XOCALIDAN SEREBRENİTSAYA
Bundan təxminən beş il əvvəl idi. Balkan yarımadasında Bosniya-Herseqovinanın paytaxtı Saraybosnada təşkil olunan “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalıdan Serebrenitsaya Soyqırım” adlı beynəlxalq tədbirdə iştirak edirdik.
Serebrenitsada yaşanan vəhşiliklərin erməni terroristlər tərəfindən Xocalıda yaşanan vəhşət və soyqırıma çox bənzədiyini müşahidə etdik. Hər ikisində də ağlasığmaz vəhşiliklər işlənmiş və yaşlı-gənc, uşaq, qadın demədən məsum insanlar hədəf alınmışdır.
Coğrafi ərazilər fərqli olsa da, Türk-İslam Mədəniyyətinə qarşı olan düşmənliklər və acımasızlıqlar eyni idi. Qan, göz yaşı, zülm və vəhşilik...
Mərhum Mehmed Akif bizə mədəniyyət dərsi verməyə çalışan könül coğrafiyamızın düşmənlərinin halını necə də gözəl ifadə edir: “Mədəniyyət dediyin tək dişi qalmış canavar!”
Xocalıda erməni terroristləri tərəfindən 26 fevral 1992-ci ildə, bundan üç il sonra isə Avropanın mərkəzində 11 iyul 1995-ci il tarixində serb əsgərləri tərəfindən Bosniyanın Serebrenitsa şəhərində məzlum insanlara qarşı dəhşətli qətliamlar həyata keçirilmişdir. Sadəcə Serebrenitsada 8372 nəfər vəhşicəsinə qətl edilmişdir. 26 fevral 1992-ci il Xocalı qətliamında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində xeyli sayda Azərbaycan vətəndaşı ermənilər tərəfindən öldürülmüşdür. Qətliam rus ordusunun moto-atıcı alayı tərəfindən dəstəklənən erməni silahlı qüvvələri tərəfindən gerçəkləşdirilmişdir. Azərbaycanın verdiyi itki sayı 613 sivil olmuşdur ki, bunların 106-sı qadın, 83-ü azyaşlı uşaq idi.
Serebrenitsa və Xocalı soyqırımları insanların milli və dini kimliklərini hədəf almışdır. Yuqoslaviyanın dağılması ərəfəsində serblər müsəlman boşnakları qətl edərkən Osmanlı dövlətindən qisas aldıqlarını düşünürdülər. Xocalıda isə ermənilər məsum insanları qətl edərkən qondarma erməni soyqırımının intiqamını aldıqlarını düşünürdülər. Hətta Bosniyada divarlara: “Svi Turci u Turksku – Bütün türklər Türkiyəyə”, “Türkləri istəmirik”, “Bütün türkləri Türkiyəyə göndərəcəyik” yazılmışdı.
Xocalıda və Serebrenitsada insanlar müxtəlif üsullarla vəhşicəsinə qətl edilmişdir. Dünyanın gözü qarşısında həyata keçirilən soyqırımlara Qərb aləmi səssiz qalmışdır. Qərb mediası Xocalıda və Serebrenitsada baş verənlərə laqeyd yanaşmışdır.
Bu qətliamları həyata keçirənlər bir-birindən fərqli görünsə də, əslində eyni vandalizmin və istismar mədəniyyətinin canavarlarıdır. XX əsrin sonlarında müsəlman coğrafiyasında yaşanan bu iki dəhşət əsla unudula bilməz. Hadisələrə ikili standartdan yanaşan dünya orada baş verənləri bu gün anlamayıb haqqını verməsə də, əlbəttə, bir gün haqq və ədalət yerini tapacaqdır. Haqq və ədalət arayışımız böyüyərək davam etməlidir. Çünki burada qətl edilən məsum insanlar bizim mədəniyyət coğrafiyamızın insanlarıdır.
İnsanlıq tarixi boyu mədəniyyətlər dünyaya hökm etmə cəhdi göstərərkən, bəziləri yalnız gücə və vəhşətə yer vermiş, bizim mədəniyyətimiz isə daima haqq və ədalət tərəfdarı olmuşdur. Çünki mənsubu olduğumuz mədəniyyət inanc süzgəcindən süzülən İrfan mədəniyyətidir. Əlində güc və hakimiyyət olduğu zaman döyüş üçün çıxdığı səfərlərdə belə heç vaxt sivil və məsum cana qıymamışdır. Mədəniyyətimizin təməlində insanlığa, hətta bütün məxluqata qarşı şəfqət, mərhəmət və məhəbbət olmuşdur. Tarixdə bununla bağlı yüzlərlə fəzilət nümunəsi var...
Tarixi prosesdə Çin səddindən Adriatik dənizinə qədər olan coğrafiyada Türk-İslam mədəniyyəti böyük təsirə malik olmuşdur. Bu geniş torpaqlardakı Türk-İslam mədəniyyəti digər bölgə və qitələrdəki mədəniyyətlərdən fərqlənmiş, yeri gəldikdə müharibə etsə belə, əsla ədalət və insaf hüdudlarından kənara çıxmamışdır. Onlar fəth etdikləri yerlərə barış, hüzur və əmin-amanlıq aparmışlar. Getdikləri yerlərdə qılınc gücündən çox sevgi və ədalət gücündən istifadə etmişlər. Bu böyük Avrasiya coğrafiyasında meydana gətirdikləri mədəniyyət bütün dünyanı heyran qoymuşdur.
Bu səbəblə Bosniya-Hersoqovinanın qurucu prezidenti Müdrik Kral Aliya İzzətbeqoviç belə deyirdi: “Mən Avropaya gedəndə başımı önə əymirəm, çünki biz uşaq, qadın və qoca öldürmədik, heç bir müqəddəs məkana təcavüz etmədik. Halbuki onlar bu saydıqlarımın hamısını etdilər. Həm də Qərbin gözü qarşısında, Qərb mədəniyyəti adına...”
Bizim inancımızın təməlində yardımlaşma və birlikdə yaşama var. Cənab prezidentimiz İlham Əliyevin keçən ili İslam Həmrəylik ili elan etməsi, bu mənada bütün dünyaya verdiyi mesaj böyük əhəmiyyət kəsb edir. Çünki bu gün böyük təlatümlər yaşayan dünya sözün həqiqi mənasında mədəniyyətimizin ülvi səsinə və nəfəsinə möhtacdır…
Bütün bunlara baxmayaraq, bəzən öz mədəniyyətimizi öz insanımıza anlatmaqda çətinlik çəkirik. Elm dünyasının dahisi Prof. Dr. Fuat Sezgin bunun üçün “İslam mədəniyyətinin böyüklüyünü öz insanımıza anlatmaq başqalarına anlatmaqdan daha çətindir”, - deyir.
Bütün dünyanın sadəcə tamaşa etdiyi hər iki soyqırımda yaxın zaman ərzində iki ayrı dəhşət yaşanmışdır. Xocalı və Serebrenitsa Qərb mediasının gözünü yumaraq şahidlik etməkdən boyun qaçırdığı insanlıq dramıdır. Qisas duyğusunun son həddə çatdığı, yeganə günahı milli və dini kimliyi olan məsum insanların qətl edildiyi coğrafiyadır. Lakin arxasında dövlətlərin beynəlxalq mənfəət və əzələ nümayişi gizlənmişdir. Xocalı və Serebrenitsa… Hər ikisi insanların diri-diri basdırıldığı, hamilə qadınların qarnının yarıldığı, qız-gəlinin təcavüzə məruz qaldığı, kişilərin əl-ayaqlarının kəsildiyi, hətta cansız bədənlərə belə işgəncə olunan qətliamlardır.
Xocalı Ermənistan tərəfindən, Serebrenitsa isə serblər tərəfindən dünya tarixinə yazılan qara səhifədir. Hər iki hadisə Avropanın gözünün kor olduğunu, qulaqlarının tıxandığını göstərir. Bu qədər vəhşilik, soyqırım qarşısında dünya kor və kardır. Yalançı qınama və etirazla ədaləti gecikdirməyə çalışmaqda, bu tarixi vəhşəti zamana yayaraq unutdurmaq cəhdi içindədirlər. Böyük mütəfəkkir Cəmil Meriç bu xüsusa belə diqqət çəkir: “Zülmün olduğu yerdə tərəfsizlik etmək namussuzluqdur”.
Bu zülmə və haqsızlığa qarşı çıxmaq milli-mənəvi dəyərlərinə bağlı, ürəyi vətən, millət, bayraq və torpaq üçün döyünən, bu ülvi dəyərlər üçün lazım gəldikdə canını fəda etməkdən çəkinməyən gəncliyimiz və əsgərlərimizlə gerçəkləşəcək. Bunun ən gözəl nümunəsi “Cocuq Mərcanlı”dır; Azərbaycan Ali Baş Komandanının rəhbərliyi altında bu qədim torpaqlarımızda üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağının dalğalandığını göstərməkdir.
Bir daha Xocalı, Serebrenitsa, 20 Yanvar, Aprel şəhidləri başda olmaqla bütün şəhidləri rəhmət və minnətlə anırıq. Ruhları şad, məkanları cənnət olsun.
Son söz yerinə: “Cocuq Mərcanlıdan Xocalıya”.
ŞƏRHLƏR