BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

“Biz səmanı(qüdrət)əllərimizlə yaratdıq və həqiqətən, Biz (onu)genişləndiririk”.

(əz-Zəriyat surəsi, 47)

Qurani-Kərimin bir çox ayəsində Allah-Təala kainatı necə və nə üçün yaratdığından xəbər verir. Yuxarıdakı ayədə də Allah, Öz gücü və qüdrəti ilə səmanı, yəni kainatı yaratdığını və genişləndirməkdə olduğunu bildirməkdədir. Bu ayədə diqqət çəkən bir xüsusبِأَيْدٍ“əllərimizlə” ifadəsidir. Bu ifadəni “Allahın əlləri” şəklində anlamaq və Allahı bu şəkildə təsvir etməyin doğru olmadığını bildirən İslam alimləri Qurani-Kərimdə bu və bu kimi ifadələrlə, Allahın gücü və qüdrətinin məcazi olaraq ifadə edildiyini bildirmişlər.

Ayənin ikinci hissəsini təşkil edən وَإِنَّا لَمُوسِعُونَ “Biz (onu) genişləndiririk” ifadəsinə gəldikdə,klassik dövrün təfsir alimləri buifadəni zahiri mənası ilə açıqlaya bilməmiş və fərqli şəkillərdə təfsir etmişlər. Müfəssir səhabələrdən biri olan İbn Abbas bu ifadəni “Bizim hər şeyə gücümüz yetər” şəklində izah etmişdir. Digər klassik təfsirçilərin bununla bağlı fikirlərini isə aşağıdakı kimi xülasə edə bilərik:

- Bizim qüdrətimiz çox genişdir. Qüdrətimiz hər şeyə yetər.

- Biz yaratdıqlarımızın ruzisini genişləndiririk.

- Yağış yağdırmaq surəti ilə yer üzündə geniş imkanlar yaradırıq.

- İnsanlara geniş lütf və ehsan bəxş edirik və s.

XX əsrdəki elmi tərəqqi nəticəsində bu ayəni heç bir fərqli izahlara ehtiyac qalmadanzahiri mənası ilə daha düzgün başa düşə bilirik. Beləki, XX əsrin ən böyük elm adamlarından biri sayılan Albert Eynşteyn nəzəri olaraq kainatın getdikcə genişlənməkdə olduğunu iddia etmişdi. Eyni zamanda XX əsrin əvvəllərində rus fiziki Aleksandr Fredman və Belçikalı astrofizik Corc Lemaytr da kainatın fasiləsiz olaraq hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesablamışdılar. Bu nəzəriyyənin doğruluğu daha sonra, 1929-cu ildə müşahidələrlə sübut olunmuşdur.

Qurani-Kərimin bir çox ayəsinə nəzər saldıqda görürük ki, Quranda “səma”kəlməsi ilə yer kürəsinin xaricindəki aləm nəzərdə tutulur və bu da bütün bir kainatdır. Deməli, bu ayə, bundan on dörd əsr əvvəl açıq bir şəkildə səmanın, yəni kainatın Allah tərəfindən genişləndirilməkdə olduğunu xəbər vermişdir. Bu bir daha sübut edir ki, uca kitabımız Qurani-Kərim haqdır və gələcəkdən xəbər verən möcüzə bir kitabdır. Elm inkişaf etdikcə onun müəyyən ayələri daha yaxşı anlaşılır. Bu kimi Quran möcüzələrinin daha sonralar ortaya çıxacağını xəbər verən Uca Allah Quranın haqq olduğuna inanmayanlara belə xitab edir: “Biz, (varlığımızın və qüdrətimizin) dəlillərini onlara həm üfüqlərdə, həm də öz içlərində göstərəcəyik ki, nəhayət onun (Quranın) haqq olduğu onlara aydın olsun” (Fussilət, 53.)- yəni, Quranın, gələcəkdə insan və kainatla bağlı ortaya çıxacaq bir çox kəşflərə işarə etdiyini görəcəklər.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz