HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əbul-Həsən Haraqani (q.s) -3-

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əbul-Həsən Haraqani (q.s) -3-

Əbul-Həsən Haraqani həzrətləri buyurur:

“Dünyada hər zaman və məkanda Allahın zikri ilə dolu olan könüldən daha qiymətli heç nə yoxdur”.[1]

[Göylərdə və yerdə olan bütün varlıqlar öz dillərində Allahı zikr edərlər. Allah-Təala bu həqiqəti ayeyi-kərimədə belə bəyan edir:

“Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!..” (əl-İsra, 44)

Buna görə də bülbüllərin kiçicik ürəklərindən gələn fəryad nəğmələri, qumrulardan yüksələn “hu-hu”lar, leyləklərin “lək-lək”ləri arif bəndələrin nəzərində duyğu və hissiyatla dolu bir zikr tərənnümüdür. Nəbəvi tərbiyə ilə yetişən seçkin səhabələrdən Abdullah bin Məsud t-ın “Biz o hala gəlmişdik ki, boğazımızdan keçən loğmaların zikrini eşidirdik”[2] sözləri buna misal göstərilə bilər.  Həmçinin Haqq dostlarından olan Hüdayi həzrətləri qoparmaq üçün əl uzatdığı bütün çiçəklərin öz dillərində Allajı zikr etdiklərini eşitmiş və heç birini qoparmağa qıymamış, nəticədə ustadına sapı qırıldığı üçün zikri sona çatmış bir çiçəyi təqdim edə bilmişdi.

Yəni kainatdakı ilahi nizamın gərəyi olaraq insan və cinlər xaric digər canlıların zikri bitənin ömrü də bitər. Bu da o deməkdir ki, Allah-Təalanın yaratdığı bütün canlılar üçün əsil həyat zikrin feyz və bərəkətiylə keçən həyatdır. Bu səbəbdən Allahı unudan bir qəlb zahirən yaşasa da, əslində ölü sayılır. Zikrin qəlblər üzərindəki bu həyati əhəmiyyətinə dair Həzrət Sami Əfəndi də belə buyurmuşdur:

Həqiqətdə həyat sahibi yalnız qəlbi diri olan kəsdir. Çünki qəlb Beytullahdır (nəzərgahi-ilahidir).Əgər orada Allah eşqi və zikri yoxdursa, o qəlb ölüdür…”[3]

Qafil və qatılaşmış bir qəlbin ən təsirli əlacı “zikrullah”dır. Necə ki, ayeyi-kərimədə buyurulur:

“... Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (ər-Rad, 28).

Digər tərəfdən qeyd etmək lazımdır ki, sırf dil ilə zikr etmək asandır. Lakin Rəbbimizin biz qullarından əsas istədiyi zikrin feyzi ilə dolaraq daim Allahla birliyin şüur və idrakı içində olan, rəqiq, həssas və arif bir qəlbdir.

Əsəd Ərbili həzrətləri belə bir zikr halında olmağı, hətta zikri yalnız dil və qəlbə deyil, bədənin bütün zərrələrinə yaya bilməyi mənəvi övladlarına belə tövsiyə edirdi:

“Necə ki, bir insan qüsl almalı olduqda bədəninin hər yerini, hətta hər nöqtəsini yumalıdır, könül aləmini saflaşdırmaq istəyənlərin də eynilə bu cür –bütün lətaifləri ilə, hətta bədəninin hər zərrəsi ilə zikr etməsi zəruridir.”[4]

“Allah-Təala qəlb gözünüzü nurlandırsın! Bir gül ləçəyinin hər zərrəsində gül suyu olduğu kimi sizin qiymətli vücudunuzun hər zərrəsini də məhəbbət və daimi zikrin xoş ətri ilə gözəlləşdirsin!”[5].

Allah-Təala ayeyi-kərimələrdə:

“…Harada olsanız O sizinlə birlikdədir…” (əl-Hədid, 4)

“…Biz ona (insana) şah damarından daha yaxınıq”. (Qaf, 16)

“…Yaxşı bilin ki, Allah insan ilə qəlbi arasına girər…” (əl-Ənfal, 24) buyuraraq hər an biz bəndələri ilə birlikdə olduğunu bəyan edir.

Ona görə də bu həqiqəti idrak etmiş bir möminin heç vaxt Allahdan qafil qalması düşünülə bilməz.

Bu barədə Şeyx Şibli həzrətlərinin hekayəsi necə də hikmətlidir:

Bir vaiz kürsüdə axirət aləmi ilə bağlı söhbət edirdi. Şeyx Şibli Həzrətləri də camaatın arasında idi. Vaiz Allahın axirətdə soruşacağı suallardan bəhs edərək:

“- Elmini harada istifadə etdin,- soruşulacaq! Malını-mülkünü haradan qazanıb hara xərclədin,- soruşulacaq! Ömürünü necə keçirdin,- soruşulacaq! İbadətlərin nə vəziyyətdədir,- soruşulacaq! Harama-halala diqqət etdinmi,- soruşulacaq!..”

Ardınca “Bunlar, bunlar da soruşulacaq!..” deyə, hər biri son dərəcə mühüm olan bir çox xüsus saydı. Lakin bu qədər təfsilatlı izaha baxmayaraq məsələnin əsasına diqqət çəkilmədiyi üçün Şibli həzrətləri mülayim bir üslubla vaizə səsləndi:

“- Ey vaiz! Sualların ən mühümlərindən birini yaddan çıxardın! Allah-Təala qısaca olaraq bunu soruşacaq:

“Ey qulum! Mən səninləydim, sənə şah damarından daha yaxın idim; bəs sən kiminlə idin?!”.

Məqbul bir qulluq üçün mühüm olan xüsus da məhz Allah-Təala ilə qəlbi birliyi təmin edə bilməkdir. Çünki sevən sevdiyini unutmaz, onu çox zikr edər. Bəşəri və nəfsani həyatda belə insan nəyi çox sevirsə, məsələn övladını, malını, ticarətini və s. ən çox ondan bəhs edər. Bu ölçü bir möminin Allah məhəbbəti xüsusunda özünü düzəldəcəyi bir ibrət aynası kimidir. Özümüzdən soruşmalıyıq: Fani dünyanın müvəqqəti oyuncaqlarına olan qəlbi bağlılığımız hansı nisbətdədir, bunun müqabilində bizi yoxdan var edən, varlıqların ən şərəflisi olan insanlardan qılan və saysız nemətləriylə ruziləndirən Haqq-Təalaya qarşı məhəbbət və rəğbətimiz hansı nisbətdədir?!

Bu məsələ ilə bağlı təfsirçi İsmayıl Haqqı Bursəvinin bu ifadələri necə də mənalıdır:

“Bir sümük parçası olan qulağa eşitdirən, yağdan ibarət olan yuvarlaq gözə gördürən, bir ət parçası olan dili danışdıran, bitkiləri meyvə və toxumları ilə, heyvanları ətləri və yağlarıyla, yer üzünü ağacları və çaylarıyla, səmanı ulduzlarıyla və onların işıqlarıyla təchiz edən, gecəni insanların istirahət etməsinə təsis edən, gündüzləri saysız nemətlərindən istədiyi qədərini lütf edən Allahın şanı nə ucadır!

Sən Ona layiqincə qulluq edə bilmədiyin halda O sanki səndən başqa bir qulu yoxmuş kimi tərbiyə edib bəsləməkdədir. Sən isə qulluqda sanki Ondan başqa bir sığınacaq və dayağın varmış kimi hərəkət edirsən. (Bu necə də dəhşətli qəflətdir!)”[6]

Haqq-Təalanın məhəbbətiylə dolu olan bir könül Allahın sevmədiklərinə əsla meyil edə bilməz. Allahla birliyin könül feyzi qarşısında Allahdan uzaqlaşdıran hər şey gözdən və könüldən düşər. Günəşdən aldığı şüaları bir nöqtədə cəmləşdirən zərrəbin altındakı çör-çöpün yanıb kül olduğu kimi Allahın zikrinə layiqincə cəmləşmiş bir könül də insanı Rəbbindən uzaqlaşdıran bütün günah və fücurdan, masivadan və gərəksiz hər şeydən özünü qoruyar. Bu isə asanlıqla əldə edilən bir nəticə deyil. Çünki bu, Allah-Təalanın zahiri və batini bütün əmrlərinə riayət edib, həmçinin zahiri və batini bütün qadağalarından həssaslıqla çəkinərək idrak edilə bilən ali bir qulluq səviyyəsidir. Allahın razı qalacağı bütün hal və davranışlar da məhz bu səviyyəyə çatmış olan bir qulun ən təbii xüsusiyyəti halına gələr.

