Səcdənin Məkanı, Şəhərin Ana Sütunu
İnsanın şərəfi Rəbbi qarşısında qulluq borcunu yerinə yetirməsinə bağlıdır. İzzət və şərəf axtaranlar bu yolun Allahın və Rəsulunun yanında olduğunu unutmamalıdırlar. Allaha qulluq üçün yaradılan insan oğlunun ucalara yüksəlməsi yalnız və yalnız acizliyini dərk edərək Onun hüzurunda təvazö ilə əyilməsinə bağlıdır.
Qulun Allaha ən yaxın olduğu anın adıdır səcdə.
İnsan oğlunun yerlə bir olarkən əslində ərşi-əlaya yüksəlişidir səcdə.
Allah Rəsulunun cənnətə girmək üçün dua istəyənlərə xeyir-dua ilə yanaşı tövsiyə etdiyi xeyirli bir əməldir səcdə.
İnsan idrakına işıq saçan, qulu ucsuz-bucaqsız iman dərinliklərinə daldıran bir sirdir səcdə.
Mömin könüllərin nəzərində səcdə nə qədər ülvidirsə, səcdənin edildiyi yer də bir o qədər mübarəkdir. Dinimizdə səcdə edilən yerin təmizliyi üçün göstərilən həssaslıq zamanla ən gözəl guşələrin səcdəgaha çevrilməsi ilə nəticələnərək müsəlman evlərinin ayrılmaz hissəsi olmuşdur. Bir evin namazgah və səcdəgahı nə qədər əzizdirsə, hər bir məmləkətin səcdəgahı sayılan məscidlər də bir o qədər dəyərli və əzizdir.
Məscid səcdə edilən ülvi məkana verilən addır.
Məscid səcdənin pak etdiyi, dərin məna qazandırdığı mübarək bir məkandır.
Məscid daha çox toplu duaların, namaz, rüku və səcdələrin edildiyi, beləcə Allaha qul olmağın ortaq şüurla sərgiləndiyi müstəsna bir məkandır.
Məscid hər bir müsəlmanın ən məhrəm yeri və həyatının vazkeçilməzidir.
Məscid İslam şəhərinin döyünən qəlbi, onu ayaqda tutan ana sütunudur.
Məhz buna görədir ki, mədəniyyətimizin şəhərsalma ənənəsinə nəzər yetirsək, mütləq surətdə məscid memarlıq nümunəsi ilə qarşılaşarıq. Bütün ənənəvi İslam şəhərləri quruluşuna görə məscid mərkəzli salınmışdır. Daha açıq söyləsək, şəhərin ən mərkəz nöqtəsinə məscid yerləşdirilmiş, digər bütün ictimai və iaşə obyektləri isə onun ətrafında salınaraq yaşayış məskənləri bu şəkildə genişləndirilmişdir. Şəhər memarlıq üslubunun bu cür inkişafı eyni zamanda Nəbəvi bir sünnədir. Məkkədən Mədinəyə hicrət edən Allah Rəsulunun ilk işi məscid inşası olmuşdur ki, Onun bu əməli öz növbəsində sonrakı nəsillərə xeyirli bir cığır açmışdır. Gündəlik həyatımızda namaz ibadətinin yeri nədirsə, o həyatı yaşadığımız məskəndə var olan məscidin də yeri odur. Bütün işlərimizin arasında namaz bizə Allahı xatırlatdığı kimi hər gün qarşılaşdığımız şəhər mənzərələri arasında məscid də eyni rolu oynayır.
İnsanın məskən saldığı yerdə məscid və məbədin inşa edilməsi eyni zamanda sünnətullahın gərəyidir. Allah-Təala Qurani-Kərimdə “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir” (Ali-İmran, 96) buyuraraq bəşəriyyətin yer üzündə yayılması ilə ilk məbədin həmyaşıd olduğunu bildirir. Bəli, ilk məscid ilk insan qədər qədimdir.
Məscid İslam mədəniyyətinin ən vazkeçilməz abidələrindən biridir. Məsciddən səmaya yüksələn minarələr sanki İslam məmləkətinin vəhdət və iman simvoludur. Şairin dediyi kimi: “Şəhadət barmağıdır, göyə doğru minarə”...
Dinimizdə Allahı xatırladan hər şeyə ehtiram və təzimlə yanaşmaq təqva nişanəsi sayılır. Bu mənada Həcc surəsinin 32-ci ayəsində belə buyurulur: “Hər kim Allahın ayinlərinə hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır”. Dilimizə ayin kimi tərcümə olunan kəlmənin əsli ərəbcə “şəair”dir və məscid də Allahın şəairindəndir. Allahın şəairinə qarşı ehtiram təqvanın əlaməti olduğu kimi laqeyd qalma da məkruh və xoşagəlməz bir əməldir. Həzrət Peyğəmbərin məscidlə bağlı xəbərdarlıq edərək xüsusi vurğuladığı bir sıra pis əməllər eyni zamanda məscidin ruhaniyyətini pozan, orada ibadət edənlərə mane olan arzuolunmaz hal və hərəkətlərdir. Məscidi zibilləmək, yersiz yerə səs-küy salmaq, məscidə tüpürmək, soğan-sarımsaq kimi pis qoxu ilə məscidə gəlmək sadəcə bunlardan bir neçəsidir. Qüslü pozulan bir adamın məsciddən uzaq durması ilə bağlı xəbərdarlıqsa bu məsələdə məscidin ruhani ab-havasının pozulmamasına xidmət edir. Hətta termin olaraq qüslü olmayan bir adama “ictənəbə” – “uzaqlaşmaq” felindən yaranan “cünub” deyilməsi də onların məsciddən, namazdan və Qurandan uzaq durmalarına xüsusi bir vurğudur. Bunun əksinə, Qurani-Kərimdə “Ey Adəm oğulları! Məscidə gözəl libaslarınızı geyin!..” (əl-Əraf, 31) buyurularaq müsəlmanın məscid ədəbinə xüsusilə işarə edilərək hər dəfə məscidə gözəl libaslarımızla getmək əmr olunur. Şübhəsiz ki, libasların ən gözəli isə təqva libasıdır. Çünki Haqq-Təala ayeyi-kərimədə belə buyurur: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir”. (əl-Əraf, 26)
Məscidlər Allahın evidir. Hədisi-şərifdə məscidə gələnlərin şəxsən Allah tərəfindən qarşılandığı bildirilir. Ev sahibinin gələn qonağa münasibəti onun rəftarından asılıdır. Elə isə Allahın lütfünə məzhər olmaq istəyənlər, Onun ikramından nəsiblənməyi murad edənlər evinə ehtiramla girməli, təzimdə nöqsana yer verməməlidirlər. Digər tərəfdən heç bir kölgənin olmadığı qiyamət günü ərşin kölgəsi altında kölgələnəcək yeddi qrupdan birinin qəlbi məscidlərə bağlı insanlar olacağı da xüsusi bir Nəbəvi müjdədir.
Məscid eyni zamanda ümmət şüuru içində birlik və bərabərliyin yaşandığı, gücləndiyi məkandır. Fatihə surəsində buyurulan “Yalnız Sənə ibadət edir və Səndən yardım istəyirik” ifadəsinin qullar üzərində təzahür etdiyi bir məkandır. Bir anda könüllərdən qoparaq dilə gətirilən onlarla, yüzlərlə, hətta minlərlə, on minlərlə “Amin”lərin ərşə yüksəldiyi məkandır. Mümkün mərtəbə çalışaq ki, biz aciz bəndələrin də səsi bu aminlərin arasına qarışsın; İlahi hüzurda səcdəyə qapanan qulların arasına qarışaq ki, sabah məhşər günündə insanların ikiyə ayrıldığı bir zamanda salehlər zümrəsinə ilhaq edilək. Həyatımızdan səcdə, məmləkətimizdən məscid, səmamızdan bayraq və azan əskik olmasın! Amin!..
ŞƏRHLƏR