Cümhuriyyətinin Azərbaycandakı Din Xidmətləri Müşaviri Dr. Sadık ERASLANLA REPORTAJ

Cümhuriyyətinin Azərbaycandakı Din Xidmətləri Müşaviri Dr. Sadık ERASLANLA REPORTAJ

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Din Xidmətləri Müşaviri Dr. Sadık ERASLAN: BƏŞƏRİYYƏT ONU TANIMAĞA MÖHTACDIR.

İrfan: Sadık bəy, Hz. Peyğəmbərin Mübarək Doğum Həftəsi yaxınlaşır. Bu barədə nə deyə bilərsiniz?

Sadık Eraslan: Peyğəmbərimizi tanımaq, həyatını öyrənmək hər bir müsəlman üçün çox vacibdir. Çünki Qurani-Kərimdə Uca Allah belə buyurur: “De ki, əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin.” Bundan başqa Qurani-Kərimdə Peyğəmbərimizin çox mühüm bir xüsusiyyəti də bildirilir: “Şübhəsiz ki, Allahın Rəsulunda sizin üçün gözəl örnəklər var.”  İslamı yaşaya bilmək üçün Peyğəmbəri örnək almaq lazımdır. Peyğəmbəri örnək ala bilmək üçün isə onu tanımaq lazımdır. Peyğəmbəri tanıyarkən, onu həm həyatı ilə, həm də əxlaqıyla tanımaq çox mühümdür. Çünki Peyğəmbərimizin əxlaqı Qurani-Kərimdə belə bildirilir: “Sən böyük əxlaq üzərindəsən” Yəni Allah onun əxlaqını mədh edir. Peyğəmbərimiz də bir hədisi-şərifində: “Mən, ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim”, buyurur. Əsrlərdən bəri bunun şüurunda olan hər bir müsəlman Peyğəmbərimizi tanımağa və tanıtmağa çalışır. Elə bu səbəblə də Diyanət İşləri Başqanlığı Türkiyədə hər il aprel ayında “Peyğəmbərimizin Mübarək Doğumu” adlı tədbirlər həyata keçirir. Ümumiyyətlə Türkiyədə Peyğəmbərimizin doğumu münasibətilə iki formada tədbirlər təşkil edilir. Bunlardan birincisi, xalq tərəfindən təşkil edilən mövlud tədbirləridir ki, bu, hər il hicri təqvimlə Rəbiuləvvəl ayında, daha dəqiq desək, həmin ayın 12-sinə təsadüf edən Peyğəmbərimizin mövludu münasibətilə hər kəs tərəfindən öz imkanları daxilində keçirilən mövlud tədbirləridir. Bu, Azərbaycanda da belədir. Ancaq Diyanət İşləri Başqanlığı 1989-cu ildən bəri bu münasibətlə yeni bir fəaliyyət planı hazırladı. Bu plan əsasasən miladi təqvimlə Peyğəmbərimizin dünyanı şərəfləndirdiyi 20 aprelin təsadüf etdiyi həftəni “Mübarək Doğum” həftəsi elan edilərək müxtəlif tədbirlər təşkil edilir. İstər Türkiyədə, istərsə də Diyanət İşləri Başqanlığının nümayəndəlikləri olan dünyanın dörd bir tərəfində bu münasibətlə tədbirlər təşkil edilir. Bu tədbirlər Türkiyədə on min, iyirmi min nəfərin iştirak etdiyi böyük stadionlarda keçirilir.

İrfan: Sadık bəy bu il Azərbaycanda nə kimi fəaliyyət həyata keçirəcəksiniz?

Sadık Eraslan: Üç ildir ki, azərbaycanda müşavirlik vəzifəsini icra edirəm. Hər il olduğu kimi bu il də müşavirliyimiz tərəfindən aprel ayında “Mübarək Doğum” həftəsi ilə əlaqəli tədbirlər keçirəcyik. Azərbaycan xalqının  bu tədbirlərə marağı, bu tədbirlərdəki iştirakı çox yüksəkdir. Bu, Azərbaycan xalqının Peyğəmbərimizə olan sevgisinin təzahürüdür. Bu il “Mübarək Doğum” tədbirləri çərçivəsində bir sıra proqramların keçirilməsini nəzərdə tutmuşuq. İnşallah, bu tədbirlər içərisində konfranslar, Qafqaz Müsəlmanları İdarəsində Peyğəmbərimizin həyatı ilə bağlı müsəlman aləmində çox məşhur alim Muhamməd Həmidullahın “İslam Peyğəmbəri” adlı Azərbaycan türkcəsində yeni nəşr edilmiş kitabının təqdimatı və həmçinin Azərbaycan Yazıçılar Birliyi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Konrfansı Təşkilatı və müşavirliyimizin birlikdə hazırladığı “Nəti-Şərif” şeir müsabiqəsi olacaqdır.

İrfan: Yeri gəlmişkən müştərək təşkil etdiyiniz bu müsabiqəyə xalqın münasibəti necədir?

Sadık Eraslan: Artıq bir aydır ki, bu müsabiqə ilə bağlı elanlar verilmişdir. Sizin də jurnalda elan edildiyi kimi “Nəti-Şərif” şeir müsabiqəsinin qaliblərinə müxtəlif pul mükafatları veriləcəkdir. Azərbaycanın hər bölgəsindən bu müsabiqədə iştirak etmək üçün xeyli müraciətlər edilib. Bu da öz növbəsində bölgə insanlarının Peyğəmbər sevgisindən xəbər verir. Müsabiqə qaliblərinin mükafatlandırılması isə aprel ayında keçiriləcək tədbirdə olacaqdır. Bu tədbirlərin təşkilindəki məqsəd bu vəsilə ilə Peyğəmbərimizi tanıtmaqdır. Bu vəsilə ilə Peyğəmbərimizin həyatını, əxlaqını, mübarizəsini, Allah tərəfindən hansı məqsədlə göndərildiyini, onun bəşəriyyətə necə ilahi rəhmət olduğunu çatdırmaqdır. Bütün vəsflərin ən üstünü Peyğəmbərimizdədir. O, insanların ən comərdidir, ən mərhəmətlisidir, ən ədalətlisidir, ən cəsurudur, ən təqvalısıdır. O, insani vəsflərin hər yönü ilə ən zirvədə olduğu yeganə insandır. İnanıram ki, bu tədbirlərlə yeni nəsillərə bəşəriyyətin ən ali insanını, onun aləmlərə rəhmət olduğunu, bəşəriyyətin hidayətinə səbəb olduğunu çatdırmaq mükün olacaqdır. Biz Peyğəmbərimizi tanımasaq, onun gətirdiyi İslam dinini də öyrənə bilmərik. Çünki Peyğəmbərimizi tanımayan, Quranı anlaya bilməz, İslamı tanıya bilməz. Quran Allah-Təalanın kəlamıdır, Peyğəmbərimiz də canlı bir Qurandır. Eyni zamanda Quran Peyğəmbərimizin ən böyük möcüzəsidir.      

Bəşər tarixində ikinci bir şəxs yoxdur ki, həyatı hər yönü ilə bilisin. Bu, yalnız Peyğəmbərimizə xasdır. Peyğəmbərimizin həyatı hər yönü ilə araşdırılmış, doğumundan vəfatına qədər şahid olan insanların şəhadətləri ilə rəvayət edilmiş və günümüzə qədər gəlib çıxmışdır. Onun həyatının hər anı - doğumu, uşaqlığı, gəncliyi, Məkkədəki fəaliyyəti, Mədinəyə hicrəti, Meracı, iştirak etdiyi qəzvələr, İslamı təbliği, hətta şəxsi ailəvi həyatı bütün xırdalıqları ilə bilinməkdədir. Bunları Peyğəmbərimizi tanıdığımız, həyatına nəzər saldığımız zaman öyrənə bilərik. Və bunu hər bir müsəlmanın bilməsi vacibdir. Onun həyatını və əxlaqını öyrənsək, cəmiyyətimiz də səadətə qovuşar. Çünki onun əxlaqından uzaq qalındığı təqdirdə nələrin baş verdiyini hər birimiz müşahidə edirik. Onun əxlaqı unudulduğu təqdirdə oğurluqlar artar, cinayətlər artar, zülm artar, yalan artar. Lakin insanlar Peyğəmbərimizin həyatını öyrənərək ən gözəl həyatın İslamiyyət olduğunu öyrənmiş olarlar. Elə buna görə də “Mübarək Doğum” həftəsində təşkil edilən tədbirlər çox əhəmiyyətlidir. 

Azərbaycanda bu fəaliyyətlərin həyata keçirilməsində bizə yaxından köməklik edən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.                     

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz