SƏDƏQƏLƏRİ ALLAH ALIR
Zamanlardan Əsri-Səadət dediyimiz insanlığın qızıl dövrü…
Məkan Allah Rəsulunun mübarək şəhəri, İslamın qəlbi Mədineyi-Münəvvərə…
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik”[1] buyuran Allah-Təala müsəlmanları mal qıtlığı ilə sınağa çəkir. Şiddətli qıtlıq var, lakin aclıq yoxdur. Çünki əshabi-kiram əlindəki nemətləri qardaşları ilə bölüşməyi bacarırdı. Yarım xurma ilə də olsa infaq və sədəqədə örnək şəxsiyyət sərgiləyirdi. Lakin hökm sürən qıtlıq hər şeyə rəğmən səhabə cəmiyyətinə təsirsiz ötüşmür. Əhali pərişan halda nə edəcəyini bilmir. Yeganə təsəlli qaynağı hər şeyin Allahdan gəldiyini qəbul etməkdə…
Məhz belə bir vəziyyətdə Allah Rəsulunun kürəkəni, halal ticarət dedikdə ağla gələn simalardan Həzrət Osman Zinnureynin Şamdan yüz dəvə yükü buğda karvanı gəlir. Bütün Mədinə xalqı buğda almaq ümidi ilə sevincə qərq olur. Səhabələr bu məqsədlə o həya abidəsi Həzrət Osmanın yanına gəlib buğda almaq istədiklərini bildirirlər. Həzrət Osmanın verdiyi cavab isə hər kəsi məyus edir: “Sizdən daha yaxşı alıcım var, malımı ona satacağam. O daha çox verir”. Dəfələrlə verdikləri qiyməti artırsalar da Osman (r.a)-ın cavabı eyni olur: “Sizdən daha çox vəd edən var, ona satacağam”.
Əshabi-kiram nəhayət, məsələni xəlifəyə şikayət etmək qərarına gəlir. Rəsulullahın sadiq dostu və xəlifəsi Həzrət Əbu Bəkrin yanına gəlib Həzrət Osmandan şikayət edirlər: “Ya xəlifə, belə bir qıtlıq hökm sürərkən Osmanın etdiyi hansı əxlaqa uyğundur?” Həzrət Əbu Bəkr: “Rəsulullahın kürəkəni, cənnətlə müjdələnmiş səhabəsi Osmanı səhv başa düşmüsünüz. Bu işdə bir əmma var”, - deyib hüsnü-zənn örnəyi sərgiləyərəkonlarla birlikdə Hz. Osmanın yanına yollanır.
- Ey Osman, səhabələr sənin sözündən inciyiblər. Bu işin hikməti nədir? – deyə soruşur. Həzrət Osman bu cavabı verir:
- Bəli, dedikləri doğrudur, ey Rəsulullahın xəlifəsi! Onlar birə yeddi təklif edirlər. Malıma onlardan daha yaxşı müştəri var. O, birə yeddi yüz verir. Mən də Ona satmaq qərarına gəldim.
Bu sözləri dedikdən sonra yüz dəvə yükü buğdanı Mədinənin fəqirlərinə, əshabi-kirama paylayır. Həmin yüz dəvəni də kəsərək yoxsullara yedirir. Onun bu fədakarlığına sevinən Həzrət Əbu Bəkr həya və comərdlik abidəsi Həzrət Osmanın alnından öpür…
Əxlaq nümunəsi olan o abidə insanlar “Allah möminlərin canlarını və mallarını onlara veriləcək cənnət müqabilində satın alımışdır”[2] ayəsinin fərqində olan, son damla qanlarına, sonuncu quruşlarına qədər bu ticarətdə qazanclı çıxmağa çalışan örnək simalar idilər. Yoxsulun əlinə verilmədən sədəqələri Allahın aldığını[3] yəqinliklə bilirdilər. Bu səbəbdən daima Rəbləri ilə alış-veriş içində idiər. Haqq-Təalanın Qurani-Kərimdə “Kim Allaha gözəl borc verərsə, Allah da onu qat-qat artırar”[4], - buyuraraq yoxsul və möhtaca xərclənən hər şeyi bir borc olaraq qəbul etdiyini dərk edirdilər. Sərvət sahibləri məhz bu duyğulara sahib olduqları üçün cəmiyyətdə hüzur, səadət iqlimi hakim idi. Yoxsulları özlərinə zimmətli bilən imkan sahibləri hər addımda düşəni qaldırmağa, büdrəyənə dayaq olmağa çalışaraq şəfqət qanadlarını fəqir-füqəranın üzərinə gərmişdilər.
Bu günsə əsrimizin ən böyük bəlalarından olan eqoizm xəstəliyi bizi bir-birimizdən qopartdı. İnsanlıq adına yardımlaşma şüuru cəmiyyətimizi tərk etdi. Beləliklə küçədə soyuqdan donanlarla birlikdə vicdanlar da buz bağladı. Aclığın şiddətindən fəryad edən körpələrin səsi qulaqları kar etdi, lakin qəlbimizə yol tapa bilmədi. Malımızı mülkün sahibinə xərcləməkdən əsirgədikcə gözümüzdə bütləşməyə davam etdi. Cəmiyyətimizdəki varlıların israf etdiyi ölçüdə yoxsullar ac qaldı. Təəssüf ki, bir çoxumuz yetimlərin başını oxşayaraq, kimsəsizə dayaq olaraqqarşımızda duran insanlıq yoxuşunu keçə bilmədik. İnsanlıq imtahanından sinifdə qaldıq. Bizə verilməsini istədik, lakin əlimizdəkini paylaşmadıq.
Halbuki imtahan yeri olan dünya həyatında bizə verilənləri Allah yolunda xərcləməkdən başqa çarəmiz yoxdur. Qəlbimizdən çıxarıb atdığımız və beləliklə də infaq etdiyimiz hər şey sanki batmaq üzrə olan gəmidən atılan artıq yük kimidir. Elə isə dünya adlı okeanında nəfsimizin nəhəng dalğaları ilə mübarizə apara bilməyin yeganə yolu qəlb gəmimizə doldurduğumuz artıq yüklərdən xilas olmaqdır. Üstəlik Rəbbimiz sevindirdiyimiz yoxsulun, ziyarət etdiyimiz xəstənin, ehtiyacını təmin etdiyimiz möhtacın yanındadır və rizasını qazanmaq üçün verilənləri ən gözəl şəkildə qəbul edəndir.
Əbu Hüreyrə radiyallahu anhdan rəvayət edildiyinə görə Rəsulullah səllallahu əleyhi və səlləm belə buyurdu:
“Allah-Təala qiyamət günü belə buyurar:
- “Ey Adəm oğlu, xəstələnmişdim, məni ziyarət etmədin”. Adəm oğlu:
- Sən aləmlərin Rəbbi ola-ola mən səni necə ziyarət edə bilərəm? – deyər. Allah-Təala:
- “Filan qulum xəstələndi, ziyarətinə getmədin. Onu ziyarət etsəydin, məni onun yanında tapardın. Bunu bilmirsənmi? Ey Adəm oğlu, məni doydurmanı istədim, doydurmadın”, - buyurar. Adəm oğlu:
- Sən aləmlərin Rəbbi ola-ola mən səni necə doydura bilərdim? – deyər. Allah-Təala:
- “Filan qulum səndən yemək istədi, vermədin. Əgər ona yemək versəydin, verdiyini mənim qatımda mütləq tapacağını bilmirsənmi? Ey Adəm oğlu, səndən su istədim, vermədin”, - buyurar. Adəm oğlu:
- Ey Rəbbim, sən aləmlərin Rəbbi ola-ola mən sənə necə su verə bilərdim? – deyər. Allah-Təala:
- “Filan qulum səndən su istədi, vermədin. Əgər ona istədiyini versəydin, verdiyinin savabını dərgahımda görərdin. Bunu bilmirsənmi?” – buyurar”[5].
ŞƏRHLƏR