Uşaq Deyib Keçmə!
Doğumdan qabaq başlayan həyat macərası, doğumla birlikdə sürətli bir şəkildə davam edir. Bu mənada erkən uşaqlıq dövrünün nə qədər əhəmiyyətli olduğu aşkardır. Eynilə “Ağac yaş ikən əyilər” atalar sözündə verilmək istənən mesaj budur.
Təhsil baxımından erkən uşaqlıq dövründə həm valideynlər, həm də məktəbəqədər bağça müəllimlərinin müsbət hərəkət və davranışları, uşağın gələcəyinin formalaşması baxımından çox əhəmiyyətlidir. Sosioloji mənada cəmiyyətlərin sağlam inkişafı, gələcəyin formalaşması və ictimai dəyərlərin daşıyıcısı olmaları baxımından da erkən uşaqlıq dövrü olduqca mühümdür. Bu, fərd baxımından inkişaf sahələrinin ən ciddi dövrlərinin yaşandığı və fərdin sağlam inkişafının təməllərinin formalaşdığı bir dövrdür. Sadəcə bu nümunə belə, bu dövrün əhəmiyyətinin nə qədər çox olduğunu göstərmək üçün kifayətdir: uşağın idrak inkişafının 50%-i 4 yaşına qədər, 4 yaşından 8 yaşına qədər 30%-i, 8-17 yaş arasında isə 20%-nin inkişaf etdiyi müəyyən edilmişdir.
Bu baxımdan uşaqlıq dövrü, fərdin sonrakı həyatının təməllərini meydana gətirməsi və xarakterinin formalaşdığı dövr olması baxımından olduqca əhəmiyyətlidir. Yuxarıda qeyd etdiyimiz kimi fərd, özünün yetkinlikçağına hazırlıq davranışlarının çoxunu kiçik yaşlarda öyrənir və bunlar onda dərin izlər buraxır. Hətta bəzi psixoloqlar şəxsiyyətin formalaşmasının 90%-nin uşaqlığın ilk 6 ilində reallaşdığını irəli sürürlər. Bu bizə uşaqlıq dövründəki təlim-tərbiyəyə əsla laqeyd qalınmamasının zəruri olduğunu göstərir.
Fərdin gənclik və yetkinlik dövründəki dini inanc, duyğu, hərəkət və davranışlarının təməli də, əsasən uşaqlıq dövründə atılır. Buna görə veriləcək yaxşı bir təhsillə uşaqda din duyğusu sağlam inkişaf edə biləcəyi kimi, səhv, ya da məcburi bir təhsil vermək surəti ilə ondakı din duyğusunun pozulmasına, hətta dindən uzaqlaşmasına da şərait yarana bilər. Uşağa sağlam və təsirli bir din təhsili verə bilmək üçün, onun fiziki, psixo-sosial və zehni inkişaf sahələri ilə birlikdə, dini inkişaf xüsusiyyətlərinə də diqqət edilməsi son dərəcə əhəmiyyətlidir.
Hər şeydən əvvəl, insan həyatındakı müəyyən fizioloji və psixoloji xüsusiyyətlərin önəmli olduğu dövrlərə də diqqət çəkmək lazımdır. Psixoloqlar bu xüsusiyyətlərə görə insan həyatını müxtəlif dövrlərə ayırmışlar. Ancaq burada bunu da qeyd edək ki, insan həyatını qəti yaş hədləri ilə məhdudlaşdırmaq, şübhəsiz, mümkün deyil. Çünki genetik xüsusiyyətlər, qidalanma, sağlamlıq vəziyyəti, fiziki ətraf-mühit(yaşayış və iqlim şərtləri və s.) və ictimai ətraf-mühit (sosial-mədəni və iqtisadi şərtlər) insanın inkişafına təsir edən əhəmiyyətli faktorlar olduğu üçün, bu mövzuda insandan insana bəzi fərqliliklər görülə bilər.
Anormal inkişaf və müəyyən problemləri nəzərə almadan, ümumiyyətlə, bu dövrlər və yaş sərhədləri belədir:
Körpəlik: 0-2 yaş; ilk uşaqlıq: 2-6 yaş; son uşaqlıq: 6-11 yaş (qızlar), 6-13 yaş (oğlanlar); ilk yetkinlik(gənclik): 11-15 yaş (qızlar), 13-17 yaş (oğlanlar); son yetkinlik (cavanlıq): 15, 17-21 yaş;yetkinlik: 21-40 yaş;orta yaş: 40-60;yaşlılıq: 60 dan yuxarı.
Dini inkişafla əlaqədar araşdırmalar dini bəzən güvən, sevgi, qorxu, bağlanma kimi duyğularla əlaqələndirdikləri kimi, bəzən də digər duyğulardan müstəqil bir şəkildə fərdi inkişaf edən xüsusi bir duyğu sahəsi olaraq qiymətləndirir. Xüsusilə Qərb qaynaqlı araşdırmaların bir qismi erkən dövrlərdən etibarən inkişaf edən dini duyğunun varlığını böyük nisbətdə qəbul edir. Bu mənada ictimai və əxlaqi inkişafda olduğu kimi, dini inkişafda da hər yaş dövrünün özünə xas xüsusiyyətləri vardır və din təhsilində bu xüsusiyyətlər diqqətə alınır.
Qeyd etdiyimiz bu dövrlər, Allah inancı və din duyğusu baxımından bir-birindən fərqli bəzi xüsusiyyətlərə malikdir.Ən çox diqqət edilməsi lazım olan yaş qrupu isə uşaqlıq dövrüdür. Bu dövrdə formalaşan düşüncə sistemi və dini inanc daha sonrakı dövrlərdə insan həyatında əhəmiyyətli rol oynayır. Bunun üçün övladlarımıza uşaq deyib keçməməli onları uşaq yaşlarından etibarən doğru istiqamətləndirməliyik.
ŞƏRHLƏR