Onu Sevirik...
Səhabələrdən Übey bin Kab bir gün peyğəmbərimizdən soruşdu:
“-Ya Rəsulallah! Mən sənə çox salavat gətirirəm. Görəsən, bunu nə qədər etməliyəm?”
Peyğəmbərimiz (s.ə.s):
“-İstədiyin qədər elə”, - buyurdu. O yenə:
“-Dualarımın dörddə birini salavata ayırsam necə olar?” - deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s):
“-İstədiyin qədər ayır, amma nə qədər çox eləsən, sənin üçün xeyirli olar”, - buyurdu. Übey:
“-Elə isə, duamın yarısını salavata ayırım”, - dedi. Peyğəmbərimiz (s.ə.s) yenə:
“-İstədiyin qədər elə, amma nə qədər çox eləsən, sənin üçünxeyirli olar”, - buyurdu. Übey bin Kab yenə soruşdu:
“-Elə isə, üçdə ikisi kifayət edərmi?”
Peyğəmbərimiz (s.ə.s) yenə də:
“-İstədiyin qədər, amma artırsan, sənin üçün dahayaxşı olar”, - buyurdu. Übey:
“-Elə isə, duaya ayırdığım vaxtın hamısında sənə salavat gətirsəm necə olar?” - deyə soruşanda peyğəmbərimiz buyurdu:
“-Belə olsa, Allah (dünya və axirətə aid) bütün sıxıntılarını dəf edər və günahlarını bağışlayar”. (Tirmizi, Qiyamət, 23)
İnsan sevgi ilə birlikdə yollanıb bu dünyaya. Zaman-zaman mərhəmətini itirsə də, sevgisini heç zaman itirmədi, unutmadı, tərk etmədi... Adını dəyişdi, istiqamətini dəyişdi, zamanını dəyişdi, amma sevgini heç nə ilə dəyişmədi. Kimi zaman “Leyli” oldu, kimi zaman “Şirin” oldu, kimi zaman bir tikə çörək, kimi zaman da intiqamla alovlanan bir cəsarət oldu, amma heç sönmədi. Kimi zaman keçmişindəki həyata bağlayan xoş xatirələrdən ibarət bir məlhəm, kimi zaman da ümid olub, xəyal olub, gələcəyin bilinməz tarixlərinə atdı qarmağını. “Dünyanı qurtaracaq” dedilər, amma ona bağlanan ümidləri hələ ki, doğrultmadı. Çünki “sevgi” o qədər qol-budaq atıb şaxələnmişdi ki, insan oğlu onun hansı budağının şirin, hansı budağının acı meyvə verdiyini qarışdırdı, xeyrini şərini bilməz oldu...
Əslində isə, bütün dünyanı olmasa da, bir çoxlarının dünyasını qurtarmışdı “sevgi” – Allah və Rəsulunun sevgisi. “Anam-atam sənə fəda olsun”, “səni dünya və içindəkilərdən, hətta öz nəfsimdən də çox sevirəm” deyəcək qədər üstün bir səviyyəyə çatmış olan “sevgi”...Dar ağacında, şəhid edilmədən əvvəl soruşulan bir suala: “Deyil onun mənim yerimdə olmasını, hal-hazırda olduğu yerdə ayağına bir tikan batmasına da razı deyiləm” deyə ifadə edilən bir sevgi... Ərinin, uşaqlarının şəhid olduğu xəbərini aldığı halda: “Rəsulullah necədir, siz ondan xəbər verin” deyə soruşulan və sağ olduğunu eşidəndə Allaha şükür edilən bir sevgi... Misallarını sıralasaq səhifələrə sığmaz... O quldarlıq dövrü vəhşiliyinin səhrasında susuzluqdan yarpaqları bürüşmüş bir ağacın dibinə tökülən sərin su kimi onu yenidən yaşıllandıran, canlandıran; ümmətinə təşnə, ümmətindən ötrü canıyanan peyğəmbər ilə peyğəmbərinə aşiq, ondan ötrü fədayi-can olan bir ümmət arasında dirilik suyuna çevrilən, neçə-neçə dünyaları xilas edən “sevgi”... İnsan “kamil sevginin təzahürü” olan o “sevgili”nin dünyaya göz açdığı gündə sevinməzmi?
Bir övladımız dünyaya gələndə sevincimiz yerə-göyə sığmaz. Və hər il həmən vədə gəlib çatanda istər-istəməz o gün içimizə şirin bir sevgi baharı əsər, meh yeli kimi... O gün üçün bişirilən xüsusi yeməyi, açılan özəl süfrəni fəxr və şükür duyğuları içində minnətlə qarşılayarıq, Aləmlərin Rəbbi qarşısında. Bəs yaxşı, dünya və içindəkilərdən, ailə və uşaqlarımızdan, hətta canımızdan da daha çox sevdiyimiz, və ya sevməli olduğumuz o “sevgililər sevgilisi”nin dünyaya göz açdığı gündə sevinməyimiz çoxdurmu?Onun dünyaya göz açdığı gündə süfrəmizin üstünə qoyulanların sayı dəyişərsə, bu da çoxdurmu? O gün onu digər günlərdə olduğundan daha çox arzulayırıqsa, çoxdurmu?
Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Kim bir xeyrə səbəb olarsa, o xeyri işləyən adam qədər o da savaba nail olar” (Müslim, imarə, 133) – buyurur. Demək ki, gözəl bir məclis təşkil edib, orada oturanların peyğəmbərə salavat gətirməyinə səbəb olmaq necə də dəyərli bir əməldir! Çünki peyğəmbərə salavatın özü də başlı-başına bir ibadət kimi həm Quranda, həm də hədislərdə öz əksini tapmışdır:
Qurani-Kərimdə:“Allah və mələkləri rəsuluna salavat edərlər, ey iman edənlər, siz də ona salavat edib layiqincə salamlayın (və ya təslim olun)”– buyurulur.
Hədisi şəriflərdə isə: “Kim mənə bir dəfə salavat gətirsə, bu səbəblə Allah-Təala ona on misli mərhəmət edər, o kimsənin on günahını bağışlayar və mənəvi dərəcələrini on dərəcə daha yüksəldər” (Müslim, Salat, 70) – buyurulur. Başqa bir hədisdə: “Qiyamət günündə insanların mənə ən yaxın olanları, ən çox salavat gətirən kimsələrdir” (Tirmizi) – buyurulur. Nəinki çox salavatın fəziləti, hətta adı çəkiləndə salavat gətirməməyin böyük vəbalı haqqında bir çox hədislər var. Elə isə bu həyatda əlimizə keçən hər fürsətdə, istər səhərin bərəkətli erkən saatlarında, istərsə də fürsət bildiyimiz bir məclisdə əlimizdən gəldiyi qədər salavatı çoxaltmağa dəyməzmi?
Bütün həyatımızın mənası və məqsədi Allaha gözəl bir borc verməkdən ibarətdirsə, onun “aləmlərə rəhmət” və “xatəmün-nəbiyyin” olaraq vəsf etdiyi elçisini sevməkdən daha gözəl borc ola bilərmi?
ŞƏRHLƏR