XXI əsrdə Onu anmaq

XXI əsrdə Onu anmaq

Anmaq sevməyin bir təzahürüdür. Anmaq duyğuların yenilənməsidir. Anmaq bağlılığın nişanəsidir. Bəzi insanlar var ki, onların dünyasını dəyişməsi eyni zamandan onun hər kəsin yaddaşlarından silinməsidir. Bəzi insanlar da var ki, onların dünyasını dəyişməsi bəşəriyyət üçün qurtuluş ve sevincdir. Amma bəzi şəxsiyyətlər var ki, onların dünyasını dəyişməsi bəşəriyyət üçün hicrandır, həsrətdir. Şübhəsiz ki, belə şəxsiyyətlərin başında Həzrət Muhamməd (s.ə.s) gəlir. O hələ təzəlikcə vəfat etmişkən bəzi səhabələrin buna inana bilməyib qəbullana bilməməsini bu həsrətin bir nişanəsi kimi başa düşməliyik. Çünki onlar özlərini bataqlıqdan çıxarıb, cəmiyyəti gülüstana çevirən Peyğəmbəri (s.ə.s) canlarından, mallarından və övladlarından daha çox sevir, “anamız-atamız sənə fəda olsun, ya Rəsulallah!”- deyərək xitab edirdilər. Ondan 14 əsr sonra bəs biz?...

Biz 14 əsr sonra hələ də axtarışdayıq. Hələ də onu sevməyin, ona tabe olmağın, onu anlamağın yollarını axtarmaqla məşğuluq. Yəni sadəcə məşğuluq. Məşğul olmaqdan onu sevməyə onun yolunu yaşamağa vaxtımız qalmır. Biz hələ də onu yad edək-etməyək mübahisəsəni aparırıq. Elə bir vəziyyətə düşmüşük ki, dünyanın ən şərəflisini xatırlamaqdan qorxuruq. Çünki onu yad etməyin (bidət olduğu) dinə uyğun olmadığı, boş məşğuliyyət olduğu bizə təlqin edilir. Əgər yad etmək yanlış olsaydı, Qurani-Kərimdə Uca Allah onu yad etməyi uyğun görməz və insanları bundan çəkindirərdi.  Bəs nə etməliyik?

Əgər bir şəxsiyyəti sevmək istəyirsinizsə, mütləq onu tanımaq lazımdır. Hər bir müsəlman Peyğəmbərini dərindən mütaliə etməli və onun gətirdiyi düsturlara bələd olmalıdır. Nə qədər sevərsək, o ölçüdə eyniləşərik. Tanımağın bir yolu da Onu tanıtmaqdır. Günümüzdə qarşımıza çıxan problemlərdən biri də yuxarıda qeyd etdiyimiz kimi Peyğəmbərimizi tanıtmağın, Onu yad etməyin dinə uyğun olmadığını insanlara aşılamaqdır. Peyğəmbəri ən yaxşı tanıyan nəsil heç şübhəsiz ki, səhabə nəsli idi. Peyğəmbərimizin vəfatından sonra da əksər səhabələr bölgələrdə dini təbliğ vəzifəsini icra etmişdir. Əgər səhabələr Peyğəmbəri yad etmək, onun haqqında danışmaq dinə uyğun deyil,- deyərək getdiyi yerlərdə bundan boyun qaçırsaydılar, bu gün peyğəmbərimizi tanıyan biri qalardımı? Düşünün ki, siz qeyri-müsəlman bir ölkəyə və yaxud da müsəlman bir dövlətə dəvət edilmisiniz və o ölkədə “Həzrət Məhəmmədi anma (və ya mövlud günü)” adı ilə bir semniar və ya konfrans təşkil edilib. Siz orada bütün var gücünüzlə Peyğəmbərimizi anladardınız, yoxsa dində belə bir şeyin olmadığını, bunun dinə zidd olduğunu söyləyib heç nə danışa bilməyəcəyinizi deyərdiniz? Hansı daha məntiqə uyğun və dinə yaraşanıdır, buna siz qərar verin.

Kapitalist zehniyyətin zirvədə olduğu bu dövrdə hər bir müsəlman ayıq olmalıdır. Bunu unutmamaq lazımdır ki, İslam dini Quran və Sünnədən ibarətdir. Anti-İslam qüvvələrinin Qurana ləkə yaxmağa gücü çatmır, çünki Uca Allah onu özünün qoruyacağını Qurani-Kərimdə açıq şəkildə ifadə edir (Hicr surəsi, 9). Bunun fərqində olan qüvvələr dinin digər ayağı olan sünnəni və yaxud da Peyğəmbəri aradan qaldıraraq dini büdrətmək istəyirlər. Bunu da onu hafizələrdən silərək, ona olan sevgini azaldaraq, onu müəyyən sərhədlərlə məhdudlaşdıraraq etməyə çalışırlar. O həddə çatmışıq ki, Qurani-Kərimdə açıq şəkildə ayə olduğu halda ona salavat gətirməyi belə mübahisə etməyə başladıq. Bir şəxsiyyət nə qədər az anılsa, zehinlərdən o qədər tez silinər.  Odur ki, hər bir müsəlmanın borcudur ki, peyğəmbərini yaxşı tanısın və onu bütün insanlara tanıtsın. Əlbəttə ki, hər bir şeyin ölçüsü olduğu kimi sevginin də ölçüsü olmalıdır. Çünki Peyğəmbər əleyhissalamın ümməti üçün qorxduğu xüsusların başında onu ilahlaşıdırmaq gəlir. Bir hədisində “Xristianların Məryəm oğlu İsanı mədh edib ilahlaşdırdıqları kimi məni mədh edib ilahlaşdırmayın. Mən sadəcə Allahın quluyam. Mənə: Allahın qulu və Rəsulu deyin.” deyərək bu incəliyə diqqət çəkir.

Sadəcə sevmək kifayət etmir. Günümüzdə müşahidə edilən nöqsanlardan biri də peyğəmbərə tabe olmağın sadəcə onu sözdə sevmək və yad etməkdən ibarət olduğunu sanmaqdır. Sevgisiz tabeçilik əskik olduğu kimi, quru-quru sevirəm demək də əskikdir. Muhamməd (s.ə.s)-i yad etmək hər bir müsəlmanın borcudur, ancaq Ona tabe olmaq, sünnələrinə görə yaşamaq da hər bir müsəlmanın borcudur. Əgər onun tövsiyə etdiyi şəkildə yaşamasaq, ifadə etdiyimiz sevgimiz həqiqi deyil, sadəcə ifadələrdən ibarətdir. Şeirlərlə, nətlərlə ona tərif demək nə qədər yerində isə, onun hədislərini rəhbər tutmaq da bir o qədər lazımdır. Yəni peyğəmbər (s.ə.s) tabe olmağı sadəcə müəyyən günlərdə onu yad etməkdən ibarət olduğunu qəbul etmək nə qədər yanlış isə, sevgisiz və Onu tanımadan, bilmədən yolundan getdiyini ifadə etmək də bir o qədər yanlışdır.

Hər bir müsəlman bu gün onu düzgün tanımalı və hərəkətləri ilə, yaşayış tərzi ilə Onu tanıtmalıdır bütün dünyaya. Onu tanımaq Qurana bələd olmaqla mümkündür, çünki Onun əxlaqı Quran idi. Onu tanımaq sünnəsini həyata tətbiq etməklə mümkündür, çünki onun bütün həyatı hədislərdə ifadə edilmişdir. Onu tanımaq səhabəsini tanımaqla mümkündür, çünki onu ən gözəl və düzgün şəkildə təqlid edənlər onlar idi.

Bu sətirləri yazarkən qəlbimdən bir təmənna keçdi və o təmanna ilə yazıya nöqtəni qoymaq istərdim. Bütün dünya Muhamməd Peyğəmbərin əxlaq və şəxsiyyətinə qibtə edir. Bu baxımdan istərdim ki, dünyamızda rəsmi şəkildə “Muhamməd İli” təşkil edilsin və bütün dünya açıq şəkildə Ondan danışsın...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz