"EVDƏ QALMAQ"

"EVDƏ QALMAQ"

Ataların yaxşı bir misalı var; deyir, tez evlənənlə tez yuxudan oyanan uduzmaz.

 Lakin günümüzdə gənclərimiz nəinki tez evlənmək, ümumiyyətlə evlənmək  istəmirlər. Bu tendensiya yalnız ölkəmizdə deyil, digər ölkələrdə də belədir. Son zamanlar dünyada evlilik yaşı xeyli yüksəlib. Gənclər, xüsusilə də oğlanlar artıq əvvəlki kimi 20 yaşlarında ailə həyatı qurmurlar. Evlilik yaşının artmasına səbəb olan bir neçə amil var. Təəssüf ki, son illər cəmiyyətdə mövcud olan problemlər - istər mənəvi, istərsə də sosial, iqtisadi, psixoloji - elə bir şərait yaradıb ki, insanlar müstəqil həyata tam hazırlaşa bilmirlər. Əvvəllər həyat bir qədər sadə idi. Ailə  haqqında müəyyən təsəvvürlər, standartlar  var idi. Hamı bilirdi ki, filan yaşa çatanda artıq evlənmək lazımdır. İndi isə şərtlər xeyli qarmaqarışıq hal alıb. Bu da bir çox yeni problemləri özü ilə bərabər gətirib. Məsələn, bir neçəsini sadalayaq:

Dəyişən dəyərlər

Sosioloqlar  qeyd edir ki, cəmiyyətdə yaranan yeni dəyərlər evlilik yaşının artmasındakı səbəblərdən biridir. Digər tərəfdən, iqtisadi problemlər də var. İndiki  vaxtda  gənclərin əksəriyyətinin şəxsi mənzili yoxdur.  Eyni zamanda onlar kirayə mənzildə də qalmaq istəmirlər. Əvvəllər Azərbaycan ailələrində  qız  oğlanın valideynləri ilə birlikdə yaşaya bilirdi. İndi isə bu tendensiya zəifləyib. Çünki qızların çox azı valideynlərlə yaşamağa razı olur. Yaxud, hər valideyn də  ailə içində yeni ailənin yaranmasını istəmir. Bu istiqamətdə də dəyərlər dəyişib. İndiki gənclərin 90 %-i yalnız  fərdi mənzili olandan sonra ailə həyatı qurmaq istəyir. Həmçinin hazırda stabil iş sahəsi də yoxdur. Əvvəllər  hər kəsin bir sahədə işləmə və qazanc əldə etmə imkanı daha çox idi. İndi çox az adamın maaşı ailə saxlamağa imkan verir. Üstəlik cəmiyyətimizdə yaranan geyim yarışı, yeni-yeni toy modelləri də həyatı çətinləşdirib. Əvvəllər bir ailəni saxlamaq asan idisə, indi ailəni maddi cəhətdən təmin etmək xeyli çətinləşib. Məsələn, əvvəllər kiçiklər böyük  bacı-qardaşlarının paltarlarını geyinib böyüyürdüsə, indi nə valideynlər, nə də uşaqlar bunu düşünmək belə istəmirlər. Dəbdəbəli həyat  daha çox gündəmdədir. Bütün bunlar indiki vaxtda evlilik yaşının yüksəlməsinə gətirib çıxarır.

Pul qazanmaq

Bir peşə sahibi olduğunuzu deyə bilmək üçün iş tapmaq və gündəlik xərcləri qarşılayacaq mütəmadi gəliri əldə etmək lazımdır. Hazırda gənclər iş tapmaq, dolayısilə pul qazanmaq üçün təhsilin daha vacib olduğunu düşünür. Belə ki, oxumaq, universitet bitirmək hazırda bir prioritetdir. Bu prosesdə normal bir şagird məktəb dövründən etibarən  universitet imtahanlarını keçmək, ali təhsilini tamamlamaq, magistr, doktorantura və s. haqda fikirləşir. Sonda yaşının 25-26-ya çatması bu mərhələləri müvəffəqiyyətlə keçməsi halında gözləniləndir. Sonra təxirə salınmış hərbi xidmət prosesi, iş tapma prosesi əlavə olunur və bir insanın evliliyinə mane olan təbii maneələr 28-30 yaşlarına kimi gedib çıxır.

Evlənmə yaşı

Nəslin davam etməsi və xoşbəxt bir ailə həyatının təmin edilməsi üçün ilk növbədə nikahın tələblərini yerinə yetirməyin vacib olduğu dərk edilməlidir. Həyati əhəmiyyəti olan bu missiya, hər insanın bunu şərtlərinə uyğun olaraq yerinə yetirməsi ilə həyata keçirilir.

Ekspertlərin ümumi rəyinə görə, çox erkən yaşda evlənmək, necə ki, məsləhət deyil və bir çox təhlükələri özü ilə gətirir, gələcək yaşlara nikahın təxirə salınması da eyni dərəcədə təhlükəli ola bilər. Normal yaşlarında ailə həyatı qura bilməyən kişilər otuz-otuz beş yaşını keçdikdən sonra “şübhə və qeyri-müəyyənliyə” məruz qalırlar. Daha sonra onların ruhi tarazlığı və davranışlarında pozuntular yaşanır. İyirmi beş yaşına qədər evlənə bilməyən qızlar isə “ümidsizliyə” və tədricən “təkliyə” itələnməklə müxtəlif komplekslərə düçar ola bilirlər.

“Evdə qalmaq” qorxusu

“Evdə qalmaq” sözü əvvəllər yalnız qızlar üçün istifadə edilirdi. Bu günün sosial, mədəni və iqtisadi şərtləri qadın və kişilər dünyasına bərabər təsir etdiyi üçün “evdə qalmaq”  sözü indi kişilər üçün də istifadə olunur.

İnsan sosial varlıq olduğu üçün həyatını ailə mühitində və cəmiyyətdə dostlarla bölüşərək keçirərsə, bu, onun üçün daha mənalı olur. İnsanın ən yaxşı dostu həyat yoldaşıdır. Buna görə, vaxt və qaydalarına uyğun olaraq hər kəs evlənmək məcburiyyətindədir. Həyat evli olmayan və tənha insanlar üçün bir zindan kimidir. Bu zindandan qurtulmaq və işıqlı bir həyata addım atmaq üçün ailə qurulması şərtdir!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz