Allah Rəsulunun Qorxusu
Allah Rəsulu (s.ə.s) ümmətinə çox düşkün və təşnə olduğu üçün, hər zaman onları düşünmüş, mərhəmətli bir ata kimi daima onları günahdan, ayrılıqdan, bölünmədən və pis yollardan çəkindirməyə çalışmışdır.
Həyatını onların nicat və xilası üçün mübarizəyə həsr etmiş, onlara çox-çox dualar etmiş, şəfaətini də yenə onlara həsr etmişdir. Özündən sonra ümmətinin qarşılaşacağı böyük təhlükələr üçün əndişə duymuş və zaman-zaman bunları bəyan edərək biz ümmətinə xəbərdarlıq etmişdir.
Biz də öz növbəmizdə bu xüsusları diqqətə çatdırmaq istəyirik ki, qoy bu xüsuslar yaxşı bilinsin və ümməti bölüb parçalamaq istəyənlərə rəvac verilməsin, inşallah.
Birincisi: şöhrət və mənfəətə düşkün olub, elmi ilə insanlara yol göstərmək əvəzinə, əksinə, insanları yoldan çıxarıb çaşqınlıq yaradanlar. Rəsulullah (s.ə.s) belə buyurur: “Ümmətim haqqında ən çox qorxduğum şey, dili alim olan münafiqdir”. (Əhməd ibni Hənbəl, Müsnəd 1, 22) Bunlar elmlərdən xəbərdar olan, axıcı və təsirli bir nitqə sahib, lakin daxili cahil olub elmiylə əməl etməyən “alimlərdir”. Əqidəsi də xarab olan bu insanlar sözbazlıqları ilə çox adamı aldadarlar. Onlar elmə peşə kimi baxar, onunla maddi və mənəvi mənfəət əldə etməyə çalışarlar. Bunun üçün də ixtilaflı məsələləri gündəmə gətirir, üzərində icma və ittifaq edilmiş mövzulara hücum edir, diqqətləri üzərlərinə çəkərək şöhrətə qovuşmağa can atır, bir xeyli insanın əqidəsi və ibadəti ilə oynayaraq dinə və bir çox məsələdən xəbəri olmayan sıravi müsəlmanlara böyük zərər verirlər. İmam Rəbbani həzrətləri deyirdi: “Alimlərin dünyaya olan düşkünlüyü və rəğbəti gözəl üzlərində bir ləkədir. Belə alimlərin elmi xalqa fayda versə belə, özlərinə bir fayda gətirməz”. Yenə nə qədər dinin güclənməsi bunlara bağlı olsa da, buna etibar edilməz. Çünki dinə dəstək və qüvvət bəzən zalım və günahkar kimsələrin əliylə də ola bilər. Necə ki, Rəsulullah (s.ə.s) buyururdu: “Şübhəsiz, Allah bu dini günahkar bir adamla da gücləndirə bilər”. (Buxari, 182, 3062) Rəsulullah (s.ə.s) yenə bir hədisində belə buyurmuşdu: “Qiyamət günü insanların ən şiddətli əzab görəni elmi özünə heç bir fayda verməyən alimlərdir”. (Təbərani, Mucəmus-sağir, 507) Onlara qarşı ayıq-sayıq olmalı, onların deyil, əməli-saleh alimlərin sözünə etibar etməliyik. Peyğəmbərimiz (s.ə.s) buyururdu: “Ey İbni Ömər! Dininə yaxşı sarıl, dininə yaxşı sarıl! Çünki o sənin həm ətin, həm qanındır. Dinini kimdən öyrəndiyinə yaxşı diqqət et! Dini elmləri və hökmləri istiqamət əhli alimlərdən al, sağa-sola meyl edənlərdən alma!” (Xətib əl-Bağdadi, əl-Kifayi fi ilmir-rivayə, səh.121) Rəsulullah (s.ə.s) başqa bir hədisində belə buyurur: “Ümmətimin son zamanlarında bəzi Dəccal, yalançılar ortaya çıxacaq, sizin və atalarınızın eşitmədiyi sözləri sizə nəql edəcəklər. Aman onlardan uzaq durun! Əsla sizi fitnəyə salıb yoldan çıxarmasınlar”. (Müslim, Müqəddimə 6,7)
Heç şübhə yoxdur ki, günümüzdə biz buna bənzər bir çox hadisələrin şahidi oluruq. Özlərini din alimi kimi göstərib insanların gözündə və qəlbində kifayət qədər yer tutduqdan sonra, ardından bu insanların hüsn-rəğbətlərindən istifadə edib ümməti parçalayaraq xarici və daxili düşmənlərin çörəyinə yağ sürtən dırnaqarası alimlər də ortaya çıxmağa başlamışdır. Kimisi Quran bizə kifayətdir deyərək Allah Rəsulunun (s.ə.s) hədislərinə, kəlamlarına dil uzadır və sünnə dediyimiz peyğəmbərin həyat tərzi bizə lazım deyil deyir, kimisi bəzənmiş-düzənmiş açıq-saçıq qızlarla birlikdə medya qarşısına keçib min cürə oyundan çıxır və bunun da adını dini təbliğat qoyur, kimisi də islam alimlərinin əsrlərdir barəsində müzakirə edib qərar verdikləri məsələləri öz arzu və istəyi istiqamətində yenidən izah etməyə çalışaraq ad-san qazanmaq dərdindədir. Hələ yeni “göndərilən peyğəmbərləri” demirəm! Allah bu insanları islah etsin ki, heç bir şeydən xəbəri olmayan insanlar bunların fitnəsinə bulaşmasınlar. Rəsulullah (s.ə.s) başımıza gələcək bu fitnə imtahanlarını əsrlər əvvəl belə xəbər vermişdi: “Ümmətimin içərisindən otuz dənə yalançı (Dəccal) çıxacaq. Onların hər biri özünün peyğəmbər olduğunu iddia edəcək. Halbuki, mən peyğəmbərlərin sonuncusuyam. Məndən sonra peyğəmbər yoxdur. Ümmətim içərisində bir qrup da olacaqdır ki, Allahın əmri (Qiyamət) gəlincəyə qədər haqq yolda olacaqlar. Onlara qarşı çıxanlar bu şəxslərə heç bir zərər verə bilməyəcəklər”. (Əbu Davud, Fitən, 1/4252. Müslim, Fitən, 19)
ŞƏRHLƏR