AZƏRBAYCAN ƏDƏBİYYATINDA PEYĞƏMBƏR MÖVZUSU
Min ildən də artıqdır ki, bəşəriyyət VI yüzillikdə Ərəbistanda doğan Günəşi – iki cahan sərvəri, 124 min peyğəmbərin sonuncusu Xatəmül-Ənbiya Muhamməd (s.ə.s)-i vəsf edir, həyatında baş verən ən adi, kiçik hadisələri, ömrünün hər gününü, hər saatını, dəqiqəsini usanmadan, yorulmadan öyrənməyə çalışır və öyrəndiklərini hamının malı etmək istəyir. Məhz buna görədir ki, haqqında ən çox yazılan yeganə şəxsiyyət o Uca Peyğəmbərdir. Şanlı Peyğəmbərimizi vəsf edənlər arasında, şübhəsiz ki, şairlərin özünəməxsus yeri var. Azərbaycan ədəbiyyatının qədim və orta əsrlərində yaşayan hər bir şair daxilində alovlanan Peyğəmbər sevgisini dönə-dönə vəsf edərək Şərq ədəbiyyatında Rəsulullaha həsr edilən şeirlər – nətlər yazdı.
Klassik şeirimizdə özünəməxsus yeri olan nət, əsasən, məsnəvi şəklində, bəzən isə qəsidə şəklində yazılır. Ərəbcə qoşalaşmış mənasını verən məsnəvidə misralar cüt-cüt, qəsidədə isə aa, ba, ca şəklində qafiyələnir. Nətlərdə Allah Rəsulunun Həbibullah olması, meracı, ümmətə olan sevgisi, məhşərdəki şəfaəti və s. mövzular qələmə alınır. Klassik poeziyamızda nətlər poemaların tərkib hissəsinə çevrilmiş tövhid və minacatdan sonra yüksək bədiiliklə yazılan ədəbi nümunələrdir. Allah Rəsuluna olan sevgi Azərbaycan ədəbiyyatında ilk poema olan “Töhfətül-İraqeyn”dən başlayaraq bir çox şairlərimizin əsərlərində poetik şəkildə təzahür etmişdir. Xaqani “Töhfətül-İraqeyn”də yerin göydən üstün olmasını bu misralarla bildirir:
“Mustafa torpaqda yatdığı üçün
Yer göydən əzizdir, üstündür, üstün”.
“Həbsiyyə” silsiləsinə daxil olan “Həbsdən şikayət” qəsidəsində Xaqani Rəsulullah sevgisindən güc aldığı üçün zindanda da düşməndən qorxmadığınıbəyan edir, Rəsulullahı canının, ağlının sahibi adlandırır.
“Əbu Ləhəblərlə döyüşməkdən nə qorxum dəhrdə
Mustafanın möhrü əldə qalxanım mənim”.
Rəsulullah haqqında yazılan şeirləri oxuduqca müəlliflərin islami biliklərə dərindən bələd olduqlarının, hədisi-şərifləri mükəmməl bildiklərinin şahidi oluruq.
“Mənə şəfaət verildi, fəqət mən ondan bu dünyada istifadə etməyib ümmətim üçün axirətə saxladım”.
“Hər sınıq ürəyin odur pənahı,
Odur bağışladan hər bir günahı”. (İqbalnamə)
“Zamindir qaraya, ağa bu rəhbər
Şəfaət edəndir, qopunca məşhər” (Şərəfnaə)
“Zamindir qaraya, ağa bu rəhbər” misrası isə “Mən əhmər (qırmızı) və əsvəd (qara) olanlara da göndərildim”,- hədisi-şərifi ilə səsləşir.
Digər bir hədisdə isə belə buyurulur:
“Qiyamət günü gələndə mən peyğəmbərlərin imamı, xətibi və şəfaət sahibi olacağam”.
Nəbilər önündə gedənə alqış
Üzrləri qəbul edənə alqış.
Hədisi-şəriflərdə “Mən yaradılışda peyğəmbərlərin ilki, göndərilişdə isə sonuncusuyam”, “Adəm su ilə torpaq arasında ikən mən peyğəmbərdim”, “Mən Adəm (ə) yaradılandan on dörd min il əvvəl Rəbbimin yanında bir nur olaraq mövcuddum”,- buyurulur. Bu hədisi-şərifləri böyük Nizami “Leyli və Məcnun” poemasında yer alan nətində belə ifadə edir:
“Altı, yeddi min il keçir o andan
Ki, bu dəbdəbəni eşitmiş cahan...
...Sənin iksirinlə rəngləndi torpaq
Bu torpaq səninçün yaranmış ancaq”
M. Füzuli isə “Hədiqətüs-süəda” əsərinin əvvəlinci babına daxil olan “Fəsli ibtilayi-Adəm əleyhissalam” bölümündə bunu belə qələmə alıb: “...Amma duayi-Adəm bu idi ki: “Ya Rəbb, Muhamməd və Ali-Muhamməd haqqı üçün tövbəmi qəbul et!”. Bir gün dərgahi-İzzətdən nida gəldi ki, “Ey Adəm, sən Muhammədi nə bilirsən ki, zeyli-şəfaətinə mütəməssik olursan? Adəm ayıtdı: “Ya Rəb, Muhammədin ismi-şərifini səhfeyi-saqi-ərşdə nami-lətifinlə müqarin gördüm, bildim ki, ondan əşrəf və əfzəl xəlqin yoxdur, ana təvəssül edirəm”.
Əsəri-nuri-Mustafayı görüm
Xatəmi-xeyli-ənbiyayi görün
Nuri-rəyi çırağı-aləmdir.
Abi-reyi şəfiyi-Adəmdir.
(Nuri-Muhammədin əsərini görün. Bütün nəbilərin sonuncusunu görün. Onun nuru aləmin çırağı, üzünün suyu isə Adəmə şəfaətdir.)
Bir hədisi-şərifdə buyurulur: “Qiyamət günü ətbaı (təbəəsi) ən çox olan peyğəmbərin mən olacağını ümid edirəm”.
Hesab çəkiləndə, gələndə məhşər
Sənə ümmət olar büsbütün bəşər. (M. Əvhədi, Cami-Cəm, səh-37)
Keçmiş zamanlarda hökmdarların sarayında gündə beş dəfə təbil çalınardı. İslam dinində isə müsəlmanlar gündə beş dəfə azan oxunması ilə namaza dururlar. Aşağıdakı beytdə Nizami saraylarda çalınan təbili azana bənzətmiş və Rəsulullahı dünyanın sultanı, hökmdarı hesab etmişdir:
Bu beş vaxt namazdır əsli tövbənin
Beş növbə təbilidir qapında sənin. (Leyli və Məcnun)
M. Füzulinin səcli nəsrlə yazdığı “Hədiqətüs-Süəda” əsərində 542 şeir parçası verilmişdir ki, ümumi misraların sayı 2304 olan bu şeir parçalarının 525-i azərbaycanca, qalanı isə ərəbcədir.
Səcli nəsrdə cümlə və tərkiblərin sonunda işlədilən sözlər qafiyəli olur. Cümlədə isə qafiyənin işlənmə yerinə görə 3 növü vardır: 1) Səci-müqəyyəd və ya Səci-zəbti (cümlələrin sonu qafiyələnir). 2) Səci-mütləq (cümlə daxilindəki sözlər qafiyələnir). 3) Səci-məfruq (ayrı-ayrı cümlələrdə qafiyəli sözlər bir-biri ilə qafiyə məqamında işlədilir). Füzuli bu əsərin II babında “Həzrəti-Rəsulun Qüreyşdən çəkdiyi bəlaları bəyan edər”. III babda isə “Həzrəti-Seyyidül-Mürsəl keyfiyyəti vəfatını bəyan edər”.
“...Cəbrayıl (ə) nüzul edib ayıtdı: “Ya Həbibullah, Pərvərdigarı-aləm irsalı-səlam edib səni mövt və həyat arasında muxtar etdi. Əgər bəqayi-həyatə talib isən həyatına bəqa müqəddər olsun və əgər mövtə rağib isən cühulətlə müyəssər olsun:
“Dünyavü üqba mənim mülkümdür ey Fəsri-Rəsul
Sən mənə bir bəndeyi-safidilü sahibvüqar.
Rəy rəyindir sənin, səndən mənə yox imtina
Eylədim ehsan sənə hər mülkü etsən ixtiyar”.
(Dünya və əbədiyyət mənim mülkümdür. Sən isə mənim vüqar sahibi olan safürəkli bir bəndəmsən. İndi seçim sənindir. Hansı mülkü seçəcəyin sənin ixtiyarındadır.)
Rəsulullahın cavabı isə budur:
Xaliqim yekrək bilir bəndən mənim behrudimi
Mən ana tapşırmışam çoxdan ziyani-sudimi
(xaliqim mənim səhhətimi məndən daha yaxşı bilir. Mən çoxdan ziyan və qazancımı ona tapşırmışam.)
Daha sonra Cəbrayıl (ə.s): “Əziz ruhunun gəlişi üçün atəşlər söndürüldü, cənnətlər sahmana salındı, hurilər təzələndi və mələklər dəstə-dəstə dayandı”, -dedi.
Rövzeyi-Rizvanə vəslindən nəsib et növbahar
Huri-qılman bəzminə şəm et məhi rüxsarım.
(Vəslində cənnətə yeni baharı nəsib et.Hüra qılman məclisini ay nurlu üzündə işıqlandır.)
“...Mələkülmövt ol Həzrətin qəbzi-ruhi-şərifinə məşhur olduqda ol Həzrət səqfi-saraya baxıb derdi: “Ya rəfiqəl-əla”. Nagah bu kəlimə ilə aləmi-bəqaya intiqal etdi.
“Uçdu ol tavusi-qüdsi-aşiyan,
Yetdi ol şahənşəhi-ülvi məkan.
Gər cahanə mümkün olaydı bəqa
Tərk edib getməzdi andan Mustafa”
Nətlər bir qayda olaraq dua və yalvarışlarla bitir:
Yazıq Əvhədini qovma qapından
Ona yardım elənur dünyasından.
ŞƏRHLƏR