Tanınmış şair Məmməd ASLANLA REPORTAJ

Tanınmış şair Məmməd ASLANLA REPORTAJ

Böyük şair Məmməd ASLAN:

O QƏSİDƏ TÜRKÜN ƏN BÖYÜK ƏSƏRLƏRİNDƏN BİRİDİR

İrfan: Bildiyimiz kimi Hz. Peyğəmbərin şəninə çox şeirlər yazılıb. Türk dünyasının yetişdirdiyi ustad şairlərin qələmə aldığı nətlər barədə nə deyə bilərdiniz?

Məmməd Aslan: Mənim xəyalımda nəti-şəriflər Füzulidən başlayır. Füzulidən əvvəl də var, amma ondan böyük nəti-şərif yoxdur. Bu mənada deyirəm. Su qəsidəsi Peyğəmbərin şəninə yazılmış ən böyük tərifdir və bütün Şərqin, o cümlədən Türkiyədə hər kəsin qəbul etdiyi bir həqiqətdir. Su qəsidəsində türkün Peyğəmbər sevgisi əks olunduğu üçün bu nət böyük yerə malikdir. O qəsidə türkün ən böyük əsərlərindən biridir. Mənə görə Peyğəmbər şəninə yazılmış ikinci böyük əsər Süleyman Çələbinin Mövludu gəlir. Bir sözlə, Peyğəmbərin şəninə yazılmış iki şah əsər var ki, biri Çələbinin, digəri Füzuli həzrətlərinindir. Bunlardan sonra isə Arif Nihat Asyanın nətini çox sevirəm. Dərin məna, böyüklük var o şeirdə də.

İrfan: Azərbaycanda bu gün də nətlər yazılır, müsabiqələr keçirilir. Bunu necə dəyərləndirirsiniz?

Məmməd Aslan: Biz uzun illər Sovet imperiyasının tərkibində olmuşuq və dinimizi, milli-mənəvi dəyərlərimizi unutdurublar. Allahdan, Peyğəmbərdən uzaqlaşdırmağa çalışblar bizi. Buna görə zəmanəmizdə nəti-şəriflərin qələmə alınmasını bir qayıdış olaraq görürəm. Bu, Allaha, Peyğəmbərə qayıdışın təcəssümüdür. Şükürlər olsun ki, gec də olsa Ona qayıda bilirik.

İrfan: Məmməd müəllim, sizin də məşhur bir nəti-şərifiniz var. Hətta 1994-cü ildə Türkiyə Cümhuriyyətində Diyanət İşləri Başqanlığının müsabiqəsində birincilik mükafatı almısınız. Hz. Peyğəmbərin şəninə yazdığınız bu nəti hansı duyğularla qələmə aldınız?

Məmməd Aslan: Bu çağırışı eşitdikdə bir-iki gün qəribə hisslər keçirdim. Yazmağa qərar verməmişdim. Çünki bütün dini müqəddəsatından ayrı düşmüş insanlardan biri olaraq mən belə bir şeir yaza biləcəyimi düşünmürdüm. 3-cü gün qələmi götürüb bir gecədə 100 misralıq “Nur içində Nur” şeirimi yazdım. Özümə də qəribə gələn nüasnlar oldu. Bilmirəm qafiyə gətirdi, yoxsa daxilimdə uzun illər gizlənmiş istəyin təcəssümü idimi üzə çıxırdı. Çünki orada dini ifadələr vardı ki, mənim onları yerli-yerində işlətməyim mümkünsüz kimi görünürdü. Amma xəyalımda o vardı ki, uşaqlığım atamın dizinin dibində keçmişdi. O molla deyildi, lakin Quran oxuyardı, ərəb və fars dillərini yaxşı bilirdi. Evimizdə Füzulinin, Nizaminin kitabları vardı, atam oxuyardı. Deməli, o vaxtdan şüuraltıma işləmişdi bütün bunlar. Nəticədə Türk dünyasının 42 müxtəlif yerlərindən şeirlə müraciət etmiş şairlərin içində məni birinciliyə layiq gördülər. Sonra “İnanc Dünyamız” verilişinə dəvət aldım. Verilişdə könül söhbətimizi yayımladılar. Öyrəndiyimə görə dörd dəfə təkrarı oldu həmin verilişin. Sonra 1995-ci ildə Diyanət İşləri Başqanlığının Minacat müsabiqəsində iştirak etdim. Onda isə ikinci yeri tutdum. Həmin müsabiqəyə iki yüz misralıq “Lə iləhə illəllah” şeirimlə qatılmışdım.

İrfan: Məmməd müəllim, bəs necə oldu ki, sizə mükafatı məhz dönəmin baş naziri verdi?

Məmməd Aslan: Deməli, o layihənin şərtlərindən biri belədir ki, mükafatı ölkədə tanınmış şairlər və dövlət xadimləri verir. Mənim mükafatımı da ovaxtkı baş nazir, Tansu Çillər təqdim etdi.  Hətta maraqlı bir məqam da oldu. Hədiyyəni təqdim edərkən dedi ki: “Əlinə sağlıq çox gözəl yazmısan. Dilinə sağlıq gözəl oxudun”. Mən də səmimi hisslərlə dedim ki: “Boş verin, xanıməfəndi. Məhəbbətimizdir, yazmışıq. Siz mənim çox sevdiyim qəhrəman erkək bacımızsan”. Buna çox güldü. (Şəkli göstərir) Bax, bu şəkildəki təbəssüm həmin gülüşdür.

İrfan: Məmməd bəy, sizin bir də Türkiyənin könül insanı Musa Topbaş Əfəndiyə yazdığınız məşhur “Bir sultan yaşardı Sultantəpədə” şeiriniz var. Sonradan musiqi də bəstələndi bu şeirə. Onu hansı duyğularla, hansı hisslərlə qələmə almısınız?

Məmməd Aslan: Bu şeirim o könül insanına həsrətdən yaranan bir şeirdir. Cənazəsində iştirak edə bilməmişdim, məhz bu həsrətdən yaranmışdı o şeir. Əvvəllər çox şey müşahidə etmişdim rəhmətliklə bağlı. Onları da dilə gətirdim bu şeirdə. Məsələn, sağlığında hər gün pişiklərə ciyər gətirib verirdilər. Müşahidə etmişdim ki, o İstanbulda olanda pişiklərə atılan ciyərləri qapışmaq üçün qağayılar da aşağı enir. Pişiklərlə qağayıların qapışması çox gözəl görsənirdi. Amma o olmayanda qağayılar gəlmirdi. Şeirə bunu da yazmışdım:

“Köşkünün üstündə bəyaz martılar

Nurlu çöhrəsindən həp şımardılar,

Kədisi, köpəyi hür yaşardılar...

Bir Sultan yaşardı Sultantəpədə”.

Həmçinin hər dəfə yeni bir yazı qələmə almazdan əvvəl dəstəmaz aldığını dəfələrlə müşahidə etmişdim. Dəstəmazsız yazmazdı heç vaxt. Bunu şeirə belə əks etdirdim:

“Abdəstli qələmi Haqqı bəyanda

Bir Sultan yaşardı Sultantəpədə”.  

İrfan: Bu gün ədəbiyyatımız hansı vəziyyətdədir?

Məmməd Aslan: Çox yaralı yerimizə toxundunuz. Bu sualı hansı şairə versəniz qan ağalayar. Milli-mənəvi dəyərlərimiz get-gedə aradan qalxır. Burada televiziyanın rolu böyükdür. Qadını gözdən salan, kişiləri qadınlaşdıran verilişlər günbəgün artır. Dilimizin başına oyun açılır. Hər gün dilimizə yad ünsürlər daxil edilir. Əvvəllər mağaza və obyektlərin adı heç olmasa iki dildə: rus və azərbaycan dillərində yazılırdısa, indi daha betəri, küçələrimiz ingilis və digər əcnəbi dillərdən keçilmir. Hətta başa düşüləni də mürəkkəbləşdirib yabançı bir dildə veririk nədənsə Bu gün dilimizdə çox az kəlmə qaldı. Sadəcə bizdə deyil, Türkiyə türkcəsində də vəziyyət belədir. Kimlərsə dilimizi məhv etməyə çalışır, bunu dərk etməli və silkələnməliyik.

İrfan: Belə bir vəziyyətdə nə tövsiyə edərdiniz?

Məmməd Aslan: İsmayıl bəy Kaspiralı vəfat edəndə Nərimanovun Məktəb jurnalında bir nekroloqu gedir. Deyir ki, “Komandir öləndə əsgərlər başsız qaldığı kimi İsmayıl Kaspiralının ölümü Türk dünyasını başsız qoydu. Bu başsızlıq belə davam etsə, bizi məhv edərlər. İsmayıl bəylərin qədrini bilib xalq arasında yaymaq lazımdır. Bunun iki yolu var: Müəllimlər onun tarixi kimliyini öyrətsinlər uşaqlar. İkinci vəzifə isə yaşlılara düşür. Kimin nəyi varsa, üst-üstə qoysun Qaspıralının qəbri üstündə bir millət daşı dikəltsin. Sabir Rusiya türklərindən belə bir daş görmədi. Musa Cəlil və Abdullah Tuqay da Qafqazdan görmədi. Amma arxayın olun, belə bir millət daşını Kaspiralı da qazanmasa, bu millətin özünə baş daşı qoyulub üstünə yazılacaqdır: Qaspıralı kimi şəxsiyyətlərin qədrini bilməyən biçarə millətin başdaşı”.

Dili sevdirmək nənələrin, babaların, sənin, mənim və müəllimlərin işidir. Vay halımıza, bu gün nənələr nağıl bilmir, layla bilmir. Nənəni nənə kimi sevdirən onun dili idi, amma bu gün o dil pəltək olub. Uşaq hansı dildə danışsın? Babalar cavanlara qoşulub içki məclisində vaxt keçirirsə, uşaqlar nə götürsün ondan?..

İrfan: Məmməd müəllim, gözəl anlarınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik!

Məmməd Aslan: Mən də təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz