Peyğəmbərimizin uşaqlara münasibəti

Peyğəmbərimizin uşaqlara münasibəti

İslam dininin uşağa münasibəti sevgi, mərhəmət və xoş rəftar anlayışına əsaslanır. Çünki uşaq dünyaya tərtəmiz bir yaradılışla və günahsız olaraq gəlir. Həddi-büluğ yaşına qədər etdiyi hərəkətlərinə görə dini baxımdan məsuliyyət daşımır. Dünyaya yeni gələn körpə hər cəhətdən böyüklərin köməyinə möhtac olub, müəyyən yaşa qədər valideynlərinə bağlıdır. Bu səbəbə görə uşaq lazım olan qayğının ona göstərildiyi təqdirdə sağlam bir şəxsiyyət kimi formalaşa bilər. Bu nöqteyi-nəzərdən baxanda Hz. Peyğəmbərin (s.ə.s) uşaqlara münasibəti və onların yetişdirilməsinə aid tövsiyələri son dərəcə diqqətə layiqdir.

Başqa din və mədəniyyətlərdə olduğu kimi dinimizdə də yeni anadan olan uşaqlar üçün müxtəlif mərasimlərin yerinə yetirilməsi tövsiyə edilmişdir.

Dünyaya gəldikdən sonra uşağın qulağına azan oxumaq, onun üçün əqiqə qurbanı kəsmək və anadan olduğunun 7-ci günündə saçını qırxaraq saçı ağırlığında gümüş və ya qızıl sədəqə vermək sünnədir. Bütün bunlarla yanaşı uşağa gözəl ad qoymaq da Peyğəmbərimizin yüksək dəyər verdiyi bir məsələdir. Bir hədisi-şərifdə: “Siz Qiyamət günü özünüzün və atanızın adı ilə çağırılacaqsınız, övladlarınıza gözəl adlar qoyun!”-buyurmuş,[1] hətta xoşuna gəlməyən bəzi adları da dəyişdirmişdir.[2]

Oğlan uşaqlarının ən gec həddi-büluğ yaşına çatana qədər sünnət etdirilməsi də Peyğəmbərimizin həyata keçirdiyi işlərdəndir.[3]

Hz. Peyğəmbər (s.ə.s) həyatın hər sahəsində uşaqlara dərin sevgi bəsləmiş, ciddi qəbul edərək onların səviyyəsinə enmiş, problemlərini həll edərək doğru yola istiqamətləndirmişdir. Bir hədisi-şərifində: “Kimin uşağı varsa, onunla uşaq kimi davransın,”[4] buyuran Rəsulullah (s.ə.s) bir dəfə nəvəsi Həsəni öpərkən yanında oturan Akra bin Xabis adlı bir nəfər onu görmüş: -Siz uşaqları öpürsünüzmü? Mənim 10 övladım var, amma heç birini öpmürəm,- demişdi. Peyğəmbərimiz (s.ə,s) “Mərhəmət etməyənə mərhəmət olunmaz!”,- deyə cavab vermişdi.[5]

Hz. Peyğəmbər (s.ə.s) “Gözümün nuru!” deyə  təsvir etdiyi və hər fürsətdə əhəmiyyətini dönə-dönə vurğuladığı namaz zamanı belə uşaqlara mərhəmət və sevgi göstərmiş onların qəlbinə toxunmamışdır. Allah Rəsulu (s.ə.s) yatsı namazlarının birində  nəvəsini məscidə gətirmişdi. Camaata namaz qıldırarkən nəvəsi belinə çıxmış o da bu səbəbə görə səcdəni uzatmışdı. Əshabələr namazı bitirən kimi Peyğəmbərimizə: -Səcdəni uzatdınız, ya Rəsulallah! Nə isə baş verdiyini və ya vəhy gəldiyini zənn etdik,- dedilər. Bunun müqabilində Hz. Peyğəmbər (s.ə.s) –“Yox, elə bir şey olmadı. Amma oğlum belimə çıxmışdı. Könlü xoş olsun deyə tələsmək istəmədim”,- buyurdu.[6]

Hz. Peyğəmbər (s.ə.s) uşaqlara salam verər, onların əhvalını soruşar, xəstələnəndə ziyarət edər, həm öz nəvələri, həm də digər uşaqlarla zarafat edər, onları həm əyləndirər, həm də tərbiyə edərdi.

Ənəs (r.a) belə nəql edir: Rəsulullah əxlaq baxımından insanların ən gözəli idi. Mənim Əbu Umeyr adlı süddən kəsilmiş bir qardaşım var idi. Hz. Peyğəmbərimiz (s.ə.s) bizə gələndə: -“Ey Əbu Umeyr! Nə etdi Nuğeyr?”,- dedi.

Nuğeyr qardaşımın oynadığı quşun adı idi.

Əbu Hüreyrə (r.a) belə deyir: Bu iki qulağımla eşitmiş və bu iki közümlə görmüşəm ki, Rəsulullah iki əli ilə Həsənin və Hüseynin iki ovcunu tutar, sonra uşağın iki ayağını öz ayağının üstünə qoyar və “Yuxarı çıx”,-deyərdi.

Uşaq ayaqlarını Rəsulullahın sinəsinə qoyana qədər çıxardı. Sonra Hz. Peyğəmbər (s.ə.s) uşağı öpər: “Allahım! Bunu sev, Çünki mən onu sevirəm”,- buyurardı.[7]

Hz. Peyğəmbər (s.ə.s) uşaqlara hədiyyələr verməyi tövsiyə edər və münasib vaxtlarda onlara lazımi qayğını göstərərdi. Hz. Ənəsin (r.a) rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Uşaqlarınıza ikram edin və onlara gözəl tərbiyə verin!”.[8]

Əbu Hüreyrənin rəvayətinə görə Hz. Peyğəmbərə mövsümün nübar meyvələri gətirildikdə:

“Allahım! Bizə vətənimizdə, meyvələrimizdə və miqyasımızda bərəkət üzərinə bərəkət ver!”,- deyə dua edər, sonra da meyvəni orada olan ən kiçik uşağa verərdi.[9]

Ənəs (r.a) belə nəql edir: Bir nəfər Peyğəmbərimizin (s.ə.s) yanında olarkən oğlu gəldi. Həmin adam oğlunu öpdü və qucağında oturtdu. Bir az sonra isə həmin adamın qızı gəldi. O da qızını (öpmədən) qarşısında oturtdu. Bunun müqabilində aləmlərə rəhmət olan Peyğəmbərimiz (s.ə.s): -“Kaş ki ikisi ilə də eyni cür rəftar edəydin”,-dedi.[10]

İslamdan qabaqki dövrdə xor baxılan, oğlan uşaqları yanında ikinci dərcəli olan, hətta keçmiş zamanlarda diri-diri torpağa basdırılan qız uşaqları, İslamın gəlməsiylə öz həqiqi qiymətini almışdır. Belə ki, bu barədə bir hədisi-şərifdə belə buyurulur: “Kimin bir qızı olarsa, onu torpağa basdırmazsa, xor baxmazsa və oğlunu ondan üstün tutmazsa, Allah onu cənnətə qoyar.”[11]

Hz. Peyğəmbərimiz (səs) barmaqlarını bitişdirərək: “Hər kim qız uşağını yetkinlik çağına çatana qədər böyüdüb tərbiyə edərsə, Qiyamət günü o kəslə mən bax belə, yan-yana olacağıq.”[12] dedi.

Allah təala bütün müsəlmanlara Peyğəmbərlərini layiqincə tanımağı, hər sahədə olduğu kimi ovladlarına qarşı münasibətdə də ondan nümunə götürməyi nəsib etsin! Amin!


[1] Əbu Davud, Ədəb, 61.

[2] Müslim, Ədəb, 14; İbn Abdilbər, əl-İstiab, II, 837.

[3] Buxari,Libas, 63-64.

[4] Deyləmi, III, 513.

[5] Buxari, Ədəb, 18; Müslim, Fədail, 65.

[6] Nəsai, Tətbiq, 82.

[7] Buxari, Ədəbül-müfrəd, hədis 249.

[8] İbn Macə, Ədəb, 3.

[9] Müslim, Həcc, 474.

[10] Heysəmi VIII, 156.

[11] Əbu Davud, Ədəb, 121.

[12] Müslim, Birr, 149. 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz