AXİRƏT ƏNDİŞƏSİ
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl borc verin, özünüz üçün öncə nə yaxşı iş görsəniz, Allah dərgahında onun xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmanızı diləyin. Həqiqətən Allah bağışlaayandır, rəhm edəndir.” (Müzzəmmil, 20)
Dünya və axirət səadətinə yiyələnməyə çalışan insan övladının əbədi müqəddəratının necə olacağını bilmək yalnız ilahi kəlamı incədən-incəyə dəyərləndirməklə mümkündür. Həm əbədi səadət, həm də əbədi fəlakət əhlinin hal və əhvalının, gündəlik məşğuliyyətinin bu qədər sadə və anlaşılan dillə anladılması Adəm övladlarına Rəblərinə olan qulluq əhdini həyata keçirmək üçün inanılmaz imkanlar yaradır. Bu imkanların dəyərləndirilməsi isə imtahan aləminin sualları ilə qarşı-qarşıya duran insanın verəcəyi cavabdan asılıdır. Bu məqamları xüsusi bir dəqiqliklə anladan uca Allah Qurani-Kərimdə belə buyurulur:
“Həqiqətən Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəik. Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor.” (İnsan, 2-3)
“Məgər insan elə güman edir ki, o başlı-başına buraxılacaq?!” (Qiyamə, 36)
Rəbbimizin aləmlərə rəhmət olaraq göndərdiyi Həzrət Məhəmməd (s.ə.s)-in Allaha təmiz qəlblə, təmiz əməllə, təmiz niyyətlə qovuşma səadətinə nail olacaq bir insan toplumunun yetişdirilməsi naminə aparmış olduğu mücadilənin ölçüləri bu gün də heyrət doğuracaq səviyyədədir. İnsan mənliyini bürümüş olan cəhalət xarabalığını səadət bağçasına çevirən 23 illik irşad fəaliyyəti qiyamətə qədər günahların cazibə dirəsindən qurtulmağa çalışan ümmətinə belə yardım edəcək bütövlük sərgiləyir. Şirin dili, feyzli baxışları və həssaslıqla edilən duaları ilə ərsəyə gətirdiyi səhabə nəslinin bir qulluq və bir minnətdarlıq borcu olaraq öz iman və əqidə qardaşlarına duyduqları mərhəməti anladan həyat səhnələri, mükəmməl bir təqva və qulluq məsuliyyətinin zirvələrini fəth etmiş səhabə qətiyyətini, onları həssaslıqla dinləməyə hazır olan qəlblərə tanıtmağa davam edir:
Ümmətinin axirət hazırlıqları qarşısında dərin hüzn və təlaş keçirən Rəsulullahın göz yaşlarına bürünən mübarək vücudunun ətrafındakılara təsiri olduqca qüvvətli idi. Bu halda Hz. Ömərə yönələn Rəsulullah ondan soruşdu: -“Ya Ömər! Sabah qiyamətdə ümmətimin günahkarlarına necə yardım edə biləcəksən?” Hz. Ömər belə cavab verdi: - “Ya Rəsulallah! Mən Hz. Əbu Bəkrin etdiyini, yəni ümmətin günahlarının yarısını götürə bilməsəm də, onların üçdə birini üzərimə alaram ki, günahları yüngülləşsin.”
Rəsulullah Hz. Ömərin bu cavabına çox sevindi. Bu ifadələrdən də məlum olduğu kimi Rəbbimizin bu ümmətin əbədi səadəti naminə xəlq etdiyi qulları sırasında Hz. Ömər şəxsiyyətinin xidmət əmsalı olduqca yüksəkdir. Buxari və Müslimdə keçən hədisdə belə buyurulur: “Hz. Ömər müsəlman olanda Cəbrayıl mənim yanıma gəldi və dedi: Ömərin İslamı qəbul etməsinə görə göydəkilər (mələklər) bir-biri ilə müjdələşdilər.”
Nəbəvi tərbiyə nəticəsində ərsəyə gələn ümmət mərhəmət, ədalət eşqi ilə çırpınan maddi və mənəvi bütövlüyünü ilahi əmrlərin yer üzərində yaşanması və yaşadılması üçün səfərbər edən Hz. Ömər nümunə olmağa layiq bir səhabədir. On il altı aylıq xəlifəlik fəaliyyəti sonunda şəhid edildiyi an İbn Abbasa söylədikləri, etdiyi xidmətlərə rəğmən Hz. Ömər şəxsiyyətinin ilahi qüdrət qarşısındakı çırpıntılarını dilə gətirir:
Hz. Ömər bıçaqlandığı zaman ziyarətinə gələn İbn Abbas ona belə dedi: “Ey Möminlərin Əmiri! İnsanlar inkar edərkən sən müsəlman oldun. İnsanlar onu məğlub etməyə çalışarkən sən Allah Rəsulu ilə bərabər cihad etdin. Şəhid olaraq vəfat edərkən sənin əleyhində iki nəfər belə ixtilafa düşmədi. Rəsulullah səndən razı olaraq vəfat etdi.” Bu sözlərdən sonra Hz. Ömər İbn Abbasa belə dedi:
“Məğrur sizin tərifləyərək həlakını hazırladığınız kimsədir. Vallah, əgər günəşin üzərinə doğub batdığı hər şey mənim olsaydı, hamısını o günün (hesab gününün) qorxusundan qurtulmaq üçün fidyə olaraq verərdim.”
Ruhunu uca Allaha təslim edən Hz. Ömərin axirət əndişəsi, ilahi hüzurda durma əndişəsi, hesab vermə əndişəsi bu qədər dərin və əhatəli idi. Vücudunda təkcə özünün qəlbi yox, ona həvalə edilmiş ümmətin də qəlbləri döyünürdü. Peyğəmbər əxlaqının bərəkəti ilə bəslənən bu vücudun istəkləri də canından artıq sevdiyi Rəsulunun istəkləri və aləmlərin Rəbbi olan Allah-Təalanın muradı ilə eyni idi.
ŞƏRHLƏR