Haqq Dostlarından Hikmətlər Şeyx Sədi -5-
Şeyx Sədi həzrətləri buyurur:
“Gözəl əxlaqlı bir adamın ağzından gələn soğan iyi pis əxlaqlı birinin əlindəki güldən daha gözəldir” .
Xətasız olmaq yalnız Allah-Təalaya məxsusdur. Allahın bəşəriyyətə rəhbər olaraq göndərdiyi peyğəmbərlər belə “zəllə” adlanan qeyri-ixtiyari xətalar işləmişlər. Bu hal həm onların ümmətlərinə nümunə olmaları, həm də bir bəşər olduqlarının unudulmaması və şəxslərinə insanlar tərəfindən ilahlıq izafə edilməməsi hikmətinə görədir.
Saleh insanların da eynilə bu cür ümuma zərər verməyən cüzi xətaları ola bilər. Lakin onların yüksək ixlas, təqva və gözəl əxlaqları həmin kiçik xəta və qüsurları örtər.
Pis əxlaqlı, riyakar, təkəbbürlü və eqoist insanlarda müşahidə edilən zahiri gözəlliklərsə süni bərbəzəkdən ibarətdir. Onlarda qəlbi dərinlik, təqva, ixlas və səmimiyyət olmadığı üçün bu saxta gözəlliklərin heç bir qiyməti yoxdur.
Şeyx Sədi həzrətlərinin bu hikmətli bəyanındakı “gözəl əxlaqlı birinin ağzından gələn soğan iyi” ifadəsi məcazi misaldır. Pis qoxunun insanlara, hətta mələklərə əziyyət verdiyi, bu səbəblə də çiy soğan-sarımsaq yeyən bir adamın məscidə gəlməməsi istiqamətində nəbəvi xəbərdarlıqların olduğu məlumdur. Şeyx Sədi həzrətlərinin burada qəsd etdiyi isə saleh möminlərin nəfsə xoş gəlməyən zahiri nöqsanlarına ilişərək onlardan uzaq qalmağın böyük bir məhrumiyyət səbəbi olmasıdır. Çünki möminin vəzifəsi hər bir halda həqiqət əhlinin yanında yer almaqdır. Həmin saleh insanlardan mənəvi olaraq istifadə etməyə çalışmaqdır.
Digər tərəfdən kafirlərin və fasiqlərin əlindəki dünyəvi imkanlara və maddi nemətlərə baxıb onlara həsəd aparmaq isə ən böyük xəta və aldanışdır. Çünki həmin nemətlər nəfsə xoş gəlsə də, Quran ifadəsi ilə “مَتَاعٌ قَلِيلٌ” yəni “azacıq mənfəət”dir.
İlk müsəlmanlar Məkkədə min bir zülm, işgəncə, hətta boykota məruz qalmışdılar. Məsum körpələrin aclıq fəryadı qonşu məhəllələrdən eşidilirdi. Bu hal insanın müvazinətini sarsıdan çox ağır imtahan idi. Bəzi səhabələr belə dedilər:
“Biz Rəbbimizə qul ola bilmək üçün hər cür cəfaya qatlanırıq. Allaha üsyan edən kafirlərsə dünyada firavan yaşayır, rahatlıqla dolaşır, nemətlərdən istədikləri kimi istifadə edirlər…”
Bu zaman Rəbbimiz möminlərə dünyadan daha xeyirli olan axirəti seçmələrini ayeyi-kərimədə belə əmr etdi:
“Küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın! Bu, (axirət nemətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!
Lakin öz Rəbbindən qorxanları (ağaclarının) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allahın dərgahında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir”. (Ali-İmran, 196-198)
Rəsulullah r də belə buyurmuşdur:
“Cənnət nəfsin sevmədiyi şeylərlə (yəni saleh əməllərlə), cəhənnəmsə nəfsin arzuladığı və ona xoş gələn şeylərlə (yəni nəfsaniyyəti təhrik edən günahlarla) əhatələnmişdir”. (Buxari, Riqaq, 28; Müslim, Cənnət, 1)
Nəticə etibarı ilə mömin daima zəhmətlər içindəki rəhməti görə bilməlidir. Nəfsani arzulara, yəni xarici görünüşü parlaq, içi isə çürük meyvələrə meyil etməkdən uzaq durmalıdır.
Dünya cazibələrindən azad həyat sürən Həzrət Peyğəmbər r bu xüsusda da ümmətinə ən möhtəşəm nümunəni göstərmişdir.
Bir gün Həzrət Ömər t Allah Rəsulunun xaneyi-səadətinə gəlmişdi. Otağa göz gəzdirdi. Hər tərəf bomboş idi. Evin içində xurma yarpaqlarından hörülmüş bir həsir vardı. Rəsulullah ona söykənmişdi. Quru həsir Həzrət Peyğəmbər r-in mübarək vücuduna iz salmışdı. Küncdə bir miqdar arpa unu vardı, onun da yanında mismardan nimdaş bir su tuluğu asılmışdı. Bundan başqa heç nə yox idi. Ərəbistan yarımadasının Fəxri-Kainata tabe olduğu bir gündə Onun dünya var-dövləti bundan ibarət idi.
Həzrət Ömər t gördüyü bu mənzərə qarşısında içini çəkdi. Özünü saxlaya bilməyib ağlamağa başladı. Həzrət Peyğəmbər r:
- “Nə üçün ağlayırsan, ey Ömər?” - deyə soruşdu. O da:
- Niyə ağlamayım, ya Rəsulallah! Qeysər və Kisra dünya nemətləri içində üzür. Allah Rəsulu isə həyatını quru həsirin üstündə sürdürür”, - dedi.
Peyğəmbərimiz r Həzrət Ömərin könlünü alaraq belə buyurdu:
- “Ağlama, ey Ömər! Dünyanın bütün nemət və zövq-səfası ilə birgə onların, axirətin də bizim olmasını istəməzsənmi?!”[1]
Unutmamaq lazımdır ki, Haqq-Təala ən sevdiyi qullarını ən ağır çilələrə məruz qoymuşdur. Ən böyük məhrumiyyət və müsibətləri peyğəmbərlərinə, vəli qullarına və dərəcəsinə görə saleh möminlərə yaşatmışdır.
Beləliklə, onlar ilahi imtahan təcəllilərinə qarşı sərgilədikləri “səbir, riza və şükür” halı ilə ümmətə nümunə olmuşlar. Həmçinin bu səbirləri onlar üçün də müstəsna bir təzkiyə və dərəcələrinin yüksəlməsinə vəsilə olmuşdur.
Şeyx Sədi həzrətləri buyurur:
“Əmrinə müntəzir və xidmətində dayanan bir köləyə belə gərəksiz yerə və həddən artıq qəzəblənmə. Həddini bil. Çünki məhşər günü kölən azad olar, sərbəst buraxılar və onun ağası olan sən zəncirə vurularsan, bu, sənin üçün ən böyük rəzalətdir!..”
İnsan qədərini özü təyin edə bilməz. İlahi tənzim və təqdir nəticəsində bəziləri amir, bəziləri məmur olar. Kimisi zənginliklə, kimisi kasıblıqla imtahan edilər. Kimisi sahibkar, kimisi işçi olar.
Lakin cəmiyyətdəki bu dünyəvi məqamlar insanların əsas dəyər ölçüsü deyil.
Ona görə də qədərimiz gərəyi yüksək bir dünyəvi mövqe tutmuşuqsa, heç vaxt unutmamalıyıq ki, biz əmrimiz altındakıların yerində, onlar da bizim yerimizdə ola bilərdi. Biz onların yerində olsaq özümüzə qarşı nə cür rəftar edilməsini istəyərdik?
Rəsulullah r vəfatına yaxın belə vəsiyyət etmişdir:
“Aman, namaza diqqət edin! Aman, namaza diqqət edin! Əmriniz altındakıların haqlarına riayət edin!” (Bax. Əhməd, VI, 290, 315)
Elə isə biz də bu gün əmrimiz altındakılara Rəsulullah r -in bizə əmr etdiyi kimi rəftar etmək məcburiyyətindəyik.
Fəqət təəssüflər olsun ki, zəmanəmizdə “dünyəviləşmə” xəstəliyi sanki epidemiya kimi hər kəsə yoluxdu. Materialist düşüncə tərzi zehinləri və könülləri əsir aldı. Bu səbəblə insanların qiyməti əsasən malı, mülkü, məqam və şöhrəti ilə ölçülməyə başladı.
Halbuki insanın əsl dəyərini Allah-Təala belə açıqlayır:
اِنَّ اَكْرَمَكُمْ عِنْدَ اللّٰهِ اَتْقٰیكُمْ
“…Allah qatında ən dəyərli olanınız Ona qarşı gəlməkdən ən çox qorxanınızdır…” (əl-Hucurat, 13)
Yəni hər insan qəlbindəki “təqva” həssaslığı nisbətində qiyamət günü qiymət qazanacaq. Bu baxımdan kimin nə olduğu və hansı səviyyədə olduğu əslində axirətdə meydana çıxacaq. Qiyamət günü neçə-neçə sultanlar kölə, neçə-neçə kölələr sultan olacaq…
Qəbiristanlıqlar bu xüsusda dəhşətli ibrət lövhələridir. Bir çox əzəmətli sərvət sahibləri də, bunun əksinə, dünyada bircə çöpü olmayan yoxsullar da eyni torpağın altında yatırlar. Heç nəyimiz olmadan gəldiyimiz dünyadan maddi olaraq yalnız bir kəfənlə gedəcəyik. O da bir müddət sonra çürüyüb torpaq olacaq. Bu gün sahib olduğumuzu iddia etdiyimiz heç nəyi özümüzlə apara bilməyəcəyik. Qəbrimizə yalnız müsbət və mənfi əməllərimizlə girəcəyik.
Saleh əməllərlə ruhaniyyətini kamilləşdirən Haqq dostları fani ömürlərindən sonra da Allahın onları insanlara sevdirməsi nəticəsində könüllərdə yaşamağa davam edirlər. Bu Haqq dostlarından biri olan Yunus Əmrə həzrətləri fani dünyanın ibrət dolu mənzərəsini necə də gözəl təsvir edir:
Yalançı dünyaya qonub köçənlər,
Nə söylərlər, nə bir xəbər verərlər!..
Üzərində dürlü otlar bitənlər,
Nə söylərlər, nə bir xəbər verərlər!
Kiminin başında bitər ağaclar,
Kiminin başında saralar otlar,
Kimi məsum, kimi gözəl igidlər,
Nə söylərlər, nə bir xəbər verərlər!
Kimisi bəzirgan, kimisi xoca,
Əcəl şərbətini içmək də güc ha!..
Kimi ağ saqqallı, kimi pir qoca,
Nə söylərlər, nə bir xəbər verərlər!
Cahan sultanlarını irşad edən Əziz Mahmud Hüdayi həzrətləri də bu dünyanın həqiqətini misralarında necə də gözəl izah edir:
Kim umar səndən vəfanı,
Yalan dünya deyilsənmi?
Muhammədul-Mustafanı
Alan dünya deyilsənmi?
Əgər şahi, əgər bəndə,
Hər kişini salan bəndə,
Kimsə məkan tutmaz səndə,
Viran dünya deyilsənmi?
Xülasə, bu fani dünyada imtiyaz səbəbi sayılan məqam, rütbə, status, sərvət və şöhrət əbədi axirət həyatında heç bir dəyər ifadə etməyəcək. İnsanın səadət sərmayəsi iman, ixlas, təqva və saleh əməlləri olacaq.
Ona görə də bu gün dünyəvi şərtlərinə baxaraq heç kimə qarşı təkəbbürlənməmək lazımdır. Çünki qəlblərin pəncərələri Haqq-Təalaya açıqdır. Allahın qullarını xor görərək qəlblərini qırmaqdan həzər etmək lazımdır.
Əsl üstünlük son nəfəsdə qazananlardan ola bilməyə bağlıdır. Unutmayaq ki, bu gün əhəmiyyət verilməyən və xor görülən elə insanlar var ki, sabah, bəlkə də, qibtə ilə baxılan zirvədə olacaqlar.
Nə ibrətlidir ki, əcdadımız heç kimi xor görməmək əxlaqının cəmiyyətdəki təzahürü olaraq ruhi xəstələrə belə “möhtərəm acizlər” demişdir. Yəni onların insanlıq heysiyyətini qorumaq üçün “möhtərəm”, Yaradandan ötrü yaradılanlara şəfqətləri səbəbi ilə də “aciz” ifadəsini tərcih etmişlər.
Halbuki o dövrdə xristian Qərb dünyası psixi xəstələri içinə cin girməsi bəhanəsi ilə odda yandırırdı.
Deməli, hər mədəniyyət öz insan tipini meydana gətirir. İnsana baxışdakı nəzakət fərqi də həmin insan tipinin əsas xarakterinə güzgü tutur…
Şeyx Sədi həzrətləri buyurur:
“Hər üzü gözəl olanın surəti kimi sirəti də gözəl olmaz. Əsas məsələ könüldədir, zahiri görünüşdə deyil”.
Surət gözəlliyi Allah-Təalanın bir təqdiridir. İnsana verilən digər imkanlar kimi bir imtahan vəsiləsidir. İnsanlar yaradılış gərəyi fərqli irqlərdə və rənglərdə dünyaya gəlirlər. Qulun buna hər hansı bir dəxli yoxdur. Bir sözlə, yaradılışdan gələn bu xüsusiyyətlərin heç biri Allah qatında bir üstünlük və ya naqislik səbəbi deyil.
Bu nöqteyi-nəzərdən irqi təəssübkeşliyin heç bir məntiqi dəyəri yoxdur. Tamamən cəhalətdən qaynaqlanan axmaqlıqdır.
İnsanın rəngi, irqi, zahiri gözəlliyi sabah ilahi məhkəmədə qula heç bir fayda və ya zərər verməz. Qula faydası toxunacaq olan iman, ixlas və təqva ilə bəzənmiş “qəlbi-səlim”dir. Əsas məsələ ilahi hüzura “qəlbi-səlim” ilə gedə bilməkdir.
İlahi təqdir nəticəsində sahib olduğumuz zahiri gözəlliyin qazanc, yoxsa zərər gətirəcəyi qulun bu dünyada necə davranacağına bağlıdır. Yəni qul zahiri gözəlliyinə aldanıb nəfsani arayışlara girərsə və ya lovğalanaraq özünü başqalarından üstün görərsə, həmin nemət axirətdə ağır bir əzaba çevriləcəkdir.
Fəqət bunun əksinə, qul surət gözəlliyini sirət gözəlliyi ilə, yəni könül gözəlliyi ilə birləşdirib Rəbbinə şükrünü artırarsa, bu səfər də həmin nemət vəsiləsi ilə böyük mükafatlara nail olacaqdır.
Yaxud surət gözəlliyindən məhrum qalan bir qul Haqq-Təalanın təqdirinə riza göstərib səbir və şükürlə qulluğa davam edərsə, axirətdə bunun mükafatı ilə sevinəcəkdir. Əsas və əbədi həyat olan axirətdə hər kəsin surəti də bu dünyadakı sirətinə görə təcəlli edəcəkdir.
Necə ki, ayeyi-kərimələrdə insanların qiyamət günündəki halları belə təsvir edilir:
“O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, Onları zülmət (yaxud his) bürüyəcəkdir. Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!”. (əl-Abəsə, 38-42)
Xülasə, bədən torpağa veriləcək bir qurbandır. İnsanı ucaldacaq olansa “səlim” bir qəlbdir. Nəticə etibarı ilə möminin dərdi zahiri gözəlliyini artırmaqdan çox daxili aləmini təmizləmək, hissiyyatını gözəlləşdirmək, qəlbini iman nuru ilə bəzəmək olmalıdır.
Şair nə gözəl deyir:
İmandır o cövhər ki, ilahi, nə böyükdür!
İmansız olan paslı ürək sinədə yükdür…
Allah-Təalanın insanlıqda təcəlli edən ən müstəsna sənət xariqəsi, şübhəsiz ki, Həzrət Peyğəmbər r-dir. Haqq-Təala Onun müstəsna gözəlliklərini “siraci-münir”, yəni “nur saçan bir qəndil”ə bənzədir.[2]
O Varlıq Nuru güzgüyə baxıb münəvvər və mücəlla “surət”ini tamaşa etdiyi zaman dərhal əsas məsələnin “sirət” gözəlliyi olduğunu ifadə edərək:
“Allahım, yaradılışımı gözəl etdiyin kimi, əxlaqımı da gözəlləşdir”, - deyə dua edərdi. (Əhməd, I, 403; Beyhəqi, Şuab, VI, 262/4145, XI, 62/8184)
Allah-Təala belə buyurur:
“And olsun zamana ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!”. (əl-Əsr, 1-3)
Deməli, insan iman və saleh əməldən məhrumdursa, haqqı və səbri yaşayaraq tövsiyə etməkdən uzaq qalarsa, sahib olduğunu zənn etdiyi heç bir şeyin qiyməti yoxdur. Qəflət içində ömrünü hədər edən bir insan Yusuf u qədər gözəl olsa, Nuh u qədər uzunömürlü olsa, Süleyman u qədər var-dövlət sahibi də olsa, yenə ziyandadır. Əsas gözəllik, zənginlik və səltənət Allaha gözəl bir qul ola bilməkdir. Haqqa qul ola bilmək bu dünyadakı ən böyük sərmayədir.
Şeyx Sədi həzrətləri buyurur:
“Hər gözü, qulağı, ağzı olan kəs insan deyil. Elə şeytanlar var ki, Adəm oğlu qılığında görünürlər. Əsl insan əxlaqı gözəl olan, mümtaz və mükərrəm kəsdir”.
Unutmamaq lazımdır ki, əxlaqı gözəl olmayanın zahiri gözəlliyi əmanət alınmış bərbəzəkli bir libas kimidir. Əsas məsələ son nəfəsdə o bəzəkli libası, yəni bədən əmanətini torpağa verdikdə ruhun gözəl olub-olmayacağıdır. Fani bədənin saxta ənnik-kirşanına aldanmaq nə böyük bir qəflətdir, necə də ziyan səbəbidir.
Mövlana həzrətləri necə də gözəl deyir:
“Vücudunu həddən artıq bəsləməyə çalışma! Çünki o, nəhayət torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə çalış! Ucalıqlara yüksələcək və şərəflənəcək odur…
Cəsədinə yağlı-ballı qidaları az ver. Çünki bədənini həddən artıq bəsləyən nəfsani arzulara düşür və sonunda rəzil olur.
Ruha mənəvi qidalar ver. Kamil düşüncə, incə anlayış və ruhi qidalar ver ki, gedəcəyi yerə güclü getsin!”
Deməli, maddi və fani cazibələr ardınca düşüb mənəvi gözəllikləri hədər etmək, yəni iman və təqvadan məhrum bir ömür sürmək qorxunc əbədiyyət intiharıdır!..
Şeyx Sədi həzrətləri buyurur:
“Cövhər, çirkaba da düşsə, yenə cövhərdir. Toz göyə də çıxsa, yenə dəyərsiz tozdur”.
Ərəb dilində bir ifadə var:
شَرَفُ الْمَكَانِ بِالْمَكِينِ
Yəni bir məkanın şərəfi orada olan adama görədir. İnsanın qədir-qiyməti olduğu mühitə, mindiyi maşına, geydiyi paltarın markasına bağlı deyil. Bunlarla etibar axtarışında olanlar güzgüdəki yalana aldananlardır. Ruhsuz bir maddə ilə, quru şəkillə özlərinə qarşı rəğbəti artırmağa çalışanlar sadəcə aşağılıq duyğusuna qalib gəlmək refleksi ilə yaşayan səfehlərdir. Halbuki insanın özünə aid zati bir fəziləti yoxdursa, heç bir dünya neməti ona izzət və şərəf qazandırmaz.
Bunun əksinə, fəzilətli bir insan da bütün dünya nemətlərindən məhrum qalsa, bu hal onun Haqq qatındakı qədir-qiymətinə zərrə qədər xələl gətirməz.
Bu baxımdan həqiqi möminlər metallar arasındakı qızıla bənzəyirlər. Qızıl palçığa da düşsə, saflığını itirməz. Həqiqi möminlər də dünyadakı bəlalara düçar olsalar da xalis qızıl və ya qiymətli daş-qaş kimi dəyərini qoruya bilən yüksək şəxsiyyətlərdir.
Eynilə Asiyə anamız kimi… O əməlisaleh xanım zalım fironun zövcəsi olduğu halda qəlbindəki ixlas, sədaqət və təqvası ilə imanını qoruyub saxladı. Canını versə də əsla imanından dönmədi.
Həqiqi mömin də hansı toplumda olmağından asılı olmayaraq hər halında iman həyəcanını və İslamın şəxsiyyət, xarakter və vüqarını qoruya bilən insandır. Məsələn, ticarət həyatını cəmiyyətdə vüsət tapmış kapitalizmin istismar və eqoizm əsaslarına görə deyil, Allahın əmr etdiyi halal-haram hüdudlarına görə, sədaqət və dürüstlük kimi əxlaqi ölçülərə görə tənzim edə bilən insandır. Haqsızlığa məruz qalsa da haqsızlıq etməyən, nəfsinə ağır gəlsə də daima haqq və ədalətin yanında olan, alicənab ruha sahib insandır.
Necə ki, qızılın keyfiyyəti müxtəlif dərəcəli istiliyə tabe tutularaq müəyyənləşir, qəlbdəki imanın səviyyəsi də müxtəlif müsibət və fəlakətlər qarşısında səbir, dözüm, mətanət, təvəkkül, riza və təslimiyyət göstərib müvazinəti hər halında qorumaqla anlaşılır.
Möminin həyatında zənginlik, yoxsulluq, xəstəlik, sağlamlıq, sevinc, kədər kimi bir çox eniş-yoxuş ola bilər. Bütün bunlar ilahi imtahan təcəlliləridir. Qul nə zaman Allahın təqdirinə könül xoşluğu ilə boyun əyərək riza halında qərar qılarsa, Allah-Təala da o qulundan razı olar.
Ona görə qəlblərdəki imanın sarsılmaz bir dağ kimi sağlam olması vacibdir. Sami Əfəndinin buyurduğu kimi:
“İstiqamət sahibi kimsə dağ kimi müstəqim olmalıdır. Çünki dağın dörd əlaməti var:
1. İstidən əriməz.
2. Soyuqdan donmaz.
3. Küləkdə sovrulmaz.
4. Selə qapılmaz.[3]
Allah-Təala bizim də hisslərimizi, fikrimizi, əxlaq və əməllərimizi rizası ilə birləşdirsin. Ayaqlarımızı sirati-müstəqim üzrə sabit qılsın. Halımızı, istiqbalımızı və aqibətimizi xeyir etsin.
Amin!..
ŞƏRHLƏR