiniz? Yəni qısaca olaraq Mövlanada insan anlayışı...

Veysel Akkaya: Məlum olduğu kimi təsəvvüfi düşüncəyə görə varlıqlar arasında ən son yaradılan insandır. Yaradılış sırasına görə sonra yaradılan hər varlı özündən əvvəlkinin xüsusiyyətlərini ehtiva edir. Bu nöqteyi-nəzərdən baxdıqda insan özündən əvvəl yaradılan bütün varlıqların xülasəsidir. Başqa cür desək, insan kainat ağacının çəyirdəyi nisbətindədir. Mövzuya bir də Allahın adları prizmasından baxdıqda görərik ki, digər varlıqlar Allahın bir və ya bir neçə isminin təzahürü olduğu halda insanda bütün isimlər zühur etmişdir. “Allah Adəmə isimlərini öyrətdi” (əl-Bəqərə, 31) ayəsini mütəsəvviflər belə izah edirlər. Məhz buna görə insan məxluqatın əşrəfi və Allahın xəlifəsi oldu. Təbii, burada qəsd etdiyimiz kamil insandır. Xronoloji ardıcıllıqla baxsaq, onların başında Hz. Adəm gəlir. Mövlana Məsnəvisində Allah “padşahlığına ayna olması üçün bir könül sahibini özünə xəlifə seçdi” deyərək[1] bu həqiqətə işarə edir. Mövlana əsərində insanın Quranda bildirilən üstün vəsfləri və zəiflikləri özündə topladığını olduğu kimi işləyir. Yeri gəldikdə gözəl qabiliyyətlərini təriflədiyi kimi, Quranın xəbər verdiyi tələskənliyini, nankorluğunu, xəsisliyini də xatırladaraq nəsihət edir. Məsələn, “Ey tez canlı, tələskən, xam insan, hətta bir dama belə pillə-pillə nərdivanla çıxılır. Qazanı belə odun üstündə yavaş-yavaş, ustalıqla qaynatmaq lazımdır. Dəlicəsinə qaynayan qazanın bişirdiyi yeməkdən xeyir gəlməz”.[2]

Mövlana “Fihi mə fih” adlı əsərində insanın maddi və mənəvi cəhətini ata və belindəki adam bənzədir. Onun cismani tərəfini təmsil edən at axıra layiqdir və bu dünya axır kimidir. Ruhi tərəfini təmsil edən belindəki adam isə ülvi aləmlərə, cənnətlərə layiqdir. Ruhunu bədəninin əmrinə verən, onu dünya axırına həbs edən kəsdir. Yenə at ilə belindəkinin qidasından söz açan Mövlana “Atın qidası ilə onu minənin qidası bir olmaz” deyərək hər ikisinə kifayət qədər qida verilməsinə diqqət çəkir. Bədən zəiflədikdə ibadətlər axsayacağı kimi, ruhun zəifləməsi ilə də insan şəhvani arzuların əsirinə çevrilər.

Mövlanaya görə insanın daxili aləmi meşə kimidir. Yaxşı və pis olan hər şeyin olduğu bu meşədə minlərlə heyvan, yəni xasiyyətlər var. Bu yanaşma tərzinin Şəms surəsindəki “Allah nəfsə günahı və təqvanı ilham etdi” ayəsindən irəli gəldiyi düşünülür. Mövlana 1420-ci beytində “An gələr, insanda qurdluq zühur edər. Bir an gələr, insan ay kimi Yusuf kimi gözəl olar!”,- deyir. Sözün qısası, Mövlana insanın özünü nəfsə və dünyaya ucuz satmamasını, ülvi cəhətini kəşf etməsini, daxili dünyasına Allahın yerləşdirdiyi cövhəri taparaq mənəvi zənginliyə qovuşmasını istəyir. Bir rübaisində belə deyir:

Sənin canında bir can vardır, sən o canı ara.

Tən dağında çox qiymətli bir inci var,

sən o incinin mədənini ara.

Ey Haqq yolunda yürüyüb gedən sufi!

Əğər aramayı bilirsənsə, Onu sən özündə ara,

kənarda arama.

İrfan: Ümumiyyətlə İslam mütəfəkkir və yazarlarının əsərlərində insnan məfhumunun önə çıxdığını görürük. Bu nədən qaynaqlanır?

Veysel Akkaya: Çox gözəl  bir söz var: “Nəfsini tanıyab Rəbbini tanıyar”. Allahın mərifəti (tanınması) insanın mərifətindən keçir. Çünki insan Mövlananın dediyi kimi Haqqın aynasıdır. “Mömin Möminin aynasıdır...”[3] hədisini Mövlana eyni zamanda şaquli olaraq izah edir. Üfiqi cəhətdən izah etdikdə bu hədisin mənası möminin digər mömin qardaşına güzgü olmasıdır. Şaquli cəhətdən izahında isə söhbət “əl-Mumin” olan Allaha güzgü olmaqdan gedir. Buna görə insan Haqqın aynası ola bilmiş kamil insanlara baxaraq yaradılış qayəsi olan mərifəti əldə edə və Haqqı tanıya bilər. Bu xüsusda Əziz Mahmud Hüdayi necə də gözəl deyir:

Ayinədir bu aləm, hər şey Haqq ilə qaim

Miratı[4]-Muhamməddən Allah görünür daim.

İrfan: Bu gün yetişən gəncliyimizin əsrlərə damğasını vurmuş yazarlarımıza diqqəti hansı səviyyədədir?

Gənclərimiz uzun illər mənəvi böyüklərimizi kifayət qədər tanıma fürsətindən məhrum olublar. Onların əsərlərini oxumağa təşviq edilmədikləri üçün başqa dünyaların klassiklərinə yönəliblər. Lakin son dövrlərdə Mövlana kimi böyüklərə bütün dünyada rəğbətin artdığını müşahidə edirik. Məsələn, Amerikada ruh zənginliyi axtarışında olan gənclərin Mövlanaya can atdığı məlumdur. Harper Collins Nəşriyyatı tərəfindən çap olunan Mövlananın əsərləri best-seller siyahısına girdi. Amerikalı Mövlana heyranları North Carolinaəyalətində hər il “Rumi Fest” təşkil edirlər. “Broadway Sufi Bookstore”da Mövlana ilə bağlı 2000-ə yaxın kitab olduğu deyilir.[5]

 

İrfan: İnsanımızın milli-mənəvi baxımdan sağlam qidalanması üçün nələr edilməlidir? Bir yazar olaraq bu mövzunu necə dəyərləndirirsiniz?

Veysel Akkaya: Mənəvi tərəfimizi inkişaf etdirmək üçün başda Mövlana olmaqla ariflərin kitablarını oxumaq lazımdır. Onların yazıları könüldən əks etdiyi üçün sevgi və həyatla doludur. Orta Asiyanın böyük ariflərindən Hacə Yusuf Həmədani ariflərlər görüşə bilməyənlərə heç olmazsa onların yazılarından hər gün müəyyən qədər oxumağı tövsiyə edir. Beləliklə Haqq yolçuluğunda yolumuzu işıqlandıracaq ariflərlə qəlbi əlaqə qurulmuş olar.

Hətta təlim-tərbiyə sahəsində ariflərin kitablarından xeyli iqtibaslar edilməli olduğunu düşünürəm. Sözün qiyməti o sözü söyleyənlə ölçülür. Bu mənada ilk sırada Quran və Hədir gəlir. Sonra Allah dostlarının sözlərini ehtiva edən kitablar stolüstü kitabımız olmalıdır.

[1] Mövlana, Məsnəvi, tərc. Şefik Can, 2109-cu beyt. Həmçinin 2120-2123 və 3070-cu beytlər

[2] E.a.ə., 1211-1212-ci beytlər

[3] Əbu Davud, Ədəb, 49

[4] Güzgü

[5] bax. http://arama.hurriyet.com.tr/arsivnews.aspx?id=18777

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz