Paylaşmaqdır Xoşbəxtliyin Təzahürü
Dünya həyatı eniş və yoxuşlarla, dərd və sevinclə, bir sözlə, bir-birinə zidd hadisələrlə doludur. İnsan üçün hər çətinliyin bir asanlığı, hər bolluğun bir darlığı, ölüm xaric hər dərdin bir əlacı vardır. Bu hal dünyanın Allahın camal və cəlal vəsflərinin təzahürü olmasının ən təbii gərəyidir.
Onun bu vəsflərinin təzahürü fərdi, ictimai və iqtisadi həyatın hər mərhələsi və sahəsinə aiddir. Burada əsas olan hər cəlal olanın içində bir camal və hər camal içində var olan bir cəlal olduğunu idrak edə bilməkdir. Hər çətinlik və sıxıntı ilə bərabər olan asanlığı, sevincin arxa planını görə bilmək, bunlardan dərs çıxarmağa çalışmaq çəkilən sıxıntı və dərdləri mənəvi bir tərbiyə ünsürü olaraq görüb dəyərləndirməkdir. Digər yandan bəşər övladı sosial bir varlıq olduğu üçün duyğu və düşüncələrini, sevinc və kədərini paylaşmaq istər. “Sevinclər paylaşıldıqca artar, sıxıntılar isə paylaşıldıqca azalar” anlayışı bunun izahıdır. İnsanların sevinclərini paylaşmaq asandır. Sıxıntılarını, çətinliklərini paylaşmaq və çarə axtarıb tapmaq isə ancaq dərdli könüllərə nəsib olan bir fəzilətdir. İnsanların sıxıntılarnı hiss edə bilmək, qəlbiqırıq insanların acısını paylaşa bilmək, kimsəsiz və möhtacları görə bilmək onların dərdləri ilə həmdəm olmaqla mümkündür. İnsanın könül gündəminə alacağı bu xüsusiyyət daxili duyğularımızın dinamikasını təşkil edir. Dərdli olmaq qəsvətdən (qatı qəlbli olmaqdan) uzaq qəlblərin vəsfidir. Qatılaşmış qəlblər daşdan daha betərdir. Çünki elə daş və qayalar vardır ki, onlardan su fışqırar, susuz varlıqlara əlac olar. Ancaq daşlaşmış qəlblərdən qətiyyən mərhəmət zahir olmaz. Bu səbəblə hər şeydən əvvəl mərhəmət təlimi vacibdir ki, insan başqalarının dərdinə şərik ola bilsin. Allah elə bir nizam təsis etmişdir ki, bolluq illərini qıtlıq, qıtlıq illərini də bolluqla dövr etdirər. İnsanların istər bolluq, istərsə də qıtlıq, hər dövrə hazır olması; yıxılanın yanında, yaxınında olması və hər an imdadına çata bilməsi lazımdır. Belə ki, əsri-səadət dövründə hicrətdəki qardaşlıq anlayışı ilə yoxluq zamanlarındakı həmrəylik bunun ən gözəl nümunələridir. Qurani-Kərim iman dolu bir qayə ilə hicrətdə vətənlərindən, doğmalarından ayrılıb başqa diyara köçənlərə qucaq açan və onlarla evlərini, yuvalarını, könüllərini və imkanlarını paylaşan Ənsarı “isar” vəsfi ilə mədh etmişdir. İsar “bir şeyə ehtiyacı olduğu halda o şeyi mömin qardaşına vermək, onu özündən öndə tutmaq” mənasındakı əxlaqi bir fəzilətdir. İsar yalnız Allah inancı ilə axirəti üçün çalışan insanlara xas yüksək bir xüsusiyyətdir. Çünki axirət əndişəsi insanları, başqalarını ürəyində daşımağa vadar edər. Başqalarının ürəklərinə girmə hədəfi olmayan və onları ürəklərində daşımayan insanlar nə bu dünyada, nə də o biri dünyada üzüağ ola bilərlər. Dərdli və ehtiyac sahibi insanları görən və onlarla həmdərd olanlar onlara faydalı olmağa çalışarlar. Onlar da bunun sayəsində həyata sarılarlar. Yalnız özünü düşünmək, nəfsini daim ön planda tutmağa çalışmaq və eqoist xüsusiyyətə malik olmaq isarın tam qarşısında duran davranışlardır ki, insanın inancını və əməllərini yeyib bitirmə gücünü özündə cəm edər. Nəbəvi ifadə elə isarın əsl mahiyyətidir: “Özü üçün istədiyini qardaşı üçün də istəmək, özü üçün istəmədiyini onun üçün də istəməmək”. Şair bu məqamı nə gözəl ifadə edir:
Gündüz bir dərd, gecə bir dərd,
Biləmədim necə bir dərd,
Sol böyrümdə incə bir dərd,
Batar Yunus, Yunus deyə...
Başqalarının dərdini hiss edən bir anlayışa sahib könül adamı öz malını da qardaşının malı olaraq görər. Bu münasibət xüsusilə yoxluq və darlıq zamanlarında, acıları paylaşıb imkanları bölüşmənin gərəkli olduğu dönəmlərdə ayrı bir əhəmiyyət qazanar.
Allah Rəsulu (s.ə.s) fəqirlik və maddi sıxıntını ən dərin şəkildə hiss edən insanların ürəklərini sərinlətmək, qarınlarını doyurmaq və rahatlatmaq üçün daim əshabını o insanlara qarşı əliaçıq və səxavətli olmağa həvəsləndirmişdir. Belə ki, Allah Rəsulu əshabına: “İki nəfərlik yeməyi olan üçüncü, dörd nəfərlik yeməyi olan beşinci və altıncı... nəfər olaraq süffəlilərdən alıb evinə aparsın”, - buyurardı. Çünki ən böyük zənginlik sayılan qənaət sayəsində “iki nəfərə kifayət edəcək yemək dörd nəfərə də kifayət edərdi”. Əsri-səadətdəki bu isar nümunələri məhz mənəvi yüksəlişin adı olmuşdu.
Günümüz insanı isə könülləri fəth edərək mənəvi aləmdə yüksəlməyi bir kənara qoyub fiziki aləmdə yüksələrək fəzanı fəth etməyə cəhd etməkdə, amma könlünü insanlara və sonsuz qüdrətə qıfılladığına görə yüksəkliyə doğru heç bir məsafə qət edə bilməməkdədir. Odur ki, əsl yüksəliş məhz Allahın bizə buyurduğu ölçülər nisbətində tam mənası ilə dönüb özümüzə baxdığımız zaman gerçəkləşəcəkdir.
ŞƏRHLƏR