Gənclərin 3 problemi
Gənclərlə danışdığımız zaman onların həyatında başlıca üç problemin şahidi oluruq. Bunlardan birincisi vaxtdır. Yəni var olan vaxtın düzgün qiymətləndirilməməsi.
Şikayət cümlələri isə: işlərimi çatdıra bilmirəm, dərslərim çoxdur, oxumağa vaxtım olmur, özümü inkişaf etdirmək üçün əlavə kurslara getmək istəsəm də vaxt tapa bilmirəm və s.-dir. Son dövrlərin ən aktual mövzularından biri olan “vaxt azlığından şikayət sindromu” artıq demək olar ki, əksər gənclərimizi öz ağuşuna alıb. Belə ki, gənclər görəcəkləri işlərin əhəmiyyətinə görə vaxtdan düzgün istifadə etmədikləri üçün nəticədə uzun bir zaman kəsimində planladıqları işlərin öhdəsindən minimal dərəcədə gələ bilirlər. Bu problemin öhdəsindən gəlmək və vaxtın düzgün idarə edilməsinin təşkili üçün isə müəyyən periodlarla gənclərə, əlaqədar təşkilatlar tərəfindən, zamanın düzgün idarə edilməsi - “time menecment” kursları və ya seminarları təşkil edilir. Bu seminarların effektivliyini təyin etmək də əlimizdə olmadığı üçün burda gənclərimizə problemlərinin həllində əvəzsiz rol oynayacaq bir neçə konkret həll yollarından bəhs etmək istəyirəm.
Bunun üçün ilk olaraq həyatımızdakı “vaxt oğruları”nı düzgün təsbit etməliyik. Bunlardan birincisi və ən əhəmiyyətlisi günün bütün saatlarında internetə çıxışı olan ağıllı telefonlarımızdır. Bizim bu sevimli əşyalarımız bir çox işlərimizin asanlaşdırılmasında əvəzsiz rol oynasa da, vaxtımızın itirilməsində də bilavasitə iştirak edir. Belə ki, ən azından bir sosial şəbəkədəki profilin idarə edilməsi kifayət qədər vaxt itkisi deməkdir. Bundan başqa, ünsiyyət platformalarından dostlarımızın göndərdikləri yerli və ya yersiz videoların izlənməsi də bizi daha əhəmiyyətli işlərimizdən uzaqlaşdırır. Əgər vaxtımızın böyük bir hissəsinin zay olmasına səbəb olan əlavə məşğuliyyətlərimizdən, pis vərdişlərimizdən və aludəçiliklərimizdən özümüzü uzaqlaşdıra bilsək, daha çox faydalı işlərin öhdəsindən gələ bilərik. Gənclərimiz unutmamalıdır ki, əslində boş vaxt yoxdur, var olan vaxtı düzgün qiymətləndirməmək var.
Gənclərimizdən eşitdiyimiz ikinci ən aktual şikayət isə “işsizlikdir”. Şikayət cümlələri isə: universitet oxumuşam, ancaq iş tapa bilmirəm; əlimdə yaxşı sənətim var, heç kim iş vermir; yaxşı pulum və ya məni tapşıran (daydayı) biri olmasa, iş tapa bilməyəcəm və s. şəklindədir. Əvvəlcə onu qeyd edim ki, universitet oxuyan bir gəncin ən başlıca vəzifəsi oxuduğu fakültəni ən yaxşı bir şəkildə oxuyub o fakültədən məzun olmasıdır. Tələbəlik illərindən maksimum istifadə edib ən azından bir xarici dili mükəmməl öyrənməsi isə vacib vəzifələrdəndir. Bir şeyi unutmamaq lazımdır ki, heç bir kapitalist onun kapitalının artmasına kömək olmayan bir əməkdaşı öz şirkətində işlətmək istəmir. Onun yerində siz də olsanız, eyni şeyi edəcəyinizdən əminəm. Sözümün canı isə odur ki, bir universitetdən məzun olmaq mütləq öz ixtisasına uyğun bir iş tapmaq demək deyil. Sən əvvəlcə onu düşünməlisən ki, sənin kimi eyni fakültəni bitirib iş axtaran onlarla rəqibin var. Sən onların içərisində ən güclüsü olmalısan. Öyrənmək isə sadəcə universitetlə bitmir. İnsan bir ömür boyu öyrəndiyi zaman uğur qazanır. Hər şeydən ümidini üzüb bir kənara çəkilmək isə acizlikdir. İstədiyini əldə edənə qədər çalışmaq sənin borcundur. Bunun üçün sənin Rəbbindən başqa heç bir dəstəyə ehtiyacın yoxdur. Özün üçün ən böyük dayaq elə sənin özünsən. Belə ki, əziz gənclər, siz ömür boyu qızıl olmağa çalışın, harda olmanızdan asılı olmayaraq bir gün sizi tapıb layiq olduğunuz dəyəri verəcək bir Allahın qulu çıxacaqdır.
Üçüncü və ən vacib problemlərdən biri də gənclərimizin zərərli vərdişlərə meyl etməsidir. Şikayət cümlələri isə: bir az dərdlərdən uzaqlaşmaq istəyirəm; bu vərdişim olmasa, daha çox uğur qazana bilərəm; neyləyim, məni heç kim başa düşmür və s.-dir. Qeyd etdiyimiz bu problem əvvəl haqqında danışdığımız iki problemlə birbaşa əlaqəlidir. Birinci mərhələdə vaxtını düzgün qiymətləndirə bilməyib özünü tələbata uyğun yetişdirə bilməyən gənc çox keçmədən özünü ikinci problemin, yəni işsizlik probleminin içərisində tapır. Bundan sonra heç bir faydalı işlə məşğul olmamaq da onu zərərli vərdişlərə istiqamətləndirir. Həyatda heç nəyin boşluq qəbul etmədiyini nəzərə alsaq, deyə bilərik ki, siz özünüzü yaxşılarla və faydalı şeylərlə təchiz etməsəniz, mütləq pislər və zərərli vərdişlər gəlib sizi tapacaq. Bunun üçün insan ömrünün ən məhsuldar illərindən olan gənclik illərini boş, işsiz və zərərli vərdişlərlə keçirmək heç birimizin karına deyil. Çox gec olmadan elə bu gün sənin əlindən biriləri canını (sağlamlığını), malını (işini) və vaxtını (zamanını) almadan sən onlara sahib çıx! Çünki sən onlara daha layiqsən!..
ŞƏRHLƏR