Psixoloji Təhlil
Evlənmək istəyənlərin əllərini bağlayan zəncirlər
Evlilik yaşı keçənlər ən çox deyirlər ki,
- Doğrudur, təbii ki, bizim evlənmək yaşımız ötür, amma biz şəxsi evimiz olmaya-olmaya necə ailə qura bilərik?!
- Bizim hələ avtomobilimiz və yaxşı gəliri olan işimiz yoxdur.
- Biz hələ toyun ağır xərclərini, gəlinin özü və qohum-əqrəbası üçün alınacaq hədiyyələrin xərcini ödəyə biləcək qədər pul toplaya bilməmişik.
- Biz hələ toy mərasimi keçirmək üçün böyük və münasib yer tapa bilməmişik. Hələ, hələ...
Qız tərəfində də bənzər ifadələr işlənir:
- Biz qızımızın ailə qurmasına necə razılıq verək? Ona hələ ideal, yaxşı qazancı olan, gəlirli işə sahib, vəzifəli, ev-eşiyi olan, gözəl görünüşlü, adlı-sanlı və s. elçi gəlməyib. İndiyə kimi gələn elçilərdə bu şərtlərin bir və ya bir neçəsi olmayıb!
- Bundan əlavə, hələ lazımi cehiz tədarükü də görməmişik. Mebel, xalça, soyuducu, paltaryuyan maşın, müxtəlif qab-qacaq servisləri, ütü, tozsoran maşın, tikiş maşını və s. kimi ev əşyalarının da bəzisindən kəsirimiz var.
- Belə bir şəraitdə qız köçürmək abır-həyamızın getməsindən başqa bir şey olmaz. Allah bu cəmiyyətin cəzasını versin ki, bizim əl-ayağımızı bağlayan bu qədər adət-ənənə düzəldib. Nə edə bilərik, şəraitin çətinliyi və mühit bizə bundan başqa cür addım atmaq imkanı vermir...
Bunlar bəzi gənclərin və onların valideynlərinin həyat əhəmiyyətli evlənmək istiqamətində addım atmamaları üçün gətirdikləri qondarma bəhanələrdir. Alimlərdən biri deyir: “Həyat iki hissədən ibarətdir: onun birinci hissəsi ikinci hissəyə ümid bəsləməklə, ikinci hissəsi isə birinci hissənin həsrət və peşmançılığını çəkməklə keçir”. Əgər “ümid” sözünün yerinə “xülya” sözündən istifadə edilsə, həmin söz daha dolğun səslənər və belə olar: “Həyatın birinci hissəsi ikinci hissə barəsindəki xülyalar ilə, ikinci hissə isə birinci hissənin həsrət və peşmançılığı ilə zay olub keçir”.
Bunun bariz nümunəsi evlənə bilməyən gənclərdir. Onların ömrünün yarısı ideal həyat yoldaşı axtarışına sərf edilir, ikinci hissəsi isə birinci hissənin həsrət və peşmançılığını çəkməyə. Hər halda, bu gənclərə və onların valideynlərinə demək lazımdır ki, bu yanlış adət-ənənələri siz özünüz yaradıb öz əl-qolunuzu zəncirləmisiniz. Ailə həyatı üçün boş və yüz faiz xülyaya əsaslanan minanı siz özünüz yaradır və xəyali bir xoşbəxtliyə qovuşmaq üçün həqiqi xoşbəxtliyi itirirsiniz.
Əmin ola bilərsiniz ki, öz səadətiniz üçün cızdığınız bu planlar sizi əsla xoşbəxt etməyəcək. Bu həqiqəti bütün sınaq və təcrübələr də təsdiq edib.
Bu bəhsəbəhslik, bir-birini korkoranə yamsılamaq, zəruri olmayan işlərə bu qədər əhəmiyyət vermək, həyatın gözünə taxılmış bu çaşdırıcı eynəklər, bu geniş və sonsuz təvəqqelər, bu yalançı röyalar və aldadıcı ilğımlardır – bu zəncirlərdir sizin əl-qolunuzu bağlayan və bir gənc olaraq ən zəruri işləri yerinə yetirməyinizə mane olan.
Əgər siz gənclər və siz valideynlər bir az qətiyyət göstərsəniz və iradəli olsanız, bu kölgəlik-xülya və təxəyyül köləliyinin zəncirlərini qırsanız, bu bütləri sındırsanız, ruhunuzun nə qədər azad olduğunu, nə qədər rahat, nə qədər xoşbəxt olduğunuzu görərsiniz.
Məgər siz gəncliyinin ilk illərində ev və digər yaşayış vasitələrinin hamısı hazır olan hansı gəncə rast gəlmisiniz ki, indi özünüz və ya həyat yoldaşınızdan belə bir şey gözləyirsiniz?! Gördüyünüz hər kəs sıfırdan başlayıb. Dədə-babası zəngin olan, havayı pul əldə edənlər ola bilər, lakin onlar da, bir çox hallarda bu imkanların qədrini bilmir, maddi imkanlar əldən çıxır və ya onlara xoşbəxtlik gətirmir.
İşləri çətinə salmayın. Sadə şərait və evlənmək meyli yarandıqda isə başlayın.
Təəccüb etməsəniz, deyərdim ki, bizim nəzərimizcə bəzək-düzəksiz, sadə və asan bir evlilik, hətta tələbəliklə də uyğun gəlir; əlbəttə, o şərtlə ki, tərəflər evliliyin düzgün mənasını dərk etsinlər.
Onlar həm də bunu dərk etməlidirlər ki, yaradılış aləminin hər şeyi tədricidir və yaxşı həyat şəraiti də tədricən düzəlir. Buna görə də tələbələr gərək mövcud imkanlar daxilində hərəkət etməyi bacarsınlar.
Bu dəbdəbə və xülyalar səhrasında sərgərdan qalan gənclər sanki evlilikdə əsas şeyin bir-birini başa düşən, həyatın düzgün mənasını dərk edən və bir-birini sevən iki insan olduğunu unudublar.
Əgər bu iki əsas sütun, yəni həmin düzgün dərkə malik bu iki insan mövcud olsa, qalan şeylər zamanla əldə edilər. Əgər bu dərk edilməsə, digər şeylər heç vaxt xoşbəxtlik gətirməyəcəkdir.
ŞƏRHLƏR