Beləliklə könül hansı nisbətdə Rəbbiylə bərabərdirsə, qul da o nisbətdə istiqamət üzrə sayılır. Bunun əksinə, Rəbbini unutduğu nisbətdə də haqq və həqiqət yolundan çıxmışdır. Bu səbəbdən işin əsası zikrullah və məhəbbətullah ilə yüksək qəlbi səviyyəyə çatmaqdır. Necə ki, bir hədisi-şərifdə buyurulduğu kimi:

“Davud Peyğəmbər belə dua edərdi: “Allahım, Səndən Səni sevməyi, Səni sevən kəsi sevməyi, Sənin sevginə çatdıran əməli istəyirəm. Allahım, Sənin sevgini mənə özümdən, ailəmdən və soyuq sudan (yəni dünyanın ən cazibədar ləzzətlərindən) daha sevimli et”. (Tirmizi, Deavat, 72)

Sevgisini qullarının qəlbinə lütf edəcək olan Allah-Təaladır. Allah-Təala sevdiklərinin qəlbinə öz eşqini və məhəbbətini bəxş edər. Bu baxımdan daim həmd, şükür və zikrlə, saleh əməllərlə, eyni zamanda Allahın sevdiklərinə yaxın olmağa çalışmaq surətiylə Onun sevəcəyi səviyyəyə çatmağa cəhd göstərməli və bunun üçün dua halında olmalıyıq. Belə bir niyyət, cəhd və həvəsdən uzaq, qəflətlə keçirilən bütün anlar ömür təqviminin zibilə atılmış qızıl yarpaqlarıdır. Allahı unudaraq keçirilən bütün zamanlar axirətin yandırıcı peşmanlıq atəşləridir…]

Əbul-Həsən Haraqani həzrətləri buyurur:

“Haqq dostları daim böyük hüzn içindədirlər. Bunun səbəbi Allahı şəninə layiqincə zikr etmək istədikləri halda bunu edə bilməmələridir”.[7]

[Xəyala sığmaz mükəmməllikdə olan Allahı şəninı layiq şəkildə idrak edə bilmək, həmçinin Ona layiq olduğu kimi mükəmməl bir qulluq edə bilmək bəşər taqətinin fövqündədir. Bu səbəblə mömin Haqqa ibadət və mərifət yolunda əlindən gələni əsirgəməməklə yanaşı, əməllərini daim nöqsan və qüsurlu görməlidir. Haqq-Təaladan qüsur və nöqsanlarının əfvini, ibadətlərinin ilahi lütf və kərəm ilə qəbulunu niyaz etməlidir. Çünki Haqqa qulluq ədəbi bunu tələb edir. Necə ki, Allah-Təala bəşəriyyətdə təcəlli edən və sənət möcüzəsi olaraq yaratdığı, bənzərsiz bir nümunə şəxsiyyət olaraq insanlığa hədiyyə etdiyi Rəsuli-Əkrəm r belə, bu qulluq ədəbindən ötrü Rəbbinə duasında:

“…Allahım! Səni layiq olduğun kimi həmd-səna etməkdən acizəm! Sən özünü necə həmd-səna etmisənsə eləsən!”[8] demişdir.

Həmçinin Hz. Peyğəmbər r keçmiş və gələcək bütün günahları bağışlanmış olduğu halda ilahi rəhmətin bol-bol yağdığı və duaların qəbul edildiyi səhər vaxtlarında yatmamış, mübarək ayaqları şişənə qədər göz yaşları içində namaz qılaraq sabahlamış, Allaha qarşı daim qüsur, acizlik ve heçliyini etiraf edərək gündə yetmiş dəfə -hətta bir rəvayətə görə- yüz dəfə istiğfar etmişdir.

Allah-Təala zikrə heç bir məhdudiyyət qoymadan belə buyurmuşdur:

“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin!”. (əl-Əhzab, 41-42)

Nəbəvi əxlaqdan layiqincə dərs almış Allah dostları da bu ilahi əmrə riayət edərək böyük bir qulluq ədəbi içində Onu çox zikr edərlər. Lakin nə qədər çox zikr etsələr də, bunun Allahın ilahi şəni qarşısında sanki bir “heç” hökmündə olduğunu bilib dini sahədə cəhdlərini daha da artırmağa çalışarlar. Çünki qəlbi hissiyyat və duyğusu artan bir qulun Rəbbinin əzəmətini idrakı da artar. Beləliklə az zikri və ibadəti çox və kifayət miqdarda görmək yalnız qəflətə işarədir.]

Əbul-Həsən Haraqani həzrətləri buyurur:

“Siz «Allah» deyərkən başqa bir söz söyleyen kəs ilə əsla sohbət etməyin!”[9]

[Allah-Təalanı zikr etməkdən məqsəd qəlbən Onunla birlikdə ola bilməkdir. Yəni dil Haqqın isimlərini tələffüz etməklə məşğul ikən könül də bütün diqqətini Allaha yönəltməlidir. Zikrin feyz və bərəkətinə nail ola bilmək üçün dilin söylədiyini, könül dili də təsdiq edərək bunu daimi bir şüur və idrak halına gətirməlidir.

Bu hala nail olan Haqq aşiqlərini artıq heç bir fani, nəfsani və dünyəvi məşğuliyyətlər Allahdan uzaqlaşdıra bilməz. Buna görə sadəcə zikr əsnasında Allahdan qafil qalmaq deyil, dünyəvi işlərlə məşğul olarkən də qəlbi Allaha verə bilmək, xalq içində olarkən də qəlbən Haqla bərabər ola bilmək hər möminin könül üfüqündə olması zəruri olan ülvi bir hədəfdir.

Osmanlı zamanında yetişmiş dahilərdən İmam Birgivi həzrətlərinin bu hekayəsi nə qədər mənalıdır:

İmam Birgivi həzrətləri bir gün dövrün şeyxülislamının verdiyi bir fətvanı doğru saymır və fətvanın yazıldığı kağızı cırıb atır. Bundan xəbər tutan şeyxülislam İmam Birgivi həzrətlərini hüzuruna dəvət edir.

İmam Birgivi həzrətləri fətva otağına girdikdə şeyxülislam namaza durmuşdu. Lakin Birgivi həzrətləri namazda olan şeyxülislama salam verir, sonra da keçib bir kənarda oturur. Namazını bitirən şeyxülislam heyrətlə İmam Birgiviyə:

“- Ay qardaş, həm verdiyimiz fətvanı cırırsan, həm də namaz qılan bir adama salam verilməyəcəyini düşünə bilməyəcək qədər qəflət içindəsən!”,- deyir.

Birgivi həzrətləri tamamilə sakit tərzdə:

“- Dediyiniz doğrudur, lakin mən namaz qılana salam vermədim”,- deyir. Şeyxülislamın:

“- Necə yəni? Mən namaz qılırdım”,- sözü qarşısında:

“- Xeyr, siz namaz qılmırdınız”,- cavabını verir. Bu cavabı alan şeyxülislam heyrət və çaşqınlığı daha da artmış vəziyyətdə:

“- Namaz qılmırdımsa, bəs nə edirdim?”,- deyə soruşur.

Birgivi həzrətləri həmsöhbətini irşad məqsədiylə kəramət olaraq bu cavabı verir:

“- Siz həqiqi mənada namaz qılmırdınız. Çünki o əsnada bu divara bir pəncərə açıb açmamağın qərarını verməklə məşğul idiniz”.

Şeyxülislam bu cavab qarşısında donub qalır. Çünki həqiqətən də o əsnada divara pəncərə açıb-açmamaq barədə düşünürdü. Bunun üzərinə Birgivi həzrətlərinin nə qədər böyük bir məna sultanı olduğunu anlayır və əllərinə qapanıb əfvini istəyir.[10]

Namaz Allahla bərabərlikdir, ən böyük zikr halıdır. Bu zikri qəflətlə ziyan edib, onun feyz və ruhaniyyətindən pay almamaq Allah-Təalanın qəzəbini cəlb edər. Buna görə də ayeyi-kərimədə:

“Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər.” (əl-Maun, 4-5) buyurulmuşdur.

Halbuki Rəbbimiz qəlblərimizin yalnız ibadət əsnasında deyil, hər zaman zikr halında olmasını murad edir. Gözlərimiz yatsa da, qəlbimizin oyaq olmasını istəyir. Necə ki, ayeyi-kərimədə buyurulur: “Onlar ayaq üstə olarkən, oturarkən, böyrü üstə uzanarkən (hər zaman) Allahı zikr edərlər…”[11] Belə bir qəlbi səviyyə qazananlar daim ibadət halında yaşayarlar. Onların oturub-durmaları, yeyib-içmələri, hətta istirahətləri belə ibadət əcrinə nail olar.

Necə ki, İmam Rəbbani həzrətləri bu həqiqəti belə ifadə edir:

Vaxtlarımızı daim Allah-Təalanı zikr etməyə sərf etməliyik. Ticarət də olsa, ali şəriətə uyğun görülən hər iş zikr sayılır. Elə isə bütün hal və hərəkətlərimizdə şəriətin hökmlərinə riayət edək ki, bunların hamısı zikr sayılsın. Çünki zikr qəfləti aradan qaldırmaqdır. Nə vaxt bütün hərəkətlərimizdə islami əmr və qadağalara tabe olarıq, bax o zaman əmr və qadağaların sahibindən qafil qalmamış və Onu daim zikr etmiş olarıq.”[12]

Allah-Təala bu hala nail olan bəndələrini belə müjdələyir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar. Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını (yaxud gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.” (ən-Nur, 37-38)]

Əbul-Həsən Haraqani həzrətləri buyurur:

“İnsanlar əksər vaxt dualarında belə deyirlər:

“Allahım, üç yerdə imdadımıza çat: can verərkən, məzarda və qiyamətdə!”.

Mən isə belə deyirəm: “İlahi, hər zaman im­dadıma çat!”.[13]

[İbadətlər müəyyən bir zaman içində əda edilir və sona çatır. Lakin qulluq daimidir. Bu həqiqətdən qafil qalan bir insan gülcü və sağlam ikən, rahatlıq və əmin-amanlıqda olduğu zaman özünü heç nəyə möhtac görməməyə, təkəbbürlənməyə, dua və ibadət vəzifələrinə laqeyd yanaşmağa və nəticədə Rəbbini unudaraq həddini aşmağa başlayar. Dara düşdüyü zaman isə o məğrur rəftarından əsər-əlamət qalmaz, sanki islanmış kağız kimi aciz qalar. Allah-Təala Qurani-Kərimdə insan oğlunun fitrətinə ayna tutaraq onun bu zəifliyini belə bəyan buyurur:

Gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar. (əl-Ənkəbut, 65)

“Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərərsiniz. İnsan nankordur! Məgər (Allahın) quruda sizi yerə batırmayacağına, yaxud (göydən) başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz (tapa bilməzsiniz). (el-İsrâ, 67-68)

İnsan daim güvənib arxalanacağı bir gücə və qüdrətə möhtacdır. Daim sonsuz güc-qüdrət sahibi olan yeganə sığınacaq və arxa isə Allah-Təaladır.

Bu həqiqətə biganə qalan qafillər isə nail olduqları dünyəvi müvəffəqiyyətlərə və sahib olduqları güc və qüdrətə güvənərək özlərini məğlubedilməz, yıxılmaz və ölümsüz görməyə, hətta nəfslərini bütləşdirərək ilahi qüdrətə baş qaldırmağa qədər həddi aşmışlar. Tarixdə bunun bir çox misalı var:

Məsələn, 1912-ci ildə okeanı üzüb keçmək üçün dzəldilən Titanik adlı nəhəng gəmi haqqında lovğalanaraq: “Bu gəmini heç bir güc batıra bilməz!”,- deyirdilər. Gəmi elə ilk səfərində bir aysberqə dəyərək okeanın dərinliklərinə batdı.

Həmçinin 1986-cı ildə kosmosa göndərilmək üçün hazırlanan və Challenger, yəni “meydan oxuyan” adı verilən kosmik peyk atıldıqdan 73 saniyə sonra səmada partlayıb darmadağın oldu.

Gücünə və qüdrətinə güvənərək ilahlıq iddiasına düşən Nəmrud sanki istehza edilirmiş kimi, cılız bir ağcaqanadla həlak edildi.

Kəbeyi-Müəzzəməni dağıtmaq məqsədilə Yəməndən yola çıxan lovğa Əbrəhə o dövrün tankları sayılan nəhəng fillərlə gücləndirilmiş əzəmətli ordusuna çox güvənir, heç bir qüvvənin qarşısında dayana bilməyəcəyini zənn edirdi. Kəbəni yıxacaq və bununla da insanlar ibadət və ticarət üçün artıq Yəmənə axın edəcək, nəticədə Yəmənin iqtisadi həyatı canlanacaqdı. Lakin məğlubedilməz zənn etdiyi ordusuyla Məkkənin yaxınlığına çatanda Allah-Təala onları səhradan gələn aslanlarla, pələnglərlə, vəhşi canavarlarla deyil, -onları məsxərəyə qoyarcasına- kiçicik quşların atdığı daşlarla, sanki əzilmiş əkin yarpaqlarına çevirdi.

Necə də ibrətlidir ki, Haqq-Təala zalım Əbrəhənin canını orada almadı. Onu yaralı və pərişan vəziyyətdə qürur, təkəbbür və əzəmətlə çıxdığı Yəmənə geri qaytardı. Yəmənlilərə Əbrəhənin alçaq və zəlil aqibətini göstərdikdən sonra onu qəhri-ilahisinə ibrətli bir misal olaraq tarixin xarabalığına gömdü.

Bunun kimi saysız-hesabsız misallarla da sabitdir ki, Allahın “mütəkəbbir” sifətinin şərikliyə dözümü yoxdur. Allah-Təalanın əzəmət və kibriya sifətilə yarışa cəhd edən, Haqqa qarşı “Mən!” deyən zalımlar, “Bizdən daha güclü kim var?” deyə öyünən Ad və Səmud kimi qövmlər Allahın lütf etdiyi güc və qüdrəti öz nəfslərinə izafə edərək lovğalıq və təkəbbür çılğınlığına qapılanlar daim ilahi qəzəbə düçar olaraq məhvə sürüklənmişlər. Vaxtilə o məğrur zalımların ehtişamlı sarayları üzərinə doğan günəş bu gün onların xarabalıqları üzərinə doğur…

Xülasə, Allah-Təala bu dünyada insanı varlıqla da, darlıqla da sınağa çəkir. Qulun başı dara düşdükdə Rəbbinə yönəlib yalvarması, buna müqabil rahatlığa qovuşduqda isə qulluğunu unutması böyük bir xəyanət və nankorluqdur. Bir sözlə; ədəb, təvazö, həmd, şükür, riza və dua halı həyatın şərtləri dəyişsə də möminin dəyişməz bir xüsusiyyəti olmalıdır.

Biz də əbədiyyət səfərimizin ən çətin keçidləri olan son nəfəs, qəbir, qiyamət, mizan və siratda Rəbbimizin imdadımıza çatmasını istəyiriksə, bu gün ilahi əmr və qadağalara həssaslıqla riayət edərək Allahın yardımına layiq hala gəlməyə cəhd etməliyik. Xüsusilə rahatlıq zamanlarında Rəbbimizi daha çox xatırlayıb qulluq ədəbi ilə vəzifələrimizi gözəl şəkildə ifa etməliyik ki, iztirab və məşəqqətli anlarımızda Rəbbimiz də bizi ilahi nüsrət və inayətindən məhrum etməsin…]

Allah-Təala hər birimizə qulluq ədəbinin gərəyi kimi yaşaya bilməyi, imkanlı vaxtlarda həddi aşmayıb şükür edə bilməyi, yoxsulluq zamanı şikayət etməyib səbirli olmağı, hər bir halda ilahi təqdirdən razı olub ilahi rizasına nail ola bilməyi qismət eyləsin…

Amin!


[1] Cami, Nəfaxat, s. 444.

[2] Bax. Buxari, Mənaqib, 25

[3] M. Sami Efendi, Hz. Yusuf, s. 26.

[4] M. Esad Efendi, Məktubat, s. 140, № 112.

[5] M. Esad Efendi, Məktubat, s. 100, № 69.

[6] Bax. Ruhul-Beyan Kuran Meali ve Tefsiri, c. 1, s. 89-90, Erkam Yayınları.

[7] Haraqani, Nurul-Ulum, s. 248.

[8] Müslim, Salət, 222.

[9] Cami, Nəfaxat, s. 444.

[10] Bax. Naim Erdoğan, Dini Hikayeler (Nüzhətül-Məcalis adlı əsərdən tərcümə), s. 267-268, Çile Yayınları, İstanbul, 1979.

[11] Ali-İmran, 191.

[12] İmam Rəbbani, Məktubat, II, 540, № 25.

[13] Attar, Təzkirətul-Övliya, s. 638.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz