BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللهِ مَنْ آمَنَ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلاَّ اللهَ فَعَسَى أُوْلَئِكَ أَن يَكُونُوا مِنَ الْمُهْتَدِينَ

“Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayanlar təmir edərlər. Məhz onlar doğru yolu tapanlardan ola bilərlər”. (ət-Tövbə surəsi, 18.)

Bu ayədə Uca Allah buyurur ki, məscidləri yalnız iman və ibadət əhli kimsələr təmir və bərpa edər, abadlaşdırarlar. Burada sadəcə onların özlərinin bu işdə çalışması yox, eyni zamanda bu tikinti və təmir işlərini öz maddi vəsaitləri hesabına başqalarına etdirməsi mənası da mövcuddur. Məscidlərin təmiri deyildikdə, müsəlmanların orada rahat bir şəkildə ibadət etmə şəraitlərinin minimum səviyyədə təmin olunması başa düşülə bilər. Hz. Peyğəmbərin (s.ə.s) dövründə məscidlər çox sadə bir quruluşa malik olmuşdur. Bir hədisində Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim Allah üçün bir ev (məscid) inşa edərsə, Allah da cənnətdə onun üçün bir ev inşa edər!” (Buxari, Salat, 65) Məntiq bunu tələb edir ki, məscidləri məhz Allaha ibadət edən kəslər tikər və təmir edərlər. Çünki məscid tikdirmək, yaxud təmir etdirməyin mükafatı axirətdə veriləcəkdir. Mömin olmayan kimsələrin belə bir ümid və inancları olmadığı üçün məscid tikintisi və təmirinə yanaşmazlar. Bunun əksinə, bəzi İslam düşməni kimsələr fürsət tapsalar, hətta məscidləri yıxmağa və xarab etməyə çalışarlar. Allah-Təala məscid tikməyə və onu təmir etməyə layiq olmaq üçün sadəcə Allaha və axirət gününə iman gətirməyi kifayət görməmişdir. Ayədə bu kimsənin eyni zamanda namaz qılıb zəkatını verən bir müsəlman olması, hətta eyni zamanda o kimsənin Allahdan başqa heç bir şeydən qorxmaması gərəkdiyi də ifadə edilmişdir. Bununla da məscid tikdirən, yaxud təmir etdirən şəxslərin gələcəkdə başqaları tərəfindən törədiləcək çətinliklərlə və təhdidlərlə üzləşə biləcəklərinə işarə edilmiş, onların da bu kimi təhlükələri gözə alacaqları ifadə edilmişdir. Sadalanan bu xüsusiyyətlərə sahib olmayan bir mömin isə hər hansı bir kafirin, yaxud zalımın təhdidindən qorxaraq bu işdən əl çəkə bilər.

Ayənin sonunda isə belə kimsələrin Allahın hidayət yolunda olacaqlarına dair bir ümid ifadəsi vardır. “عسى” feli ilə ifadə edilən bu ümid ifadəsi Qurani-Kərimin bir çox ayəsində işlədilmişdir. Qənaətimizcə bu kimi ifadələrlə Allah-Təala özünü doğru yolda görən möminlərin tamamilə arxayınlığa düşməmələrini və daima şeytanın onları haqq yoldan çıxartma təhlükəsi ilə üz-üzə olduqlarını bilmələrini murad etmişdir. Ən doğrusunu Allah bilir!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz