CAVAD BABA və 2018

CAVAD BABA və 2018

İrfan jurnalının 2018-ci ilin yanvar ayına nə yazım deyə düşünməkdə ikən Cavad babanın ölüm xəbərini almışdım. “Gənc gələcəyə ümid bəsləyərək yaşayar, qoca da keçmişinin xəyalları içində ölər” deyiblər. 

Gənclərin gələcəyi, yaşlıların da keçmişi var. Yazdıqlarıma baxsam, əqrəb çoxdan keçmişə dönüb...

İnsanlar gənclikdə dünyanı, ahıl vaxtlarında da gəncliyi düzəltməyə çalışarmış. Dünyaya baxıram, bunun harası nə qədər düzələcək? “Hansı yerim düzdür ki?!” deyən dəvə belə gördüyümüz bu dünyanın yanında əlif kimi görünür. Gəncliyə baxıram; bir deyil, minlərlə “Gəncliyə Yardım Fondu” gecə-gündüz işləməlidir...

İnsan yalnız bir mövzuda eqoist olmalı və “əvvəlcə mən” deməlidir: öz nəfsini tərbiyə etmək və əxlaqını gözəlləşdirmək mövzusunda. Bir hədisi-qüdsidə: “Ey Adəm oğlu, səni özüm üçün yaratdım; hər şeyi də sənin üçün yaratdım”, - deyilir. Ayeyi-kərimədə də: “O (Allah) ki, yer üzündəki şeylərin hamısını sizin üçün yaratdı...” - buyurulur. Bu iki sözü uşaq saflığı ilə həmişə nemət, maddə mənasında başa düşmüşəm. Madam ki, bu dünyada ayrılıq, aclıq, müharibə, şeytan, ölüm, xəstəlik, göz yaşı və dərd var, o zaman bunların hamısı bizim üçündür.

Bişkekdə yerləşən Abdulkərim Saltuk Buğra Xan məscidi mübarək məkanlardan biridir. Cümə günləri arxa-arxaya gələn dəniz dalğaları kimi müsəlmanlar hər tərəfdən məscidə tərəf axışar. Bu məscidin tam qarşısında yerləşən alış-veriş mərkəzinə böyük bir dairə şəklində reklam asılıb: “Black friday %50 ye çeğin arzandatu” (Qara Cümə münasibətilə  50% endirim). Minlərlə müsəlman cümə namazını qılır və çölə çıxanda “black friday” yazısını oxuyur, keçib gedir. Bəzən ingiliscə bilməmək də yaxşı işdir.

Cümə günü axşam telefona zəng gəldi və Cavad babanın ölüm xəbərini verdilər; infarkt keçirib vəfat edib. Ey telefon! Sən də alkoqol kimisən; zərərin xeyrindən çox olmağa başladı...  

Həyat ilə ölüm bir-birinə qarışmayan iki dəniz kimidir: birinin suyu şirin, digərininki duzlu.

Cavad baba yeddi yaşında ikən qara qatara mindirilərək (1943) yurdundan çıxarılmış bir axısqalıdır. İki il əvvəl həccə getmişdi. Həccə getdiyi zaman onlarla hacının vəfat etdiyi kran qəzası baş vermişdi. Kranın aşdığı gün Cavad babanın evində “ona nəsə oldu?” deyə bir narahatlıq başlayıb. Narahatlıq davam etməkdə ikən evin giriş qapısına bir cüt göyərçin qonaraq şüşəni dimdikləri ilə taqqıldadıb. Evdəkilər bunu xeyrə yozaraq: “Cavad baba sağdır” deyiblər.

Cavad babanın ən mühüm xüsusiyyəti üzünün daim təbəssüm etməsi idi. Rəsulullahın (s.ə.s) ən çox işlədiyi sünnə də təbəssüm etmək imiş. Cavad babanın vəfat xəbərini onu adıyla tanımayan birinə deyəndə mənə: “O saqqallı, həmişə gülərüz olan babanı deyirsən?” - dedi. Saqqala ən çox yaraşan şey nədir? Üzərində şirin bir dil və təbəssüm edən bir üzün olması deyilmi?

Cavad babanın xanımının cənazəsində də iştirak etmişdik. Bədən dili üzrə mütəxəssislər həmin gün Cavad babanın üz mimikalarına baxsa: “Bu baba yoldaşını itirməyib, heç üzgün deyil, hətta kefi yerindədir”, - deyərdilər. Biz Cavad babanı təsəlli etmək üçün yanına yaxınlaşdıq, amma o bizi təsəlli etməyə başlayaraq: “Ölüm Allahın hökmüdür, onun əmridir; hamımız axirət yolçusuyuq”, - demişdi. Başqa bir yaxın qohumunun cənazəsində də Cavad baba yenə eyni əhvalda idi.  Axirətə iman və ölümü mənimsəmək onun ətinə-sümüyünə işləmişdi.

Cavad babanın dəfn günü belə bir xəbər oxudum: “85 yaşındakı Milton evindən çıxıb 2 km boyunca yeriyir və körpüyə çatanda heç düşünmədən özünü aşağı atır. Geridə qoyduğu qeyddə belə yazılmışdı: “Əgər yol boyu bir nəfər mənə təbəssüm edərsə, intihar etməyəcəyəm”. Cavad baba, Milton səni görsəydi, indi həyatda olardı.

İnsanların, demək olar ki, hamısı təbəssüm etməyi və etdirməyi unutdu. İndi ancaq “xoş gəlmisiniz” deyərək məcburi, göstərməlik təbəssüm edirlər. Artıq gülmək üçün də bilet almaq, pul ödəmək tələb olunur.

Cavad baba vəfatından iki gün əvvəl həftəlik söhbət məclisimizə gəlmişdi. Söhbətin başında əlini sıxıb salamlaşdım, söhbət bitəndə də sağollaşıb ayrıldım. Mən gələn həftə yenə görüşəcəyimizi düşünmüşdüm. Məgər görüşmək məhşərə qalıbmış...

Rəsulullahın (s.ə.s) “Namazınızı son namazınız kimi qılın” kəlamı: gördüyünüz işə dəyər verin, tələsə-tələsə görməyin, böyük yolçuluğunuzu unutmayın mənasındadır. Cavad babadan söhbət günü ayrılarkən sanki bir daha görüşməyəcəkmiş kimi ayrılsaydım, onun gözlərinin içinə baxar, qucaqlaşar və halallaşardım. 2018-ci ilə girdik. Bu ili də sanki ömrümüzün son ili imiş kimi yaşamağa çalışmaq lazımdır.    

Cavad babam! İmtahan dünyasında stressi idarə etməyin ən yaxşı üsulu iman və təbəssüm etməkdir. Hər iman edən təbəssüm edə bilmir. Amma sən bunu bacardın. Allah rəhmət etsin!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz