FAYDASIZ ƏMƏL
Həzrət Peyğəmbərimiz (s.ə.s) buyurur: “Möminin ömrü uzanarsa, xeyri artar”. (Əhməd bin Hənbəl, Müsnəd, III, 27)
Ömür Rəbbimizin bizlərə bir dəfəyə məxsus olmaqla lütf etdiyi bir nemətdir. Bu mənada ikinci bir şansımız yoxdur. Onu saysız-hesabsız boş işlərlə, faydasız məşğuliyyətlərlə keçirib tükətmək bizim üçün böyük itkidir. Uca Rəbbimiz Qasas surəsinin 55-ci ayəsində buyurur: “O möminlər qeybət, dedi-qodu, yalan kimi sözləri eşitdikləri zaman ondan üz çevirib: Bizim etdiklərimizin məsuliyyəti bizə, sizin etdiklərinizin məsuliyyəti də sizə aiddir. Salam olsun sizə. Bizim cahillik edənlərlə işimiz yoxdur, - deyərlər”.
Bu mövzu ilə əlaqəli Hz. Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifdə belə buyurur: “Özünü maraqlandırmayan söz, hərəkət və davranışlardan uzaq durması, o şəxsin yaxşı bir müsəlman olduğunun əlamətidir”. (Tirmizi, Zöhd, 11)
Möminlər olaraq bizlər həyatın hər anını Rəbbimizin razılığına uyğun söz və davranışlarla qiymətləndirməyə, keçirməyə və yaşamağa çalışmalıyıq. Çünki mömin özünə, ətrafına, insanlığa faydası olmayan söz, hərəkət və davranışlardan uzaq dayanan insandır.
İnanmaq, iman gətirmək məsuliyyəti boynuna götürməkdir. Bu mənada bizlərə verilən hər nemət şükür tələb edir. Bizlərə lütf edilən hər imkan özüylə bərabər bir məsuliyyət gətirir. Bu imkanları Rəbbimizin razılığı və insanlığın xeyri istiqamətində istifadə etmək və qorumaq bizim ən böyük məsuliyyətimizdir.
Dilimiz yalana deyil, doğruya dönməlidir. Sözümüz batilə deyil, haqqa tərcüməçi olmalıdır. Gözümüz fitnə və fəsadı deyil, islah və hüzuru, dincliyi axtarmalıdır. Əlimiz şərə deyil, hər daim xeyrə uzanmalıdır. Zehnimiz ətrafımıza pislik və çirkinlik deyil, yaxşılıq və gözəllik saçmalıdır. Könlümüz kin və nifrət deyil, sevgi və xoş söhbət yaymalıdır. Çünki insan boş-boşuna yaradılmış bir varlıq deyil. Hər anının hesabını tək-tək Yaradanına verəcəkdir. Bu istiqamətdə yenə əziz Peyğəmbərimiz (s.ə.s) buyurur: “Qiyamət günündə insan oğlu bu dörd şeydən hesaba çəkilmədən Rəbbinin hüzurundan bir yerə tərpənə bilməz:
1)Ömrünü harada və necə tükətdi,
2)Gəncliyini hara sərf etdi,
3)Malını/sərvətini haradan qazanıb, haralara xərclədi,
4)Bildiyi/öyrəndiyi ilə əməl edib-etmədiyi”. (Tirmizi, Sifətul-Qiyamə, 1)
Bu hədisdən də aydın olduğu kimi, hamımız bir hesab vaxtına doğru sürətlə yol getməkdəyik. Bu səfərdə sərmayəmiz bir saniyəsi belə boşa keçirilməyəcək qədər qiymətli olan ömrümüzdür. Bu səfərdə ən böyük gücümüz Allaha olan iman və təslimiyyətimizdir. Qazandığımız xeyir və yaxşılıqlarımız saleh əməllərimizdir. Bütün bunları əldən buraxmaq, bu qısa ömrümüzü israf etmək, bihudə əməllərlə tükətmək isə bizim ən böyük itkimiz və xüsranımızdır.
Həyat səfərimizdə bizə düşən vəzifə: boş söz, hərəkət və davranışlardan uzaq durmaqdır. Çünki “maləyani” olaraq adlandırılan boş söz və faydasız davranışlar zehnimizi lazımsız yerə məşğul edər, şəxsiyyətimizi və etibarımızı zədələyər. Zaman keçdikcə istəklərimiz vərdiş halına gələrək bizləri əsir alar.
Dünyamıza da, axirətimizə də faydası olmayan məşğuliyyətlər bizə xeyir, bərəkət və gözəllik qazandırmaz. Əksinə, vaxtımızı öldürər, hesabını belə verə bilməyəcəyimiz şəkildə ömrümüzü tükədər.
İndiki vaxtda zaman tələsi olan bəzi faydasız televiziya proqramları, internet saytları, oyunlar sanki bir maləyani sektoru meydana gətirmişdir. Dünya və axirətə bir faydası olmayan bu cür məşğuliyyətlər insanı özündən, Rəbbindən və ətrafından uzaqlaşdırmaqda, qardaşlarına yadlaşdırmaqdadır. Halbuki mömin ancaq iki aləmə də faydalı olan saleh əməllərə yönələrsə, zamanın bərəkətini hiss edər. Mömin ancaq insanlığına yaraşan söz, hərəkət və davranışlar sərgilədikcə ərdəmli bir fərd olar, ucalar və hörmət qazanar.
Əgər bütün bunlara diqqət edər, Hz. Peyğəmbərimizin yoluyla, sünnəsiylə getməyə çalışarıqsa karlı çıxar, onunla bərabər olarıq. Bu mənada Hz. Rəsulullahın (s.ə.s) buyurduğu bu nəsihətini də əsla yaddan çıxarmamalıyıq: “Övladım! Səhərdən axşama, axşamdan səhərə qədər qəlbində heç kəsə qarşı kin saxlamadan dayana bilirsənsə, bunu etməyə çalış. Oğlum, bax bu, mənim sünnəmdir. Mənim sünnəmi kim canlı tutarsa, məni sevir deməkdir. Məni kim sevərsə, cənnətdə mənimlə birlikdə olar”. (Tirmizi, İbn Macə)
Bu baş tacı tövsiyənin ardından yenə əziz Peyğəmbərimizin (s.ə.s) öyrətdiyi bu dua ilə yazımı sonlandırmaq istədim:
“Allahım! Qulağımızın pisliyindən, gözümüzün pisliyindən, dilimizin pisliyindən, qəlbimizin pisliyindən sənə sığınırıq”. (Nəsai, İstiazə, 4)
ŞƏRHLƏR