Rəsulullah buyurdu ki...

Rəsulullah buyurdu ki...

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allahın Rəsulu sizə nəyi verdisə alın, nədən də cəkindirdisə ondan uzaq durun”. (əl-Həşr, 7)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

  63 illik ömür təqviminə sığdırılan o möhtəşəm həyatın ümmətinin həm seçkinləri, həm də sıravi heyranları tərəfindən misilsiz bir məhəbbət və ehtiramla qəlblərdə bu gün də davam etdirilməsi nəbəvi mirasın bəşəri yaddaşdan silinməsi naminə açılan iyrənc müdaxilələrə rəğmən bu mübarək mirasın sinələrdə ilahi iznlə qorunduğunu göstərən əvəzsiz bir sübutdur. Əldən-ələ xüsusi bir diqqətlə ötürülən olimpiya məşəli kimi, 1400 ildir ki, yaşam şərtlərinin həm acı, həm də amansız fəlakətləri qarşısında, hücumlara, sürgünlərə, soyqırımlara, talanlara boyun əymədən qəlbdən-qəlbə ötürülən Allah və Rəsuluna bağlılıq mirası sönmək bilməyən əbədi bir qurtuluş çırağı kimi Adəm övladlarını Haqqa bağlamaqdadır.

Bu mübarək əmanəti həm daşıyan, həm də ötürən ruhların sahib olduğu mənəviyyat isə dillərdə dastan olacaq bir məna incisidir. Bir könül əhlinin ifadələri bu hikməti necə də gözəl açıqlamaqdadır: “Əgər ölməm gərəksəydi, sadəcə üç şeyin sevgisi üzündən dünyada qalmaq istərdim: Birincisi, səcdə etmənin verdiyi zövq; ikincisi, isti bir yay mövsümündə ixlasla Ramazan orucunu tutma istəyi; üçüncüsü isə insanların Allah üçün bir-birinə duyduğu məhəbbət üzündən”. Əgər Allah rizası üçün duyulan məhəbbət Rəsulullaha (s.ə.s) yönəlik olarsa, bu istiqamətdə hesablara sığmayacaq mənəvi qazancın ölçüsünü İmam Rəbbani həzrətləri belə açıqlayır: “Allah-Təala biz müflis, aciz və biçarə qullarını əvvəlkilərin və sonrakıların əfəndisi olan Rəsulullaha tabe olmaqla şərəfləndirsin və bu hal üzrə istiqamətdə olmağı bəxş etsin. Elə ki, can atdığımız, Allahın razı olduğu bu bağlılığın bir zərrəsi bütün dünyəvi ləzzətlərdən və axirət nemətlərindən qat-qat üstündür”.

 Bəli, Rəsulullah (s.ə.s) ilə aramızda meydana gələcək bağlılığın zərrəsinin qiyməti bu qədər ucadır. Bu ucalığı könül aləminin zirvəsinə tac edən Muhamməd Ərğiyani həzrətləri Rəsulullahın (s.ə.s) ismi qarşısında sərgilədiyi  böyük ehtiram və nəzakəti ilə seçilən bəxtiyarlardandır. Ərğiyani həzrətləri yolda gedərkən üzərində tam yüz min hədis daşıyardı. Yəni libasının ciblərində yüz cüzdən, hər cüzdə də incə xətlə yazılmış min hədisdən ibarət bir külliyat mövcud idi.

Bu halı ilə məşhur olan Rəsulullah aşiqindən bir gün hədis oxumasını xahiş etdilər. Bir anda sanki hər şey dəyişdi. Bu istək qarşısında qəlbi şiddətlə döyünən Ərğiyani həzrətləri təmsil edəcəyi zatın Allah (c.c) qatındakı dəyəri qarşısında mənən diz çökdü. Muhammədi Nurun lətafətlə oxşadığı ruhi duyğuları peyğəmbər fədaisini dünya və axirətin hesabsız qayğılarından bir anlıq azad etdi. Can qulağının kamil bir fərasətlə dinlədiyi mərifət əsintiləri Ərğiyani həzrətlərinin ətrafına əmsalı nadir görülən sevgi parıltıları səpməyə başladı: “Həbibim! Sən olmasaydın, qulluq edilməzdim, birlənməzdim. Çağırılmazdım, icabət edilməzdim. Dua edilməzdim, dualara qarşılıq verməzdim. Batin və Zahir olmazdım. Sən olmasaydın, əmr etməz, gizləməz, açıqlamazdım. Xəbər verməz, işarət də etməzdim”. Sözünü söyləyəcəyi o mübarək zatı könül yuvasında bu şəkildə idrak edən Ərğiyani həzrətləri sözə başladı: “Evladım! “Namazı dosdoğru qılın, zəkatı verin, Rəsula itaət edin ki, sizə mərhəmət edilsin” (ən-Nur,56), - deyə Rəbbimizin Həbibinə itaəti mərhəmət edilməmiz üçün vacib qıldığı Rəsulullah (s.ə.s) buyurdu ki ...” İfadəsinin davamını hıçqırıqlar əvəz etdi. Bir az sonra özünə gəldi və: “Övladım! “Kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar Allahın nemət verdiyi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və saleh kimsələrlə bərabərdir” (ən-Nisa,69), - deyə Rəbbimizin şanını bu qədər uca tutduğu Rəsulullah (s.ə.s) buyurdu ki ...” Yenə ifadəsinin davamını gətirə bilmədi. Göz yaşlarına boğulan və həyəcandan titrəyən vücudu Rəsulullah (s.ə.s) eşqi ilə sanki fəryad qoparırdı.

Bu müqayisəsiz ehtiramla qəlblərə əmanət edilən ülvi məqamı açıqlayan Mövlanə həzrətləri belə buyururdu: “Sehrbazlar bir ulül-əzm peyğəmbərə (Hz. Musaya (ə.s)), Allaha yaxın bir qula müsabiqənin əvvəlində birincilik hüququ tanıyaraq göstərdikləri nəzakət, iltifat və hörmətlə əlaqədar tövhid əqidəsi ilə şərəfləndilər”. Ərğiyani həzrətləri də bu könül hıçqırıqları ilə qəlbləri Allah (c.c) və Rəsuluna (s.ə.s) qarşı məhəbbət və sevgi dolu bir təslimiyyətə dəvət edirdi. Rəsulullah sevgisi ilə qaynayan o zərif qəlbin əzmlə “Rəsulullah buyurdu ki...”ifadəsi ilə ətrafına bəxş etdiyi məna olduqca açıq idi. Bu əzmin ən ümdə istəyi ilahi əmrin, ilahi muradın Rəsulullaha (s.ə.s) itaət bəhsindəki qəti mövqeyini qulluq sükanının sarsılmaz rəhbərinə çevirməkdən qaynaqlanırdı.

“Bir Peyğəmbərin və ya Haqq aşiqinin könlü incinmədikcə Allah (c.c) hec bir qövmü rəzil və rüsvay etməmişdir” həqiqətini qəlblərin qiyamətə kimi unutmadan izləyəcəkləri nurlu cığır halına çevirməyə çalışan və bu hədəf uğrunda için-için ağlamaqdan gözlərini itirən Ərğiyani həzrətləri və onun kimi Haqq və Rəsulullah (s.ə.s) aşiqlərinin bu fədakarlığı maddi və mənəvi fəlakətlərin önündə sarsılmaz bir sipər oldu.  Rəbbimiz hər birimizi: “Kim Rəsula itaət edərsə, Allaha itaət etmiş olar!” (ən-Nisa,80) - kəlamına itaətdə canlı tutduğu qullarından etsın! Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz