BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

يَا اَيُّهَا الَّذِينَ اٰمَنُوا لَا تُلْهِكُمْ اَمْوَالُكُمْ وَلَا اَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللّٰهِ وَمَنْ يَفْعَلْ ذٰلِكَ فَاُولٰئِكَ هُمُ الْخَاسِرُونَ


Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Kim bunu edər, onlar əsil ziyana uğrayanlardır”. (əl-Münafiqun, 63/9)

Allah-Təala mal-mülk və oğul-uşağımızın bizi Allahı zikr etməkdən uzaqlaşdırmamasını əmr edir. Qurani-Kərimdə üç yüzə yaxın yerdə zikr kəlməsi keçir. Bu ayələrin bir qismində Allahı zikr edən möminlərə böyük mükafat veriləcəyi qeyd edilir. Elə isə zikrin mahiyyətinə nəzər salmaq lazımdır. Həzrət Peyğəmbər (s.ə.s) ən fəzilətli zikrin “Lə iləhə illəllah” (Allahdan başqa ilah yoxdur!) sözü olduğunu bildirmiş (İbn Macə, Ədəb, 25) və tövhidi ifadə edən bu cümlənin önəminə diqqət çəkmişdir. Zikr, ümumiyyətlə: bədən, dil və qəlblə edilən zikr şəklində üç hissədə ələ alına bilər. Bədənlə edilən zikr deyildikdə bədənimizlə Allahın əmrlərini yerinə yetirmək və ibadətləri əda etmək nəzərdə tutulur. Dil ilə zikrə gəlincə, Allahı təsbih etmək, Ona dua etmək, Quran oxumaq və Rəbbimizin isimlərini dilimizlə təkrarlamaq nəzərdə tutulur. Qəlb ilə zikr isə bədən və dillə etdiyimiz ibadət və zikrləri qəlbimizdə hiss etmək, bunu edərkən səmimi-qəlbdən Allah-Təalaya təslim olmaqdır.

Bəzi səbəblər insanı Uca Allahı zikr etməkdən və Ona itaət etməkdən yayındırar. Bunların arasında dünya malı və ailə də yer almaqdadır. Belə ki, insan mal-mülkə və öz ailəsinə qarşı çox qayğıkeşdir. Zamanının böyük bir hissəsini işinə və ailəsinə ayırar. Halbuki dünya malı və ailəmiz bizim üçün bir imtahan vəsiləsidir. Necə ki, başqa bir ayeyi-kərimədə Uca Allah belə buyurur: Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün ancaq bir imtahandır”.(əl-Ənfal, 8/28) Bu imtahanda onlara qarşı tamamilə laqeyd yanaşmaq da düzgün bir iş deyildir. Bununla yanaşı, iş, mal-mülk və ailəmiz bizi Allahı zikrdən və Ona ibadətdən uzaqlaşdırmamalıdır. Xüsusilə iş, dünya malı, həyat yoldaşı və övlad sevgisi qəlbimizdəki Allah sevgisinə qalib gəlməməlidir. Uca Allah dünya həyatındakı bəzi şeylərin bizə cazibəli göstərildiyini bildirmiş, eyni zamanda dünyadakı nəsibimizi də unutmamağımızı tövsiyə etmişdir.

İnsanlar üçün rəhbər olaraq göndərilən peyğəmbərlərin həyatlarına baxdığımızda Hz. Davud, Hz. Süleyman və Zülqərneyn (ə.s) kimi şəxsiyyətlərin mal-mülk ilə, Hz. Nuh, Hz. İbrahim, Hz. Yaqub və peyğəmbərimiz Hz. Muhammədin (s.ə.s) də övladları ilə imtahan olunduqlarını görürük. Deməli, peyğəmbərlərin uğurla keçdiyi bu imtahanı nümunə olduqları ümmətləri də keçə bilər. Buna görə də dünya və axirət tarazlığını unutmamalı, mal və ailə məsələsində bizi Allahı anmaqdan uzaqlaşdıran şeylər haqqında həssas davranmalıyıq. Uca Allah bizləri bu imtahandan müvəffəq çıxan bəndələrindən eyləsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz