Körpə Azanı

Körpə Azanı

Musa Topbaş həzrətlərinin “təsəyinizi köynəyinizin cibində gəzdirin, təsəyiniz görünən yerdə olsun, o sizə hər zaman namazı xatırladar” deyərək nəsihət etdiyini eşitmişdim. Namaz təsəyi cib telefonlarının hər an yanımızda və ya əlçatan yerdə olması kimi bizə yaxın olmalıdır.

Başqa bir məclisdə Ethem Cebecioğlu xocam söhbət əsnasında “mənə bir təsbeh verin” dedi. Ən öndə oturanlardan biri dar şalvarının arxa cibindən, bir az çətinliklə də olsa, 99-luq bir təsbeh çıxartdı. Təsbehi əlinə alan Ethem xoca, eynilə Musa əfəndi kimi, “təsbehinizi köynəyinizin cibində gəzdirin, qəlbinizin üstündə olsun” dedi. İndi baxıram, köynək və teniskaların düz qəlbin üstünə tuş gələn ciblərində yaşıl timsahlar, gerblər və marka adları meydan sulayır.

Pal-paltarın üstündəki marka adları və simvollar insanın bədəninə vurulmuş möhürlər kimidir. Kim özünə könüllü olaraq möhür vurdurmaq istəyər? Heyvanlar sahibləri tərəfindən tanınsın və itəndə asanlıqla tapılsın deyə qulağına plastmas sırğa (birka) taxılır, bədənləri dağlanaraq və ya boya ilə işarələnir. Corabımızın altından şapkamızın üstünə, şalvarımızın arxasından köynəyimizin yaxasına qədər yazılı və basılı olan hər marka adına və gerbinə soyuq yanaşmaq, imkan varsa, çıxardıb atmaq lazımdır. Zikr insanın düşüncələrindən duyğularına, sözündən əməlinə qədər Allah möhrünü vurmaq deməkdir. Qəlbin üstünə düşən cibə telefon qoymaq necə sağlığa zərərlidirsə, eyni şəkildə pul qoymaq da yaxşı bir hərəkət deyil.

Qonşularımız məni dünyaya yeni gələn körpələrinin qulağına azan oxumaq üçün çağırdılar. Evdən çıxarkən azan oxuma qaydalarını xatırlamağa çalışdım. Bu günə qədər körpələrin qulağına oxuduğum azan sayı iki əlin yox, bir əlin barmaqlarını belə keçməz. İnşallah o azan oxuduğum körpələr böyüyəndə xainlərdən olmazlar. Körpəyə verəcəyim hədiyyəni də bir cibimə yerləşdirdim; molla alan deyil, verən olmalıdır.

Cümə xütbəsi üçün minbərə çıxan imam aşağıda özünü dinləyən prezidentdən baş nazirə, millət vəkillərindən icra nümayəndələrinə qədər bütün camaata təpədən baxaraq danışar. İmamı sahib olduğu elmin ucalığı yuxarı çıxardır, yüzlərlə insanı onun önündə səssiz-səmirsiz edir.

Azan oxumaq üçün getdiyim qonşuda yaxın qohumlar dəvət edilmiş, geniş bir süfrə açılmışdı. Süfrədəkilərlə bir-bir tanış olaraq salamlaşdıq. Başımdakı təsək və sahib olduğum dini elmlər səbəbi ilə baş tərəfi göstərdilər. Təsəyim və elmim olmasa süfrənin başında oturardımmı? Nə qədər çox insan dinlərin gətirdiyi mənfəətdən faydalanır?

Qatarın anidən dayanması nə qədər imkansız bir şeydirsə, günlük həyatın siyasi-iqtisadi və meteoroloji gündəmini dəyişdirmək də o dərəcədə imkansızdır. Nə etsəm, nə desəm boşdur! Süfrədə gündəmi bilgi və hikmətə çevirmək mümkün olmur. Dini mövzular açılsa belə, qəlbə şəfa olacaq mövzular deyil –camaatlar, məzhəblər, terror qruplaşmaları, fiqhi ixtilaflar, sehr, cadu kimi mövzular danışılır. Qəlbə şəfa olacaq şeyləri danışa bilmirik. Yeməyin verdiyi şişkinliklə bərabər könlümüz də su çəkmiş süngər kimi ağırlaşır. Azanımızı oxusaydıq buradan ayrılardıq, deyirəm... Ey azan, qurtar bizi bu boş söhbətlərdən, yuxudan, televizordan, internetdən, qeybətdən... Azan xilasedici dairədir! Azan bu qələbəlikdən xeyirlidir...

Kirli dünyaya qədəm basaraq insanlara məsumiyyəti, saflığı, mərhəməti və günahsızlığı sözsüz bir şəkildə hayqıran körpəni əlimə alıram. Alnının tam ortasına nəzərdən qorunması üçün qapqara kömür kimi bir şey sürtülüb. Körpə qırx gün boyunca nəzərdən qorunması üçün heç kimə göstərilmir. Üzərinə muncuqlar, yatdığı otağa da ayətəl-kürsi və digər mühafizə duaları asılıb. Nəzər aparsa- aparsa ən çox qəbrə aparar... İmansızlıq, küfr, üsyan və qəflət isə cəhənnəmə... Əslində, körpələrin böyüdükdən sonra cəhənnəmə getmələrindən narahat olmaq lazımdır. Həzrət İbrahim “Ey Rəbbim! Məni namazı çox gözəl qılanlardan elə və zürriyyətimi də!” deyə dua etmişdi. Könül sahibləri uşaqlarını nəzərdən qorumağa çalışdığı kimi, Allahsızlıq və Muhammədsizlik (s.ə.s) təmayüllərindən də qorumağa çalışmalıdır. Sünnə olmasaydı, azanı körpənin qulağına deyil, dayanmadan yeyib-içən bu adamların qulağına oxuyardım ki, bəlkə düzələrlər...

Sünnə olan azan-qamətdən və duadan sonra, buradakı adətə görə, körpənin cibinə və ya paltarına hədiyyə pul qoyulur. Körpənin cibi yoxdur ki! Pulu yumşaq yerinin altına tərəf qoyarkən içimdən “pis pul pis yerinə tuş gəldi” deyən kimi, “Nəyi pisdi? Körpənin pis yeri olarmı? Körpənin qusmuğu, təri, ağız suyu, nəcisi, sidiyi pisdir ki?! Cənnət qoxusuna sahibdir, deyə sevilən körpəyə necə pis deyə bildin?” deyərək öz-özümə etiraz edirəm. İnsan öz-özü ilə danışarmı? Danışar! Öz-özünə etiraz edərmi? Edər! Kaş ki, hədiyyəni körpənin topuqlarının altına qoyaydım.

Yamanlıq və pislik meydana gətirməyin nə demək olduğunu başa düşmək üçün böyüklərə və ictimai yaşayış yerlərinə baxmaq kifayətdir. Azan oxumaqla yanlış bir söz söyləmək bu qədər bir-birinə yaxın tutula bilərmi? Qəlbimizin içində iki zidd qütb – ruhumuz və nəfsimiz yerləşmişsə, gah doğru, gah yanlış söz söyləməyinə, gah yaxşı, gah da pis hərəkət etməyinə də təəccüblənməmək lazımdır.

Ey təmiz körpə! Səndən üzr istəyirəm. İnşallah, Bişkekin övliyalarından olarsan. Can Azərbaycandan sənin üçün aminlər gəlir...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz