SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Bitcoin almaq caizdirmi?

Cavab: Əvvəla qeyd edək ki, bitcoin kriptovalyutadır - yəni kriptoşifrələnmiş elektron puldur. Ancaq pul dövlət tərəfindən dövriyyəyə buraxılan əskinazlardır və ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən, üstündə dəyəri yazılı olan kağız və ya metal olan bir əşyadır. Elektron pul isə arxasında hər hansı bir qurum olmadan istifadəçilər arasında bilavasitə alış-verişə imkan verən, hər bir istifadəçi üçün kriptoşifrələnmiş pul vahididir.

Bir şeyin pul vahidi ola bilməsi üçün ya dəyərini dövlət tərəfindən təmin etməli, ya da qızıl kimi bir dəyərə sahib olmalıdır. Elektron pullar, hərçənd ki, bəzi insanlar tərəfindən mübadilə vasitəsi kimi istifadə olunur, lakin dövlət tərəfindən verilən dəyərə və gücə sahib olmadığı üçün pul vahidi kimi qəbul edilməsi mümkün deyildir. Həmçinin dəyər qazanıb itirmə məsələsində spekulyasiyalardan asanlıqla təsirlənməsi, daha çox çirkli pulların yuyulması kimi halal olmayan işlərdə istifadə olunması və dövlətin nəzarətindən uzaq olması kimi səbəblərə görə elektron pulların alğı-satqısı ilə məşğul olmaq hal-hazırda dini baxımdan düzgün qəbul edilmir.

Odur ki, özündə ciddi şəkildə qeyri-müəyyənliklər daşıyan, aldanma və aldatma riskləri həddindən artıq çox olan, belə olan halda heç bir təminatı olmayan, eləcə də haqsız və səbəbsiz zənginləşməyə yol verən elektron pulların istifadəsi caiz deyildir.

 

Sual: Bir heyvanı başqa bir heyvan müqabilində dəyişdirmək olarmı?

Cavab: Misli (standart) mallar, yəni çəki və ölçü ilə alınıb-satılan eyni növ mallar qarşılıqlı mübadilə edilərkən bərabər çəkidə və nağd alınıb-satılmalıdır. Əks təqdirdə, edilən alış-veriş İslam dininin qadağa qoyduğu faiz olar. Şübhəsiz ki, faiz dinimizdə bütün növləri ilə haram buyurulmuşdur (əl-Bəqərə, 2/275). Qiyəmi (standart olmayan) malların mübadiləsində isə bərabərlik şərti qoşulmur. Bu səbəbdən bir heyvanın öz cinsindən olan başqa bir heyvanla hər ikisinin də nağd olması şərtilə, eləcə də fərqli cinsdən olan bir heyvanla nağd olması da şərt olmadan dəyişdirilməsi caizdir. Heyvanların qiymətlərinin bərabər olması da şərt olmamaqla yanaşı, fərqli olması nəticəsində aradakı fərqi ödəməyin də alış-verişə hər hansı zərəri yoxdur..

 

Sual: Müsadirə edilən əmlakın satın alınması caizdirmi?

Cavab: Borc verənin hüquqlarının mühafizəsi üçün borc alanın əmlakının satışa qoyulması zəruri ola bilər. Hz. Peyğəmbərimiz (s.ə.s) borcunu qaytarmayan bir səhabənin əmlakını borcu müqabilində satmışdır (Beyhəqi, “əs-Sünənül-Kübra”, VI, 80). Bazar qiymətinə və yaxud bazar qiymətinə yaxın olan bir qiymətə satılan müsadirə edilmiş əmlakı satın almaqda hər hansı bir qəbahət yoxdur. Ancaq müsadirə edilən əmlakın dəyərindən çox aşağı qiymətə satılması və alınması düzgün deyil. Bəzi alimlər bu kimi alış-verişlərin etibarlı olmadığını, bəziləri də etibarlı olmaqla yanaşı, ən azı məkruh olduğunu bildirmişlər. Çünki müsadirə edilmiş əmlakın dəyərindən çox aşağı qiymətə satılması borclunun sözügedən vəziyyətindən sui-istifadə edib ona haqsızlıq etməkdir. Odur ki, müsadirə edilmiş əmlakın satılması və ya alınması bazar qiymətinə uyğun şəkildə yerinə yetirildiyi təqdirdə ədalətə müvafiq bir davranışdır.  

 

Sual: Müəyyən bir məqsəd üçün vəsiyyət edilən pul başqa yerə istifadə edilə bilərmi?

Cavab: Zəkat, həcc, oruc fidyəsi, fitrə və kəffarə kimi Allaha qarşı olan borclarla bağlı edilən vəsiyyətlər varislər tərəfindən qoyulan mirasla mütləq yerinə yetirilməlidir. Bu məqsədlə qoyulan pul və ya əmlak başqa yerə xərclənə bilməz. Ancaq, əgər vəsiyyət dini baxımdan halal olmayan işlər üçün edilmişsə, bu vəsiyyət etibarsız olar. Halal olmayan işlər üçün edilən vəsiyyət digər əmlakla birgə varislər arasında bölüşdürülər və yaxud varislər istəsələr, onu xeyriyyəçilikdə istifadə edə bilərlər. Lakin vəsiyyət edənin müəyyən etdiyi məqbul yerə xərcləmək mümkün olmazsa, vəsiyyət edilən məqsədə ən uyğun olan yerə sərf edilməlidir.    

 

Sual: Halal olmayan yollarla qazanılan var-dövlət varislərə qaldıqdan sonra onlara halal olarmı?

Cavab: Bir şəxsin qoyub getdiyi mirasın hamısı qəsb, oğurluq və yaxud başqa halal olmayan yollarla əldə edilən mal-dövlətdən ibarət olarsa, bunların sahibləri bilindiyi təqdirdə, mütləq onlara, onlar həyatda deyillərsə, onların varislərinə qaytarılmalıdır. Əgər sahibləri bilinmirsə, yoxsullara və ya xeyriyyə cəmiyyətlərinə (vəqflərə) verilməlidir. Çünki İslama görə haram yolla əldə edilən şeylər sahibinə qaytarılmalı, əgər bu mümkün olmazsa, heç bir savab gözlənilmədən yoxsullara verilməlidir. Haram yollarla qazanılan pul və ya əmlakın miras qalması halında əgər varislər həddindən artıq yoxsuldurlarsa, bu mirasdan istifadə etmələri caiz olsa da, yoxsul olmayan varislərin istifadə etməsi qətiyyətlə caiz deyildir. Bundan başqa, əgər bir şəxsin qoyub getdiyi miras tamamilə haram qazancdan ibarət deyilsə, yəni halal ilə haram qarışıq halda olar və bunları bir-birindən ayırmaq qeyri-mümkün olarsa, varislərin bu cür malları bölüşdürmələri caizdir. Ancaq imkanı yaxşı olanların bunları yoxsullara və ya xeyriyyə cəmiyyətlərinə vermələri təqvaya daha müvafiq olan bir davranışdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz