MÖVLUDİ-ŞƏRİF

MÖVLUDİ-ŞƏRİF

     Lüğətdə “doğulan yer və zaman” mənasında olan Mövlüd (cəm forması: məvalid) İslamda Hz. Peyğəmbərin (s.ə.s) dünyaya gəldiyi gün və bu günün ildönümü münasibəti ilə keçirilən mərasimlərə verilən addır.

 İslam tarixçilərinin ço­xuna görə Allah Rəsulu (s.ə.s) Həbəşistanın Yəmən valisi Əbrəhənin Kəbəni yıxmaq üçün Məkkəyə hücum etdiyi və Fil vaqeəsi deyilən hadisənin meydana gəldiyi il dünyaya gəlmişdir. Bu mövzuda ixtilafın olmadığı qeyd edilir. Ərəblərdə “nəsi”(ayların yerini dəyişdirmə) adətini diqqətə alanlara görə bu tarix miladi 569, digərlərinə görə isə 570 və ya 571-dir. Yenə, ümumiyyətlə qəbul edildiyinə görə, Allah Rəsulu (s.ə.s) Rəbiül-əvvəl ayının 12-də və gündüz vaxtı dünyaya gəlmişdir. O il bahar fəslinə rast­layan bu ayın iki, səkkiz, on və ya on yeddinci günündə doğulduğuna dair rəvayətlərlə səhərə yaxın dünyaya gəldiyinə dair xəbərlər də mövcuddur. Allah Rəsulunun (s.ə.s)  ba­zar ertəsi günü dünyaya gəlməsi ilə əlaqədar bilgilər isə daha səhih dəlillərə istinad edir.[1]Mövlüdün caiz olduğunu söyləyən bir çox alimlər bunun səbəbini izah edərkən belə deyir: “Allah Rəsulu (s.ə.s) bazar ertəsi günü tutduğu orucun səbəbini izah edərkən: “Bugün dünyaya gəldim”,- demişdir”[2]. Buna görə Mövlüdü ilk əhya edən, o gün oruc tutaraq Allah-Təalaya şükür edən məhz elə Allah Rəsulunun (s.ə.s) Özüdür. Uca Allah Qurani-Kərimdə belə buyurur: (Ya Rəsulum!) De: Allahın neməti və rəhməti ilə - ancaq onunla sevinsinlər”[3]. Burada Uca Allah möminlərə rəhmətlə sevinmələrini əmr edir.  Allah Rəsulu (s.ə.s) da möminlər üçün bir rəhmətdir.  Belə ki,  Uca Allah digər bir ayədə belə buyurur: “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.[4] İbn Abbas “rəhmət” kəlməsini Muhamməd Mustafa olaraq təfsir etmişdir.[5]İslam coğrafiyasında yayılan, alimlərin gözəl gördüyü “Mövlüd” xalqın qəbul etdiyi bir adətdir.  “Müsəlmanların gözəl gördüyü Allah qatında gözəl, çirkin dedikləri isə çirkindir”.[6]

Mövlüdün dinin ruhuna uyğunluğunu göstərən misallar əsri-səadətdə də mövcuddur. Belə ki, Allah Rəsulunun (s.ə.s) mədh edilməsinə və Allahın Onun üzərindəki nemətlərinin dilə gətirilməsinə izin verilmişdir. Məsələn, Kəb ibn Züheyr  “Banət Suad” qəsidəsini Hz. Peyğəmbərin hüzurunda söyləyərək Onu (s.ə.s) mədh etdikdə, peyğəmbərimiz bundan təsirlənərək əbasını çıxarıb ona hədiyyə etmişdir.

Eyni zamanda Allah Rəsulu (s.ə.s) Məkkədən Mədinəyə hicrət etdikdə mədinəlilər, böyüklü-kiçikli hər kəs bayram havasına bürünmüş və şeirlər, ilahilər söyləmişdilər. Bu gün də xorla söylənən, dillərdən düşməyən, “taləal bədru aleyna” deyə başlanan ilahi – mədinəlilərin o zaman birlikdə oxuduqları mənzumədir.

Mövlüd– Allah Rəsulunun (s.ə.s) dünyaya təşrifi, uşaqlığı, risaləti, möcüzələri, əxlaqı ilə yanaşı, Ona tabe ola bilmək üçün lazımi məsələləri də ehtiva edir. Abdullah ibn Rəvaha, Kəb ibn Züheyr, Həssan ibn Sabit kimi şair səhabələr də Onun bu yönlərini tərənnüm etmişlər. Peyğəmbərə yazılan bu şeirlər dinləyənlərə güclü təsir göstərir, səhabənin Allah Rəsuluna (s.ə.s) təslimiyyətini artırırdı.

Mövlüdün-nəbi mərasimlərinə gəldikdə: Bu mərasimlər Fatimi və Əyyubilər dövründəki kimi xüsusi formada qeyd edilmədən əvvəl, Hz. Peyğəmbərin (s.ə.s) doğum günü olan rəbiül-əvvəl ayının 12-ci günü müsəlmanların Məkkədə Rəsulullahın (s.ə.s) dünyaya gəldiyi evi, Mədinədə də mübarək  qəbrini ziyarət etdikləri bilinir. İbn Cübeyr Məkkədəki bu ziyarət və mərasimlərə şəxsən şahid olmuş və bu münasibətlə Hz. Peyğəmbərin (s.ə.s) doğulduğu evin bütün gün boyu açıq tutulduğunu qeyd etmişdir. Allah Rəsulunun (s.ə.s) dünyaya gəliş günündə təşkil edilən bu mərasimlər, zaman və məkan fərqindən qaynaqlanan bəzi dəyişikliklərlə, əsrlər boyu davam etmişdir. Hər şeyə rəğmən,bir çox ortaq xüsusiyyətlərə malik olan bu mərasimlərə “Leylətül-Mövlüd”vəya “Mövlüdun-nəbi”də deyilmişdir.[7]

Hz. Peyğəmbərin (s.ə.s) doğum ildönümü Misir Fatimi xəlifəsi Muiz-Lidinillah zamanından (972-975) etibarən isə rəsmi olaraq qeyd olunmağa başlanmış­dır.

Fatimilər zamanındakı mərasimlərdə əvvəldən lazımi hazırlıqlar görülər, rəbiül-əvvəl ayının 12-ci günündə səhərdən başlayaraq günortaya qədər 300 məcməyi halva,  qazı başda olmaqla,  qurra, xətiblər və digər vəzifəli şəxslərə və lazımi yerlərə paylanardı. Xəlifə günorta namazını qıldıqdan sonra başda baş qazı  və digər vəzifəli şəxslər olmaqla, Əzhər camesinə gedər, burada xətm oxunduqdan sonra “mənzərə” deyilən mərasim yerinə keçərdilər. Qahirə va­lisi tədbiri təşkil etmək üçün hamıdan əvvəl gələrdi. Xəlifə də yanındakılarla birlikdə gələr, öncə baş qazini, ardından digər vəzifəli şəxsləri salamlayardı. Mərasim Quran tilavəti ilə başlayardı, ardından sıra­ ilə Ənvər (Hakim), Əzhər və Ağmər ca­melərinin imam-xətibləri bir xütbə oxuyub xəlifə üçün dua edərdilər. Bu əsnada qurra Quran tilavətini davam etdirərdi. Xütbələrdən sonra xəli­fə mərasimdəkiləri salamlayar və rəsmi mərasim bitərdi.

Məşhur rəvayətə görə Mövlüdun-nəbi mərasimləri, bugünkü halda ilk dəfə, Ərbil Atabəyi Müzəffəruddin Kökböri ((586-629/1190-1233) tərəfindən tərtib edilmişdir.[8]

Bir rəvayətə görə bu  mərasimlərdə 5000 qoyun, 10000 toyuq, 100 at kəsilmiş, 100000 qab yemək və 30000 məcməyi halva paylanmışdı. Üləma və təsəvvüf əhlinin öndərləri rəsmi mərasimlərdə iştirak edərdilər. Kökböri onlara xələt və hədiyyələr verərdi. Sufilər də günorta vaxtından fəcrə qədər zikr və səma məclisləri təşkil edərdilər.  800- 1000 qədər sufi toplaşar, Kökböri özü də onların aralarında olardı. Hər il Mövlüd üçün xərclənən pul 300000 dinar idi.

Şimali Afrikada (Məğrib)  Mövlüd keçirmə adəti yox ikən ilk dəfə şeyx, qazı və mühəddis Əbül-Abbas Əhməd ibn Muhamməd ibn Hüseyn əs-Sıbti əl-Azəfi (ö. 633/1236) tərəfindən xalqın xristian bayramlarını qeyd etmələrinin qarşısını almaq üçün  başladılmışdır.[9]

Suyutiyə (ö.911) görə Mövlüd mərasimlərində toplaşaraq Quran oxumaq, Allah Rəsulunun (s.ə.s) həyatından söhbət açmaq, doğumu ilə əlaqədar meydana gələn qeyri-adi hadisələrdən danışmaq, sonra hazırlanan süfrədə verilən ikramlardan yemək savab sayılır. Çünki Mövlüdü qeyd etmək Allah Rəsulunun (s.ə.s) dünyaya təşrif etməsi səbəbi ilə bir sevinc təzahürüdür.Əbu Şamə əl-Məqdisi (ö. 665/1267), İbn Əyyad ən-Nəfzi (ö. 792/1390), Şəmsəddin İbnül-Cəzəri, İbn Nəsruddin əd-Dəməşqi, İbn Həcər əl-Əsqalani, İbn Həcər əl-Heytəmi, Şəmsəddin əs-Səxavi, Cəlaləddin əs-Süyuti, Şihabüddin əl-Qəstəllani ve Muhamməd ibn Yusuf əş-Şami kimi alimlər Mövlüd keçirilməsinin caiz olduğunu söyləmişlər.[10]


[1]İbn Kəsir, əs-Sirətün-nəbəviyyə, nşr. Mustafa Əbdülvahid, Qahirə 1384/1964, I, 198-203; Şami, Sübülü’l-hüda və’r-reşad, nşr. Mustafa Əbdülvahid, Qahirə 1410/1990, I, 401-405; Mustafa Fayda, “Fil Vak’ası”, DİA, XIII, 71

[2] Müslim, Siyam, 197 (1162); Əbu Davud, Səvm, 54; Əhməd ibn. Hənbəl, Müsnəd, V, 297, 299;

[3] Yunus, 10/58.

[4]əl-Ənbiya, 21/107.

[5] Süyuti, əd-Dürrü’l-Mənsur, III, 308.

[6] Hakim, Müstədrək, III, 78, (4465) İbn Abbas rəvayət etmişdir. Hədis mövqufdur.

[7]Osman Çetin, Tarihte İlk Resmi Mevlid Merasimleri, Uludağ ÜNİVERSİTESİ İLAHIYAT FAKULTESİ, Sayı: 2, : II, Yıl:, 1987,  s. 74.

[8]Osman Çetin, a,k,m, s. 75.

[9] Ahmed Özel Mevlid, Tarihi ve Dini Hükmü, DİVAN der. 2002/1, s.240

[10]Ahmet Özel, a,k,m, s. 244-245.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz