Uşaq və Məscid

Uşaq və Məscid

Əsri-Səadətdə bir gün... Peyğəmbərimiz (s.ə.s) minbərdə dayanıb məsciddəkilərə xütbə oxumaqdadır. 

Birdən qapının ağzında iki şirin uşaq görünür. Məscidə Həsən və Hüseyn (r.anhuma) girir, mübarək babalarının yanına getmək üçün. Təxminən 5 və 3 yaşlarında olan uşaqların gah düşüb, gah da qalxaraq ona tərəf gəldiyini görən peyğəmbərimiz (s.ə.s) sözünü kəsərək minbərindən enir və onları bağrına basaraq: “Uca Allah, mallarınız və uşaqlarınız sizin üçün bir imtahan səbəbidir (əl-Ənfal 28), buyurur, necə də doğru deyir. Onları görəndə dayana bilmədim”, - deyə buyurur. (Buxari, Fitən, 20). Hz.Ənəsin bir rəvayətində isə keçir ki, peyğəmbərimiz bir gün xütbə oxuyarkən nəvəsi Həsən dizinin üstündə idi. Peyğəmbərimiz deyəcəklərini camaata deyir, ara-sıra da əyilib nəvəsini öpür və “mən bunu sevirəm” deyirdi. (Müslim, Fəzailus-səhabə, 56) Yenə bir çox hədisdə peyğəmbərimiz namazda ikən Həzrət Həsən və Hüseynin gəlib belinə çıxdığı,  onları aralamaq istəyənlərə əli ilə işarə edərək mane olduğu və onlar belindən enənə qədər səcdəsini uzatdığı, namaz bitəndə də onları qucağına alaraq “kim məni sevirsə, bu ikisini də sevsin” buyurduğu qeyd olunur. Hətta bir hədisdə peyğəmbərimizin qız nəvəsi – Həzrət Zeynəbin qızı Ümamə qucağında olduğu halda məscidə daxil olduğu və elə o şəkildə də mehraba keçərək namaza durduğu rəvayət olunur. Rüku edib əyilərkən uşağı yerə qoyur, qalxdığı zaman da yenidən çiyninə (və ya qucağına) götürürmüş.

Yuxarıda nəql etdiyim rəvayətlər əsasında iki xüsusa diqqət yetirmək istəyirəm. Birincisi, bu hadisələrin mərkəzində yer alan şəxs bizə namazı öyrədən, Haqdan enən mesajı təbliğ edib təlim edən rəsulullahdır. İkincisi, bu hadisələr peyğəmbərimizin öz evində deyil, hər kəsin gözü qarşısında, məsciddə cərəyan edir, məscidin ən məsuliyyətli bölmələrində – minbərdə və mehrabda.

Peyğəmbərimiz uşaqları çox sevərdi, onların da namazı, məscidi sevmələri üçün əlindən gələni edərdi. Çünki o, bir ocağın kənarında əyləşib özünü oda atan pərvanələri qovalayaraq onları qurtarmağa çalışan bir adamdan daha çox təşnə idi, ümmətini, əshabını, əhli-beytini qorumağa. Onların qorunacağı iman əsaslarının təməlində isə namaz və məscid sevgisi yatırdı: Namaz uşaqlar üçün onları valideynlərindən, sevdiklərindən ayıracaq bir qalxan, qatı və ürküdücü bir hərəkətlər yığını olmamalıydı! Məscid onlar üçün içəri girilməsi təhlükəli sayılan, içəridə hər tərəfdən onlara çatıq qaşlarla baxılan, qaçmağın, oynamağın, səs-küy salmağın qadağan olduğu ürküdücü bir zindan olmamalıydı! Buna görə də onları məscidə gəldikləri üçün əsla azarlamaz, kefini pozmaz, əksinə, sevindiyini göstərərdi. Bəzən namazda ətrafında oynayan Həsən və Hüseynin onun ayaqlarının arasından keçərək rahatca oynamaları üçün ayaqlarını aralı qoyduğu vaxtlar olardı. Namaz əsla onların sevimli babaları ilə aralarında sevilməyən bir maneə olmamışdır!

Uşaqlarımızın qarnını doyurmaqla məsul olduğumuz kimi, qəlbini də doyurmaqla məsuluq; əyninə paltar geyindirməklə məsul olduğumuz kimi, təqva və əxlaq libası ilə bəzəməklə də məsuluq; öz evini, ailəsini, vətənini, yurd-yuvasını ona sevdirməklə məsul olduğumuz kimi, Allahın evini, Uca Rəbbini və onu səadətə qovuşduracaq Haqq yolu sevdirməklə də məsuluq. Dünyanı qurtara biləcək yeganə yol barışdır: İnsanın özü ilə, daxili aləmi ilə, yaxınları ilə, ətrafı ilə və Rəbbi ilə barış içində olması... Bütün müsbət və mənfi xüsusiyyətlər uşağın şüuraltına kiçik yaşlardan (hətta ana bətnində olarkən) yerləşməyə başladığına görə uşağımıza gözəl bir gələcək vermək istəyiriksə, onunla uşaq yaşdan maraqlanmaq məcburiyyətində olduğumuzu hər birimiz bilirik. Bilirik, amma...

İçindən uşaq səslərinin gəlmədiyi məscidin qapısı bir müddət sonra qıfıllanmağa məhkumdur! Beş il sonra, on il sonra, ya da əlli il sonra... Ona görə də istər məscidin vəzifəli, məsul xadimləri olsun, istər orada daim ibadət və itaətlə məşğul olan camaat, istərsə də öz uşağının gələcəyini imanlı, təmiz bir ruhda böyüməyində görən valideyn... uşaqları məsciddən diksindirməmək, ürkütməmək, qorxutmamaq və nifrət etdirməmək məcburiyyətində olduğumuzu unutmayaq!

Unutmayaq ki, peyğəmbərimizin məscidində günlük namazlarda belə, bir səfi dolduracaq qədər uşaq olardı (Əbu Davud, salat 96).

Unutmayaq ki, bu gün tariximizlə fəxr etdiyimiz bir çox dahi ədəbiyyatçımız, alimimiz məscidlərdən, mədrəsələrdən yetişmişdi. Fizuliləri, Nizamiləri, İbn Sinaları, Tusiləri, Sabirləri yetişdirən elm və təfəkkür mərkəzlərimizin qapılarını uşaqlarımızın üzünə bağlamağa haqqımız yoxdur!

Unutmayaq ki, “Hər biriniz çobansınız və himayəniz altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır  və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur...” (Buxari, 2554; Müslim, 1829) hədisi-şərifi ilə peyğəmbərimiz (s.ə.s) başda kişi olmaqla həm atanı, həm də ananı uşaqlarının gələcəyindən məsul tutmuşdur.

Görəsən, bu müqəddəs məsuliyyətimizi nə dərəcədə yerinə yetirə bilirik?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz