Hz.Peyğəmbər (s.a.s) dövründə MƏSCİDİN FUNKSİYALARI
Bütün dinlərdə ibadətgahlar ibadət edilən məkan olmaqla yanaşı, eyni zamanda həmin dinin simvollarıdır.
Bu mənada məscidlər də İslam dininin rəmzi və dəyərlərinə məna qazandıran simvoludur. Hz. Peyğəmbərin ifadəsinə görə məscidlər, adı yad edilən və özünə ibadət vəzifəsinin icra edildiyi məkan olaraq, Uca Allaha ən sevimli yerlərdir. (Müslim) Bu yazımızda ilk qurulduğu dövrdə, yəni Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı dövrdə məscidlərdən necə və hansı məqsədlər üçün istifadə edildiyinə toxunacağıq.
İslam tarixində ilk məscid kimi Ərkamın evini qəbul etmək olar. Bundan əlavə, o dövrdə şəxslərə məxsus xüsusi məscidlər də var idi. Bu məkanlarda cəm şəkildə ibadət edilir və gündəlik müzakirələr aparılırdı. Hicrət etdikdən sonra isə ilk tikilən məscid kimi Quba məscidi tarixə keçmişdir. Məscidlərin fəaliyyət sahəsi çox geniş olduğuna görə burada bunlardan ən əhəmiyyətli olan bir neçəsinə nəzər salaq:
İbadət edilən məkan. Məscidlər ilk zamanlarda müxtəlif məqsədlər üçün istifadə edilsə də, əsas funksiyası ibadət mərkəzi olmasıdır. Müqəddəslik vəsfini də bu funksiyasına görə qazanmışdır. Qurani-Kərimdə bu xüsus: “(Bu nur) Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər” (ən-Nur 36) ayəsində öz əksini tapır.
Tədris və mədəniyyət mərkəzi. Bir gün Hz. Peyğəmbər (s.ə.s) məscidə daxil olur və bir qrupun zikr və dualarla, digərlərinin də elmlə məşğul olduğunu görür. Hz. Peyğəmbər (s.ə.s): “Mən müəllim olaraq göndərilmişəm”, - deyərək elmlə məşğul olan qrupun yanında əyləşir. (İbn Macə) Bu hadisə bizə İslam dininin ilk dövrlərində məscidlərin təhsil sahəsindəki funksiyasını göstərmək üçün kifayətdir. Eyni zamanda Məscidi-Nəbəvinin arxa bölümündə yerləşən “Əshabi-süffə”nin günlərinin əksər vaxtını elmlə məşğul olaraq keçirməsi də bizim bu fikrimizi qüvvətləndirən xüsuslardandır. Məscidlərdə sadəcə kişilərə deyil, eyni zamanda qadınlara da xüsusi gün təyin edilərək təhsil verilir, dini mövzular müzakirə edilirdi. Bu adət sonrakı dövrlərdə də davam etmiş və məscidlərdə dövrün görkəmli müəllimləri dərs keçmişdir. Yeri gəlmişkən onu da ifadə edək ki, məscidlərdə sadəcə dini elmlər deyil, eyni zamanda ərəb dili, ədəbiyyat, qədim ərəb şeirləri ilə əlaqəli müzakirələr də aparılırdı.
Dövlət müəssisəsi. İslam dininin təbliğçisi olduğu kimi İslam dövlətinin də rəhbəri olan Hz. Peyğəmbərin (s.ə.s) evi məscidə bitişik idi. Buna görə də məscid dini və idari işlər baxımından bütünləşmişdi. Ölkə başçılarını, qəbilə rəhbərlərini və əcnəbi elçiləri məsciddə qəbul etmiş və dövlət məsələlərini orada görüşmüşdür. Bu tətbiqat Hz. Peyğəmbərdən sonra da uzun müddət davam etmiş və həm dini, həm də idari işlər məscidlərdəki xüsusi məkanlarda öz həllini tapmışdır. Daha sonrakı dövrlərdə isə məscidlər tədricən bu funksiyasını itirmiş, sadəcə dua və ibadət edilən mərkəzlərə çevrilmişdir.
Məhkəmə. İslam dininin özünəməxsus hüquq sistemi vardır. Bu sistem məscidlərdə xüsusi dərs halqaları şəklində təlim edilmişdir. Hz. Peyğəmbərin (s.ə.s) minbəri əhkamın öyrədildiyi, yanlış hüquqi tətbiqatların düzəldildiyi yer idi. Məhkəmə proseslərinin də davam etdiyi məkan məscidlər idi. Hz. Peyğəmbərin (s.ə.s) “Mənim bu minbərimin yanında kim yalandan and içərsə, cəhənnəmdəki yerinə hazırlaşsın” (Əbu Davud) hədisi məhkəmə məsələlərinə Məscidi-Nəbəvidə baxıldığını göstərir. Eyni zamanda mənbələrdə Hz. Ömər ilə Mərvanın da məhkəmə şikayətlərinə minbərin yanında baxdıqları qeyd edilmişdir.
Hərbi qərargah. Hz. Peyğəmbərin bir vəzifəsi də ordu komandirliyi idi. Buna görə də məscid eyni zamanda hərbi qərargah kimi də istifadə edilirdi. Döyüş qərarları, ümumiyyətlə, məsciddə alınır və minbərdən xalqa elan edilirdi. Məscidin girişində xüsusi dəftərlər təşkil edilir və oraya könüllü surətdə hərbidə iştirak etmək istəyənlərin adları qeyd edilirdi.
Xəstəxana. Məscidlərdən xəstəxana kimi də istifadə edilmişdir. Xəndək hərbində yaralanan Səd b. Muaz üçün Məscidi-Nəbəvidə çadır qurulmuş və orada müayinə edilmişdir. Bəzən hərbi əsirlərin tutulduğu məkan kimi də məscidlərdən istifadə edilmişdir.
Yuxarıda qeyd olunanlardan əlavə müxtəlif icraatlar üçün də məscidlərdən istifadə edilmişdir. Məsələn, məscidlərdən mehmanxana, hərbi taktikaların nümayişi, nikah elanı, şeir söyləmə məkanı kimi də istifadə edilmişdir. Bütün bu sadalananların mənşəyi məscidlər olmuş, ancaq daha sonrakı dövrlərdə hər bir müəssisə öz fəaliyyətini ayrılıqda davam etdirmişdir.
Günümüzdə isə bunlardan, demək olar ki, heç bir fəaliyyət məscidlərdə aparılmır. Məscidlər müsəlmanların əsas vəzifəsi olan ibadətləri məqsədinə uyğun şəkildə icra etmək üçün istifadə olunur. Ən əsası da elə budur. Yetər ki, ibadətlərimiz və məbədlərimiz Allahın rizasını qazanmağımıza xidmət eləsin.
ŞƏRHLƏR