HƏYAT DƏFTƏRİNDƏN
Bir elçilikdə qızın atası oğlan evindən soruşur:
- Mənim qızımı istəyən çoxdur, sizin nəyiniz var, nəyiniz yoxdur?
Gənc söz alıb cavab verir:
- Rəhim və Rəhman olan Allah Onu zikr edəni ac qoymaz.
O, Alimdir. Günaha düşdüyümüz zaman, peşman olsaq, Ğaffar sifəti ilə bağışlayar.
Gecə işlədiyim yerə əl-Hafiz deyib girirəm.
Deyəcəksiniz ki, nəyiniz var? Heç nəyim yoxdur. Çünki Malikul-mülk Odur.
“Bəs pulun qurtarıb qaranlıqda qalsanız nə edəcəksiniz?” deyirsiniz. ən-Nur deyib aydınlanar evimiz.
“Qızımı əsla tərk etməyəcəksən” deyirsinizsə, söz verə bilmərəm. Çünki qul fanidir, Allahdır Baqi olan.
Bizi heç kim sevmirsə sevməsin, Vədud olan Allah kafidir.
“Qızım səndən nə isə gizləsə nə edərsən?” - deməyinizə ehtiyac yoxdur. Ürəyindən keçəni etsin. Rəbbim Bəsirdir, Şahiddir. Hər şeyi bilir.
Uzun sözün qısası, bir Rəbbim var, bir də Rəbbimin ən çox sevdiyi Rəsulullah (s.ə.s)
Mənim də qızınızdan istəklərim var. Nur surəsinin 31-ci ayəsini yaşayacaq. Ədəbli olacaq. Çünki həya imandandır.
Məni sevəcək, ölənə qədər əllərimi buraxmayacaq.
Gecələr ağır yatıram. Sübh namazına qaldırmaq üçün lazım gəlsə, döyə-döyə oyadacaq...
Bu zaman qızın atası oğlanın sözünü kəsib deyir:
- Yaxşı oğlansan, bütün saydıqların əladır. Bəs başınızı soxmağa bir eviniz varmı?
Gənc cavab verir:
- Yox desəm qızınızı verməyəcəksiniz?
- Xeyr, oğlum, mən ev tikəcəyəm, yetər ki, sən qızımı al!..
ALLAH QULUNDAN NƏ ZAMAN RAZI QALAR?
Mədrəsə tələbələrindən biri ustadından soruşur:
- Qulun Allahın ondan razı olub-olmadığını bilməsi mümkündürmü?
Ustadı bu cavabı verir:
- Bu mümkün deyil. Çünki qeyblə bağlı məsələni insanın bilməsi imkansızdır.
Tələbə etiraz edir:
- Xeyr, mümkündür.
- Necə?
Zəki tələbə bu ibrətli cavabı verir:
- Düşünürəm ki, əgər mən qəlbən Allahdan razı olsam, deməli, O da məndən razıdır.
Müəllim bu cavabdan məmnun qalaraq deyir:
- Tamamilə doğru söylədin. Əgər qul Allahdan razı olarsa, Allah da quldan razı qalar. Qəlbində Allahı nə qədər ucaltsan, Allah qatında bir o qədər dəyərlisən.
QISQANC TƏLƏBƏ
Siniflərdən birində zəki olduğu qədər qısqanc da olan bir şagird vardı. Həmin şagird digərlərinin nailiyyətlərini kölgələməyə çalışırdı. Danışarkən sözlərini kəsir, başqalarının dəftərini qaralayırdı.
Müəllim məsələdən xəbər tutub həmin şagirdi lövhəyə çıxardır və nə üçün belə etdiyini soruşur. Şagird etiraf edir:
- Müəllim, heç kimin mənim qədər müvəffəq olmasını istəmirəm. Ona görə də başqalarına zərər verirəm.
Müəllim yazı taxtasına eyni uzunluqda iki xətt çəkib şagirddən soruşur:
- Bax burada eyni uzunluqda iki xətt var. Biri mənimdir, o biri isə sənin. Sənin xəttinin daha uzun olması üçün nə edərsən?
- Sizin xətti silgi ilə qısaldaram.
Müəllim:
- Bunun başqa bir yolu da var. Özü də sənin üsulundan daha yaxşıdır, - deyib, təbaşirlə şagirdin xəttini bir az da uzadır.
“Bax, oğlum, beləcə mənim xəttim səninkindən daha qısa oldu. Həm də sənin xəttin əvvəlkindən daha uzun oldu. Başqalarından daha müvəffəq olmaq istəyirsənsə, onları ləkələmək yerinə daha çox çalışmalı və öz istedadını inkişaf etdirməlisən”.
MÜDRİKLİK ÖLÇÜSÜ
Ağıllı, müdrik və tərbiyəli insanda bu xüsusiyyətlər olar:
1. Bir şeyə baxanda onu tam görməyə çalışar. Gördüyünü bütünlüklə idrak etmək istəyər.
2. Eşitdiyini tam duymaq istəyər. Yarımçıq sözlərə etibar etməz.
3. Görünüşünə diqqət edər, insanlarla xoş rəftar edər.
4. Davranışları ehtiram çərçivəsindədir.
5. Danışdıqlarının doğru olmasına diqqət edər.
6. İşinə ciddi yanaşar.
7. Şübhə etdikdə sualı necə verəcəyini bilər.
8. Hirslənəndə problemin həllinə çalışar.
9. Qazancı görəndə ədaləti xatırlayar. Haqsız qazanca meyil etməz.
ŞƏRHLƏR