Dözümlülük Nümunəsi
Azərbaycan tarixən dini tolerantlıq ənənələrini yaşadan ölkələrdən biri hesab olunur. Bunun ən bariz sübutlarından biri də ölkə ərazisində yerləşən müxtəlif dinlərə aid qədim və unikal abidələrin, məbədlərin, səcdəgahların həm dövlət, həm də cəmiyyət tərəfindən həssaslıqla qorunmasıdır.
Təkcə Şəkinin deyil, bütövlükdə ölkəmizin ən qədim abidələrindən sayılan Kiş kəndindəki məbəd bütün dünyada məşhurdur. Qafqazın ən qədim kilsəsi olan, qədim Şərq kilsələrinin dini ehkamları əsasında fəaliyyət göstərən Alban kilsəsinin tarixi kökü həvarilər dövrünə kimi gedib çıxır. Rəvayətə görə, İsa (ə.s) peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Qədim mənbələrdə də ilk kilsənin Kiş (Gis) kəndində tikilməsi haqda məlumatlar yer alır. Məbədin yerləşdiyi kənd iki min ildən artıqdır ki, “din, etiqad, pərəstiş” mənasına gələn “Kiş” adlanır. Eramızın I əsrinə aid edilən Kiş məbədi əsrlər boyu Qafqaz Albaniyası və kilsənin maarifləndirmə mərkəzi olub. Albaniyada xristianlığın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır. Müqəddəs Yelisey “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Kiş kəndindəki kilsəni təsis etdikdən sonra missioner səfərinə davam edir və atəşpərəstlərin ibadətgahı yerləşən Zerquni dərəsində qətlə yetirilir.
Xristian dini Albaniyada əsasən ərəb, yunan və ehtimal ki, ibrani dilində təbliğ olunduğu üçün yerli əhali yeni dini anlamırdı. Ola bilər ki, təbliğat zamanı tərcüməçilərdən də istifadə olunurdu. Azərbaycanın Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra Alban Kilsəsinin varlığına birdəfəlik son qoyulur. Belə ki, çar hakimiyyəti XIX əsrdə İran və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına öz sadiq nökərlərini - erməniləri köçürməklə bölgədə dayağını möhkəmlətməyə çalışırdı. Bunun məntiqi yekunu kimi erməni qriqoryan kilsəsi üçün hər cür şərait yaradılır.
Hələ 706-cı ildən başlayaraq ermənilər alban ruhanilərini sıxışdırmağa və ərəblərin nüfuz dairəsindən kənarda qalan dağlıq vilayətlərdə alban əhalisini qriqoryanlaşdırmağa başlamışdılar. Qriqoryanlaşdırma prosesi zamanı erməni kilsəsi Alban katolikosluğunun nüfuzunu tədricən heçə endirir, ərəb hakimlərinin əli ilə albanların bütün abidələrini – Alban mədəniyyətini xatırlada biləcək hər şeyi məhv edir. Erməni keşişləri Qafqaz Albaniyasının ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara (qədim erməni dili) çevirirdilər. Sonra isə albanların zəngin maddi-mədəni irsinin mənimsənilməsi istiqamətində addımlar ataraq tarixi saxtalaşdırırdılar. Lakin alban əhalisinin qriqoryanlaşdırılması və erməniləşdirilməsi prosesi uzun çəkir, çünki onlar albanların kəskin müqavimətinə rast gəlirlər.
Alban və erməni ruhaniləri arasında mübarizə davam edirdi. Vaxtilə bu torpaqlarda böyük nüfuz sahibi olan Alban kilsəsi erməni qriqoryan kilsəsinin əsrlər boyu sürən təhriki və məkri nəticəsində Çar Rusiyasının ədalətsiz qərarı ilə 1836-cı ildə ləğv olunmuşdur. Alban katolikosluğu ləğv olunduqdan sonra erməni ruhani hakimiyyətini tanımayan, erməniləşdirmə və qriqoryanlaşdırma prosesinə uzun müddət müqavimət göstərən Alban kilsəsinin ardıcılları evlərdə toplaşmağa üstünlük verdilər. Beləliklə, Alban kilsəsini xatırladacaq hər şeyi məhv etməyə çalışan erməni keşişləri öz istəklərinə tam olaraq nail ola bilmədilər.
Özünəməxsus xaç forması və təqvimi olan Alban kilsəsi udilərin qəlbində yaşayaraq varlığını günümüzədək qorudu. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının dövlət qeydiyyatına alınması Alban Kilsəsinin bərpası istiqamətində atılan ən böyük addımlardan biridir. Beləliklə, Alban- Udi dini icmasının müstəqilliyi bərpa olundu. Bu isə təsadüfi deyildir. Alban kilsəsinin bərpası ölkəmiz üçün olduqca böyük əhəmiyyət kəsb edir, çünki erməni qəsbkarları ölkəmizə qarşı torpaq iddiaları irəli sürərkən qədim xristian alban məbədlərini mənimsəməyə, Alban kilsəsinin nüfuzunu kiçiltməyə, onun zəngin irsinə yiyələnməyə çalışırlar. Azərbaycanın mənəvi irsinin tərkibində yer alan alban mədəniyyəti və etnosu müəyyən transformasiyaya məruz qalsa da, bu mədəniyyətin bir sıra zəngin və qədim ənənələri günümüzədək qorunub saxlanmışdır.
Həm yazılı qaynaqlar, həm də arxeoloji və tarixi-etnoqrafik araşdırmalar qədim alban еtnoslarının təbiət qüvvələrinə, göyə, Aya, Günəşə sitayiş etdiyini, bu inanclar sistemini xiristianlıq və islam ideologiyalarının tərkibində də yaşatdığını təsdiqləyir. Halbuki bu qədim abidələrin bilavasitə varisi Azərbaycan xalqı və onun tərkib hissəsi olan udinlərdir. Tarixən Azərbaycan ərazisində yaşayan azsaylı xalqların təkidi, əzmkarlığı və dözümlülüyü nəticəsində milli-mədəni irsə aid olan abidələrin erməniləşdirilməsinin qarşısının alınması dəyərlərin qorunması uğrunda atılan ən böyük addımlardan biri olmuşdur.
ŞƏRHLƏR