Yas və Toy Mərasimlərimiz
Son zamanlar cəmiyyətimizdə yas və toy mərasimlərində həddindən artıq ifrata və israfçılığa yol verilir. Eyni zamanda, çox təəssüf ki, hazırda keçirilən yas və toy mərasimlərinin bir çoxu dini dəyərlərə söykənmir.
Xüsusilə yas mərasimlərimizdə bu hal daha çox özünü göstərir. Hüzn sahibi yaxınını itirməsi ilə bərabər, başsağlığı verməyə gələnlərin “xəcalətindən” çıxmağın qayğısı ilə yüklənir. Bilmir ölüsünün dərdini çəksin, yoxsa qənd, çay, ət pulunun...
Ehsan kəlməsi hərfi tərcümədə “yaxşılıq etmək, gözəl iş görmək” mənasına gəlir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi daha gözəl bir müstəhəb - bəyənilən əməllərdəndir. Mahiyyətinə görə ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Lakin bugünkü mənada təmtəraqlı yas süfrəsi açmaq və yeddi, qırx, cümə axşamları, ildönümü mərasimi keçirməyin İslamda heç bir əsası yoxdur. Bəzi hallarda isə vəfat edən şəxsin ailəsi özünü əziyyətə salmaqla maddi və mənəvi təhlükəyə atır, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzür, özünü kimlərəsə göstərmək xatirinə borc altına girərək məclis təşkil edir. Halbuki dini vəzifə olaraq bütün bu təmtərağa heç də ehtiyac yoxdur. Hətta nəinki hüzn sahibi kimsənin süfrə açıb ehsan verməsi, tam əksinə, hüzn sahiblərinə yemək aparılması lazımdır. Necə ki, Cəfər Təyyar (r.a) şəhid olduqda Hz. Peyğəmbər (s.ə.s): “Cəfərin ailəsi üçün yemək hazırlayın! Çünki onlar belə vəziyyətdə yemək bişirə bilməzlər”, - buyurmuşdu.
Bunun üçün yas və toy mərasimlərinin təşkili məsələsində insanların təfəkkürü dəyişməlidir. İnsanların dini yöndən daha düzgün maariflənmələri lazımdır. Bu məsələdə hər birimizin, xüsusilə də din xadimlərinin, ağsaqqalların, camaat arasında söz sahibi olan imkanlı şəxslərin üzərinə böyük iş düşür. İlk növbədə onlar yas və toy mərasimlərini dini dəyərlərə zidd olmadan, israfa yol vermədən keçirərək hamıya nümunə olmalıdırlar. Əlbəttə ki, yas və toy mərasimlərinin necə keçirilməsi ilə bağlı heç kim kimlərəsə təzyiq göstərə bilməz. Lakin bu məsələdə insanlara İslamın tələblərini düzgün şəkildə çatdırmalıyıq. Dini nöqteyi-nəzərdən baxsaq, vəfat edən müsəlman üçün vacib olan dörd əməl: qüsl, kəfən, cənazə namazı və dəfndir. Təəssüf ki, müasir dövrdə insanlar şəriətin bu hökmlərinin yerinə daha çox İslamda olmayan, göstəriş xarakterli hərəkətlərə meyl göstərirlər.
Qəbirüstünün hazırlanmasında da ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy mərasimlərindən heç də geri qalmır. Halbuki İslam qənaət və sadəlik dinidir, zahiri təmtərağı sevmir. Bahalı məzar daşlarının, qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına tamamilə ziddir. Rəvayətə görə, peyğəmbərimiz (s.ə.s) süd qardaşı Osmanın məzarının üzərinə tanınması üçün öz əlləri ilə kiçik bir başdaşı qoymuş, bununla müsəlman qəbirlərinin sadə olması gərəkdiyini göstərmişdir. Şəriətə görə, əsas olan qəbrin 30-40 il müddətində tamamən torpağa qarışması və qəbiristan ərazisinin böyüyərək daha çox məkanı zəbt etməməsidir.
İsrafçılıq toy mərasimlərində daha çox nəzərə çarpır. Süfrəyə beş, bəzən on çeşid yeməklərin, şirniyyatların verilməsi, artıq qalanlarının da atılması israfçılıq deyilmi? O israfçılıq ki, İslam onu haram etmişdir. Müsəlmanın toyu hər yönüylə nə qədər sadə olsa, bir o qədər bərəkətli və xeyirli olar. İslama görə ən xeyirli toy halal dairəsində sadə və asan başa gələn toydur. Dəbdəbə, təmtəraq, içki və israfçılığın olduğu bir toyda xeyir, bərəkət və Allahın rizası olmaz. Necə ki, Uca Allah israf edənləri sevməyəcəyini bir ayədə belə bildirir: “Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən) gözəl libaslarınızı geyin. Yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!” (əl-Əraf, 31)
Ümumiyyətlə, israfdan qətiyyətlə uzaq durmalıyıq. Çünki israf nemətlərin itirilməsinə səbəbdir. İsraf hər bir fərdin, cəmiyyətin, hətta dövlətin belə inkişafına ən böyük maneədir. İsraf olan yerdə inkişaf yoxdur. İsraf olan yerdə bərəkət yoxdur. Çox təəssüflə ifadə edək ki, ətrafımıza baxdığımızda buna heç də diqqət edilmədiyinin şahidi oluruq.
Uca Allah yas və toy mərasimlərimiz daxil, israfçılıqdan və Allahın icazə verdiyi həddi aşmaqdan bütün müsəlmanları mühafizə etsin!
ŞƏRHLƏR