BİR HƏDİS

BİR HƏDİS

عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "مَنْ بَنَى لِلَّهِ مَسْجِدًا، بَنَى اللَّهُ لَهُ مِثْلَهُ فِي الْجَنَّةِ"

            Osman ibn Əffandan (r.a) rəvayət olunduğuna görə, o, Rəsulullahın (s.ə.s) belə buyurduğunu eşitmişdir: “Kim Allah rizası üçün bir məscid inşa edərsə, Allah onun üçün o məscidin bənzərini Cənnətdə inşa edər”. (Tirmizi, Salət, 237; İbn Macə, Məsacid, 1)

            Məscidlər müsəlmanların ibadət etmək məqsədi ilə bir yerə toplaşdıqları məkanlardır. Məscid kəlmə olaraq “səcdə olunan yer” deməkdir. Səcdə namazın əsas rüknlərindən olduğuna görə buradakı “səcdə” sözü ilə qəsd edilən məna “namaz”dır. Məscidlərin ibadət etməkdən əlavə başqa məqsədlər üçün istifadə olunduğu da bilinməkdədir. Belə ki, Allah Rəsulu (s.ə.s) Mədinə xaricindən gələn heyətləri məsciddə qəbul etmiş, qənimətləri məscidin içində paylamış, səhabələrin elmi yöndən inkişafı üçün məscid tədris mərkəzi kimi fəaliyyət göstərmişdir. Burada qeyd olunan və olunmayan bir çox müsbət keyfiyyətləri özündə cəm etməsi səbəbi ilədir ki, məscidlər İslamın əsas mərkəzi olaraq qəbul edilməkdədir.

            Rəsulullah (s.ə.s) yuxarıda qeyd olunan hədisi-şərifində məscidin inşasına təşviq edərək, hər xeyirli əməl kimi, bunun da müqabilində axirətdə bir mükafatın olduğunu buyurmuşdur. Çünki məscidlər cəmiyyətin birləşməsini, bütünləşməsini təmin edən ən önəmli məkanlardır. İnsanlar irqindən, dilindən, məqamından, mövqeyindən asılı olmadan məscidlərdə bir cərgədə Allahın hüzurunda durmaqla vəhdət əmələ gətirirlər. İnsanların məscid daxilində təmin etdikləri bu birlik eyni zamanda o cəmiyyətin həmrəyliyindən xəbər verməkdədir. Alimlər məscid tikdirmə müqabilində savab qazanmaq üçün ixlas və səmimiyyəti şərt qoşmuşlar. İbn Cövzinin bununla əlaqəli söyləmiş olduğu bir söz var: “Kim tikdirdiyi məscidin üzərinə adını yazdırarsa, o kimsə savabdan məhrum qalar”. Hədisdə keçən “bənzər (misləhu)” kəlməsi haqqında İmam Nəvəvinin açıqlaması belədir: “Cənnətdə Allahın bəxş edəcəyi evin üstünlüyü, məscidin dünya evlərinə üstünlüyü kimi olacaq”.

            İslam tarixində ilk inşa olunan məscid Quba deyilən məntəqədə inşa edilən məscid qəbul edilir. Rəsulullah (s.ə.s) Məkkədən Mədinəyə hicrət edərkən Mədinəyə çatmadan əvvəl bu bölgəyə gəlmiş və burada bir neçə gün qalaraq Quba məscidini inşa etmişdir. Mədinəyə gəldikdən sonra da Məscidi-Nəbəvini inşa edərək məscidi risalət vəzifəsinin icra mərkəzi halına gətirmişdir. İslamı yeni qəbul edən insanlara məsciddə Allahın tövhid dinini anladır, küfrün bataqlıqlarından çıxaraq İslamın nuru ilə aydınlanmaq istəyən qəlblərə İslamın gözəlliklərini çatdırırdı. Məhz elə bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s) məscidlərin inşasına təşviq edərək bəşəriyyətin aydınlanması üçün zəmin hazırlamışdır. Rəsulullahın (s.ə.s) məscidi inşa etmə məqsəd və hədəfindən uzaqlaşılacağı təqdirdə, heç şübhə yoxdur ki, hədisdə qeyd olunan savabın əldə olunması da mümkün deyildir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz