Vitr Namazı İlə Bağlı Bəzi Məsələlər
Məlumdur ki, vitr namazı özünəməxsus bir sıra xüsusiyyətləri ilə digər namaz ibadətləri arasında fərqlənir.
Rükət sayı, yerinə yetirilmə vaxtı və qılınma tərzi baxımından fərz və nafilə/sünnə namazlardan seçilir. Məhz onun bu cəhəti üləma arasında fərqli və dərin mülahizələrin ortaya çıxmasına səbəb olmuşdur.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, vitr namazı haqqında sabit olan rəvayət özlüyündə dinən məsul sayılan, həddi-büluğ sahibi mükəlləf bir müsəlman üçün xüsusi tərzdə söylənmişdir. Hədisi-şərifdə bu haqda belə buyurulur: “Ey Quran əhli, vitr namazını qılın! Çünki Allah təkdir, təki sevər”. (Buxari, Dəavat, 69; Müslim, Zikr, 5-6) Bu rəvayət əsasında vitr namazının qılınması bəzi məzhəblərdə vacib, bəzilərində isə sünnə hökmü daşıyır. Namazın vacib olduğu görüşündə olan hənəfilər, yenə bu namazla bağlı rəvayət edilmiş: “Allah sizə bir namaz da əlavə etdi. Kim vitr qılmazsa, bizdən deyil” (Müsnəd, V/357; Əbu Davud, Vitr 2) hədisinə istinad edərək, “əgər ifadədə mütləq bir əmr varsa, bu, işin vacib olacağını göstərir”, deyərək onun dəlalət edən yönünü belə bir qaydaya əsas götürmüşdür. Hənəfilərə görə bu namazın fərqli hökmdə olması qeyd edilən hədislər əsasında Həzrət Peyğəmbərin (s.ə.s) onu əmr etmə şəklinin özünəməxsus xüsusiyyəti ilə əlaqəlidir. Belə ki, bu namaz özü fərz olmasa da, fərz namazlara bir əlavədən ibarətdir. Digər yöndən, hər üç rükətdə də qiraətin var olması onu fərz namazlarından ayıran bir xüsusiyyətdir. (Kasani, Bədai, I/271.) Çünki fərz namazlarda qiraət ancaq ilk iki rükət üçündür. Eyni zamanda, vitr namazının üç rükət qəbul edilməsi də nafilələrə (sünnələrə) oxşamamasından qaynaqlanır. Belə ki, bir hədisə görə: “Bütün nafilələr cüt-cütdür”. (İbn Rüşd, Bidayə I/379) Vitr isə təkdir (üç rükətdir). Həmçinin bu namazın səfərdə belə tərk edilməməsi və mütləq qılınması da onu sünnə olan namazlardan fərqləndirir.
Şafei, Cəfəri və digər üləma isə bu namazın sünnə olduğu görüşündə olub, aşağıdakı rəvayəti bunun üçün dəlil sayırlar: Rəvayətdə deyilir ki, Hz. Peyğəmbər belə buyurdu: “Üç şey var ki, mənə fərz qılınmışdır, ancaq sizin üçün nafilə hökmündədir: Vitr namazı, qurban kəsmək və quşluq namazı” (Müsnəd, I/231) . Hərçənd, Hənbəli və Maliki üləması da bu rəvayətə görə vitr namazının hökmü üçün “sünnə” desələr də, hənəfilər kimi onlar da yuxarıdakı hədislər əsasında vitri tərk edənin şəhadətinin qəbul olunmayacağını və yaxud bu namazın digər sünnələr kimi olmadığını və “vacib sünnə”, “sünneyi-müəkkədə” kimi ifadələrlə vəsf edərək nafilə (sünnə) namazlarından fərqli olduğunu da qeyd etmişlər. (İbn Qudamə, II/594)
Onun rükət sayılarına gəlincə, Şafei və Hənbəlilərə görə vitr namazı ən azı bir, ən çoxu on bir rükətdir. Hənəfilər isə Ubey ibn Kəbin rəvayət etdiyi “Peyğəmbər (s.ə.s) vitr namazını üç rükət qılar, rükudan əvvəl qunut oxuyardı” (Müsnəd, V/123; Əbu Davud, Səlat, 340) hədisi-şərifinə görə tək salam verməklə üç rükət qılınacağını qəbul etmişlər. Çünki rəvayətə görə: “Rəsulullah (s.ə.s) vitr namazını üç (rükət) olaraq, Səbbihismə Rabbikəl-əla, Qul ya eyyühəl-kafirun və Qul huvəllahu əhəd surələri ilə qılardı”. (Müsnəd Əhməd, IV /457) Bu rəvayətlərə əsasən onun digər variantlarının nəsx edildiyi və üç rükət olacağı hökmü də bəzi üləma tərəfindən əsas qəbul edilmişdir.
Hənəfi məzhəbinə görə vitr namazının üçüncü rükətində Fatihə və əlavə surə oxunduqdan sonra “Allahu əkbər” deyib əlləri qaldıraraq qunut dualarını oxumaq, sonra rükuya getmək lazımdır. Çünki vitr namazının həm özü, həm üçüncü rükətdə alınan təkbir, həm də oxunan qunut duaları vacibdir. Peyğəmbər əleyhissalamın da vitr namazını belə qıldığını Hz. Əli və Abdullah İbn Ömər (r.a) kimi səhabələr, həmçinin Ubey ibn Kəb xəbər verir. Rəvayətdə belə deyilir: “Rəsulullah (s.ə.s) üç rükətlə vitr namazını qılar, birinci rükətdə, ikincidə və üçüncüdə də surələr oxuyar və rükudan əvvəl qunut tutardı”. (Nəsai, Qiyamul-Leyl 51; Tirmizi, Vitr 10; İbn Macə, İqamə 117; Müsnəd, I/199-200) Ubey ibn Kəbin bu haqda rəvayətinin əsas alınmasının bir səbəbi də xəlifə Hz. Ömərin (r.a) Ubey ibn Kəbə ramazanda camaata təraveh namazı qıldırmasını əmr etdiyi vaxt, Ubeyin onlara vitr namazını bu cür qıldırmasıdır. (Əbu Davud, Səlat, 340.) Vitr namazı haqqında məhz bu rəvayətin əsas alınmasında məqsəd “xəbəri-vahid” rəvayətlərdəki bəzi məqbul şərtlərlə bağlıdır. Məlumdur ki, sünnə əhkamının böyük əksəriyyəti “xəbəri-vahid”lə sabit olmuşdur. Digər rəvayətlərlə əməl edilməməsi məsələnin insanlar arasında yayğın və məlum olan şeylər haqqında olması və eyni zamanda ravisinin müctəhid və fəqih səhabə olmamasına bağlıdır. Çünki Hənəfilikdə ziddiyyət təşkil edən rəvayətlərdə ravisinin fəqih olanına üstünlük verilmiş və onun rəvayəti qəbul edilmişdir.
Burada metod baxımından belə bir sual ortaya çıxa bilər: Hənəfilikdə iftitah (başlanğıc) təkbiri xaricində namaz içində təkbir əsnasında əllərin qaldırılması (intiqal təkbirindən sonra) yoxdur və bu, məzhəb əsasları baxımından ümumi bir qaydadır. Vitr namazı içində bunun ziddi olaraq, əlləri qaldıraraq “təkbir almaq” var ki, bu, məzhəbin fiqhi təməli kimi qəbul edilən bir məsələyə zidd deyilmi? Burada onu da qeyd edək ki, bəzi mülahizələrdə bu sualı hənəfilikdə Tahavi əqidəsi zəminində “müşkül bir məsələ”yə çevirib əslində Hənəfiliyi tənqid hədəfi edirlər. Bu, təəssübkeşlik xətasıdır və yolverilməzdir. Bilmək lazımdır ki, hənəfilik təkcə Tahavi əqidəsindən ibarət deyildir. İmam Tahavi (ö. 321/933) mütləq müctəhid kimi özü də məzhəb içərisində fərqli düşüncələrə sahib olmuş, bəzən tənqidi yanaşmışdır. (D.İ.A. 39/385.) İntiqal təkbirləri ilə bağlı məsələ əslində təkcə fərz və nafilələrlə bağlı bir məsələdir. Vitrlə bağlı olması isə bu namazın içərisində qunutun olması səbəbi ilədir. Hər şeydən əvvəl bu hal məhz yuxarıda qeyd edilən rəvayətlər əsasında hökmə bağlanmışdır. Necə ki, Hz. Ömərin (r.a) qunut tutarkən əllərini necə qaldırdığını Əbu Rafi rəvayət etmişdir. (Nəvəvi, Məcmu, III/500. Həmçinin bax: Şövqani, Neylul Əvtar, III/52; V. Zühayli, Fiqhu-l İslami, I/814.) Önəmli bir məsələ də budur ki, “qunut” namaz içində olsa belə, özü bir duadan ibarətdir. Qunut üçün əl qaldırmağın vacib olduğu bu təkbir, duaya keçmək üçün bir intiqal təkbiridir. Çünki təkbirdən əvvəl oxunan qiraət surə və ayələrdən ibarətdir. Məhz ayə ilə dua arasını ayırmaq və dua halına keçmək üçün təkbir alınması vacib bir əməl hesab edilmişdir. Allah ən doğrusunu biləndir.
ŞƏRHLƏR