BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: حَقُّ المُسْلِمِ عَلَى المُسْلِمِ خَمْسٌ: رَدُّ السَّلاَمِ، وَعِيَادَةُ المَرِيضِ، وَاتِّبَاعُ الجَنَائِزِ، وَإِجَابَةُ الدَّعْوَةِ، وَتَشْمِيتُ العَاطِسِ

            Əbu Hüreyrədən (r.ə) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

 “Müsəlmanın müsəlman üzərində beş haqqı vardır. Verdiyi salama cavab vermək, xəstələndiyi zaman ziyarətinə getmək, (öldüyü zaman) cənazəsində iştirak etmək, dəvət etdiyi zaman dəvətinə icabət (qarşılıq) etmək, asqırdığı zaman dua etmək”. (Buxari, Cənaiz, 2; Müslim, Salam, 5)

İslam dininin başqa dini və dünyəvi sistemlərdən üstünlüyü inanan insanlar üçün gətirdiyi dünya və axirətə aid qanunlardır. Dünyəvi sistemlər ən mükəmməl qanunlar icad edib ən modern tədbirlərə əl atsalar, ən ağır çəkindirici cəzaları tətbiq etsələr də bunların heç biri İslamın gətirdiyi ilahi qanunları əvəz edə bilməz. Çünki İslam dininin gətirdiyi qanunlar təkcə əmr və nəhylərdən ibarət olmayıb, sağlam bir cəmiyyətin əsasını təşkil edən cəmiyyət fərdlərinin riayət etməli olduğu bir sıra qarşılıqlı haqlar da təyin etmişdir.

Yuxarıda qeyd olunan hədisi-şərifdə sadalanan haqlar cəmiyyətin mənəvi dinamizmi ilə bağlıdır. Çünki bunları yerinə yetirmədikdə tətbiq ediləcək dünyəvi bir cəza və ya bir hədd yoxdur. İslam cəmiyyətinin mənəvi həssasiyyətləri bu haqlarla təmin edilmiş olur. Bu haqların hər biri yaxşı insan, yaxşı müsəlman olmağın insani münasibətləri ən yüksək səviyyədə saxlamağın, fərdləri bir-birinə sevgi-şəfqət və mərhəmət hissləriylə bağlı bir cəmiyyət meydana gətirməyin təməlləridir. Qurani-Kərimdə Allah-Təala belə buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz”.(Ali-İmran 3/110) Beləliklə, bu haqlara riayət edib nümunəvi ümmət halına gələn möminlər həm dünyada, həm də axirətdə əbədi səadətə çatarlar.

Bu haqlardan birincisi olan salam vermək müsəlmanların bir-biri üçün dua etməsi və Allahdan yaxşılıq istəməsidir. Çünki “salamun aleykum” demək Allahın nəzəri altında olasınız, salamatlıqlar, yaxşılıqlar sizin üzərinizə olsun və sizdən ayrılmasın deməkdir. Qarşılıqlı haqlardan biri də müsəlman qardaşının dəvət etdiyi yerə getməkdir. Odur ki, hər bir müsəlman, haram və günahların işləndiyi məclislər istisna olmaqla, din qardaşının dəvət etdiyi yerə getməlidir. Asqırmaq da başqa nemətlər kimi Allahın bəxş etdiyi bir nemətdir. Nemətə şükür etmək isə hər bir müsəlmanın borcudur. Ona görə də asqıran kimsə “əlhəmdülillah” deməlidir. Bunu eşidən başqa müsəlman da din qardaşına “yərhəmükəllah”deyərək dua etməlidir. Dinimiz möminlərə təkcə yaxşı günün deyil, eyni zamanda pis günündə dostu olmağı tövsiyə edir. Odur ki,xəstə ziyarəti və ölümündən sonra müsəlman qardaşın cənazəsinə qatılıb iştirak etmək bir haqq olaraq təyin olunmuşdur. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz