İMAM BUSAYRİ VƏ QƏSİDEYİ-BÜRDƏ

İMAM BUSAYRİ VƏ QƏSİDEYİ-BÜRDƏ

İmam Busayri həzrətlərinin əsil adı Məhəmməd bin Səid bin Hammaddır. Böyük övliya və qabaqcıl İslam alimi, Peyğəmbər aşiqidir. Hz. Peyğəmbərə olan sevgisini, eşq və məhəbbətini dilə gətirdiyi bir çox şeir, beyt və nəti-şərif yazmışdır. İmam Busayri həzrətləri 1212 (609), yaxid 1211 (H. 608) tarixində Misirin Busayr şəhərində anadan olmuşdur. Təhsilini harada alması ilə bağlı qaneedici məlumat yoxdur. Uşaqlıq illərindən etibarən Quran təhsili aldığı və Qurani-Kərimi əzbərlədiyi məlumdur. Daha sonrakı dövrdə Qahirəyə gedərək təhsilinə davam etmişdir. Şeyx Əbdüzzahir Məscidində İslam elmləriylə birlikdə dil və ədəbiyyat dərsləri almışdır. Daha çox siyər və hədis elmlərinə maraq salaraq bu sahələrdə ixtisaslaşdı.

Məhəmməd təhsilini davam etdirib müəyyən elmi səviyyəyə çatdıqdan sonra səmavi kitablardan Tövrat və İncili araşdırdı. Bu vaxt xristian və yəhudilərə qarşı rəddiyələr yazmağa başladı. Ömrünün sonuna qədər ustadların elm məclislərində iştirak etdi. Çox gözəl xətti var idi. Bir çox kitabları və müəllifi olduğu əsərlərini şəxsən öz gözəl xəttiylə yazmışdır. Saleh, fəzilətli, təmkinli, çox ibadət edən, Qurani-Kərimi çox oxuyan, insanları birləşdirən adam idi. Sözü çox şirin və dərin mənalı olub, dinləyənləri təsir altına alardı. Məharət və mətanətli idi.

Başda Rəsulullah (s.ə.s) olmaqla təsəvvüf böyüklərinə və övliyalara olan məhəbbət və bağlılığı çox idi. Əsərlərini oxuyanlar bunu açıq-aydın görürlər. İmam Busayri həzrətlərinin Rəsulullaha olan sevgisini, eşqini izah edən qəsidələri var. Muradiyyə və Həmziyyə adlı qəsidələri məşhurdur. Ondan sonra gələn İslam alimləri bu qəsidələri sevərək oxumuş və tələbələrinə oxutmuşlar, əzbərlətmişlər. Həzrət Peyğəmbərimizin üstünlüyünü izah edən, Onu tərifləyən ən qiymətli qəsidəsi isə Qəsideyi-Bürdədir. İmam Busayri bu qəsidəsini yazdıqdan sonra daha çox məşhurlaşıb, bütün alimlərin və övliyanın sevgisinə, iltifatına məzhər olmuşdur. Bu qəsidənin yazılmasına səbəb olan hadisə isə aşağıdakı kimidir:

İmam Busayri həzrətləri ömrünün sonuna yaxın iflic olmuşdu. Bədəninin yarısı hərəkətsiz qalmışdı. Hz. Məhəmmədin hörmətinə şəfa verməsi üçün Allah-Təalaya çox dua etdi. İnsanların ən üstünü olan Peyğəmbərimizi tərifləyən məşhur qəsidəsini yazdı. Bir gün yuxusunda Hz. Peyğəmbəri gördü. Qəsidəsini yuxuda Rəsuli-Əkrəmə oxudu. Hz. Peyğəmbər (s.ə.s) də bu qəsidəni çox bəyəndi. Əyninə geydiyi mübarək xirqəsini çıxardıb İmam Busayriyə geydirdi. Bədəninin iflic yerlərinə mübarək əli ilə məsh çəkdi. Oyandığı zaman artıq sağalmış, iflicdən əsər-əlamət qalmamışdı. Məhz ona görə də həmin qəsidə Qəsideyi-Bürdə adlanır. Bürdə lüğətdə xirqə, palto deməkdir. İmam Busayri sevinərək sübh namazına gedərkən, yolda Allah-Təalanın sevimli qullarından biri ilə rastlaşdı. O şəxs İmama “Ey Busayri, qəsidəni dinləmək istəyərəm”,- dedi. “Mənim qəsidələrim çoxdur. Hamısını hər kəs bilir”,- dedi. O şəxs: “Heç kimin bilmədiyi, bu gecə Rəsulullaha oxuduğunu istəyirəm”,- dedikdə bunu hələ heç kimə söyləməmişəm. Belə bir qəsidənin olduğunu haradan bilirsən?”,- dedi. O şəxs də İmamın yuxusunu olduğu kimi danışdı. O dövrün vəziri Bəhaəddin belə bir qəsidənin yazılmasından xəbər tutub tamamını oxutdu və hörmət əlaməti olaraq ayaqda dinlədi. Həmin qəsidə indinin özündə də könül insanları tərəfindən böyük bir eşqlə oxunur.

İmam Busayri 1295 (H. 695)-ci ildə Misirin İskəndəriyə şəhərində vəfat etmişdir. Məzarı həmin şəhərdədir.

Qəsideyi-Bürdə on hissədən ibarətdir. Birinci hissə Rəsulullaha olan sevginin dəyərindən  xəbər verir. İkinci hissə insanın nəfsinin pisliyini izah edir. Üçüncü hissə Rəsulullahı tərifdən ibarətdir. Dördüncü hissə Rəsulullahın dünyaya təşrifini nəql edir. Beşinci hissə Rəsulullahın dualarının dərhal qəbul olduğundan bəhs edir. Altıncı hissə Qurani-Kərimin tərifindən ibarətdir. Yeddinci hissə Rəsulullahın meracındakı incə nüanslara təmas edir. Səkkizinci hissə Rəsulullahın cihadlarından danışır. Doqquzuncu hissədə isə şair Allah-Təaladan əfv-məğfirət və Rəsulullahdan şəfaət istəyir. Onuncu hissə Rəsulullahın dərəcəsinin aliliyindən xəbər verir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz