Tarixin epizodları
SSRİ Baş prokurorluğunun müstəntiqi xalq hərəkatı fəalını sorğu-suala tutmuşdu.
- SSRİ-yə qarşı mübarizə aparmaqda məqsədiniz?
- Qarabağın işğalının qarşısını almaq, Azərbaycanın müstəqilliyinə nail olmaq.
- Əminsiniz ki, məqsədinizə nail olacaqsız?
- Əlbəttə. Əmin olmasaydıq, bu hərəkata qoşulmazdıq.
- Rayonda neçə nəfərsiniz?
- On beş.
- Adlarını, soyadlarını yaza bilərsiz? - cəbhəçinin qabağına vərəqlə qələm itələdi.
- Heç nə yazmayacam, - müstəntiqlə üz-üzə gəlməsin deyə, başını aşağı saldı.
- Bakıdakı hadisələrdən xəbəriniz var?
- Var, - başını qaldırdı.
“Bu niyə belə sual verir? Elə bil, müstəntiq yox, jurnalistdi”.
- Bu işlərin axırı necə olacaq?
Sualdan çaşan cəbhəçi qəribə nəzərlərlə ona baxdı.
- Bilirsən, mən haradanam? - müstəntiq qəfil ona tərəf əyilib pıçıldadı.
- Siz deyəsən, Ukraynadansız?
- Düzdü. İvano-Frankovskidən, Qərbi Ukraynadan. Bil ki, bizim də bu dövlətdən zəhləmiz gedir. Düzünü bilmək istəyirsənsə, mən də sizin ölkənizin müstəqil olmasını azrulayıram. Sizin azad olmanız sonda Ukraynanın da müstəqilliyi deməkdi, başa düşdün? Narahat olma, sən uzağı burda bir həftə qalacaqsan, çalışacam, üstündə heç bir maddə olmasın.
Elə bil yuxu görürdü, inanmırdı eşitdiklərinə. Birdən ayılan kimi oldu. “Bəlkə KQB üsuluyla məni tora salmaq istəyir?...”
Hər şey müstəntiqin dediyi kimi oldu, bir həftədən sonra onu evə buraxdılar, nə KQB üsuluyla ələ almaqçün cəhdlər elədilər, nə də dustaq saxlandığı məktəbin zirzəmisində əziyyət verdilər...
“Onda beş yaşım varıydı. Mənə yuxu kimi gəlir o dövr, - cəbhəçinin artıq yaşı otuzu keçmiş qızı danışır. - Gah xalamgildə gizlənirdik, gah dayımgildə, gah da Cəbrayıldan vurub gedirdik Balakənə əmimgilə, bir müddət orda qalırdıq. Elə olurdu, günlərlə üzümü divara çevirib ağlayırdım, heç kimin xəbəri olmurdu. Mənimçün atamın həbsi dünyanın sonu demək idi. Düzdü, 20 yanvar qırğını haqda evdəkilərin danışdıqları dumanlı da olsa, yadımdadı. Deyirdilər, ruslar şəhərə girib tanklarla adamları, maşınları, avtobusları əziblər. Üstəlik, o hadisədən hardasa bir ay əvvəl atam söz vermişdi, məni Bakıya aparacaq, ilk dəfəydi Bakını görəcəkdim deyə, sevincimdən uçurdum, günləri sayırdım ki, qatara minək gedək ora. 20 yanvardan sonra elə bildim, o tanklar həmişəlik Bakıda qalacaq, nə mən, nə atam-anam, nə də qardaşım heç vaxt o şəhəri görə bilməyəcəyik...”
20 yanvardan bir neçə gün sonra Sovet hərbçiləri hərəkatın fəal iştirakçılarının evlərinə girib, ikimərtəbəli evi ələk-vələk eləmiş, çarpayıların altına qədər girib baxmışdılar. Cəbhəçinin arvadı əsgərlər gəlməmişdən on dəqiqə əvvəl altı yaşlı oğluyla beş yaşlı qızına bərk-bərk tapşırmışdı ki, “vayennilər” içəri girəndə, üzləri divara tərəf olsun, gözlərini bərk-bərk yumub qırpmasınlar. Anaya elə gəlirdi, əsgərlər uşaqların oyaq olduğunu görüb, sorğu-suala tutarlar, qorxudarlar onları.
Üç əsgər və bir zabit ikinci mərtəbəyə qalxıb uşaqlar olan otağa girəndə, cəbhəçinin oğlu üzü divara sarı nəfəsini yavaş-yavaş alıb verə-verə, gözlərini bərk-bərk yummuşdu. Bacısı isə şirin yuxudaydı. Oğlan əsgərləri görməsə də, vahimə içindəydi, eyni zamanda içində dəhşətli bir maraq vardı, çönüb heç olmasa, bircə dəfə baxmaq istəyirdi onlara. Yaxınlaşan addım səslərindən, üzərindəki hənirtidən sonra dodaqlarını da, gözlərini də bərk-bərk sıxıb nəfəsini kəsmişdi. “Kimsə başımın üstündə dayanıb xısın-xısın güləndə, belim üstə çevrilib gözlərimi açdım, həm də töyşüyə-töyşüyə nəfəs almağa başladım. Qırmızıburun, kök kişiydi, çox güman, özüylə gələn əsgərlərin komandiriydi. Rusca nəsə dedi, yadımda qalan “malış” sözüdü, yəqin ki, “Hələ yatmamısan, malış?” soruşubmuş. Həmin an elə bildim, əsgərlər məni də, bacımı da avtomatlarıyla gülləliyəcək. Qəfil durub yerimdə oturdum. Komandir diksinən kimi oldu, tez arxaya çəkildi, sonra qəribə-qəribə mənə baxıb gülümsədi, başa düşmədi neynəmək istiyirəm. Bacıma tərəf baxıb gördüm ki, şirin yuxudadı. Barmağımla bacımı göstərib həmin zabitə azərbaycanca dedim: “O ölüb”. Zabit yəqin ki, elə bilmişdi, mən “O yatır” deyirəm, başını tərpədib çox güman, “Bilirəm, bacın yatır” deyibmiş. Onlar otaqdan çıxanda, bacımı ölümdən xilas etdiyimçün özümü qəhrəman sayırdım....
Bu hadisələrdən bir il sonra isə Azərbaycan müstəqil olmuşdu.
ŞƏRHLƏR