Bir insan qazanmaq

Bir insan qazanmaq

İlahi dəvəti bütün bəşəriyyətə çatdıra bilmə eşqi, Rəsuli-Əkrəmə (s.ə.s) dərin bir həyəcan verirdi. Könüllərini bu dəvətə qarşı bağlayanlara acıyaraq, təəssüflə baxırdı. “Bunlar bilmirlər, bilmədikləri üçün bu cür davranırlar. Mən onlara bilmədikləri həqiqəti anlatmalıyam” deyə düşünür və özünə əziyyət verərcəsinə cəhd edirdi.

Bir gün çox qəribə bir şey oldu: Hz. Peyğəmbər (s.ə.s) Məkkənin böyüklərindən sayılan bir qrup kafirlərlə oturub söhbət edirdi. Onlara İslamın gözəlliklərindən danışır, müsəlman olmağın nə böyük bir xoşbəxtlik olduğunu deyirdi. Adamlar mövzuya qarşı inadkarlıq etdikdə məsələni bir başqa cəhətdən ələ alır, onların qatılaşmış qəlblərini yumşaltmağa çalışırdı.

Bu anda içəriyə Abdullah ibn Ümmi-Məktum girdi. İbn Ümmi-Məktumun gözləri görmürdü. Bu səbəbdən də Fəxri-Kainatın necə bir əhvali-ruhiyyə içində olduğunu bilmirdi. “Bu adamları qazanarsa, onların bir işarəsinə baxaraq yüzlərlə insanın qurtuluşa çatacağı ümidi içində olduğunu” bilmirdi. Yeni nazil olan ilahi hökmləri öyrənmək arzusu ilə:

“Ya Rəsulallah! Allahın sənə öyrətdiklərindən mənə də öyrət”, - deyə səsləndi.

            İbn Ümmi-Məktumun belə müraciət etməsini yersiz görən Fəxri-Cahan (s.ə.s) narahat oldu. Bişmiş aşa soyuq su qatdığı düşüncəsilə ona dönüb baxmadı. Çünki onun ümid dolu könlü bu qatılaşmış kafirləri qazanma həyəcanı ilə yanırdı.

            İbn Ümmi-Məktum sözlərini Nəbiyyi-Əkrəmə eşitdirə bilmədiyini zənn edərək eyni sözləri bir daha, bir daha söylədi. Peyğəmbərimizin (s.ə.s) canı xeyli sıxıldı və mübarək üzünü digər tərəfə döndərdi.

            Rəhmət Peyğəmbərinin bu davranışı Əbəsə surəsinin nazil olmasına səbəb oldu. Surə belə başlayırdı:

Yanına korun gəlməsindən dolayı (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. Nə bilirsən, bəlkə də, o, (səndən İslama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!” (Əbəsə 1-4)

Ayələr qazanılmış bir könlü necə də olsa bizdəndir düşüncəsi ilə ehmal etdiyi üçün Allah Rəsuluna xəbərdarlıq edirdi. Kafirləri İslama dəvət yolunda Rəbbindən xəbərdarlıq eşidən Rəsuli-Əkrəm (s.ə.s) Abdullah ibn Ümmi-Məktumun yanına hər gəlişində:

            –“Ey haqqında Rəbbimin məni danladığı zat, salam sənə!” – deyə onu yanına çağırar, iltifat edər və ridasını altına sərərdi.

Peyğəmbərimizin (s.ə.s) dəvət eşqi, İslamı sevdirib mənimsətmə arzusu məhz bu şəkildə yanıb tutuşurdu. Rəhmət günəşinin geniş qəlbi hər kəsin doğru yolu tapmasını, cənnətə getməsini, əbədi əzabdan qurtulmasını istəyirdi. Bunu o qədər istəyir, özünü işinə o qədər verir, İslama qarşı mövqe tutmasınlar deyə, o qədər səy göstərirdi ki, Allah-Təala ona: “Onlar iman gətirməyəcəklər deyə, özünü həlakmı edəcəksən?” – deyə xəbərdarlıq etmişdi. (əş-Şüəra 3)

Bu ilahi xəbərdarlıqla Ona, vəzifəsinin təbliğdən ibarət olduğunu, əgər hər kəsin bir anda müsəlman olması gərəksəydi, göydən endiriləcək bir möcüzə ilə bunun asanlıqla təmin ediləcəyini və o zaman hər kəsin istər-istəməz hidayətə çatacağını bildirirdi. Demək ki, kainatın sahibi bunun belə olmasını istəyirdi. Nə üçün belə olması gərəkdiyini də təkcə O bilirdi.

Hz. Rəsulullah (s.ə.s) savaşların birindən qayıdırdı. Məsciddə iki rükət namaz qıldıqdan sonra əziz qızı Hz. Fatimənin (r.anhə) evinə baş çəkdi. Hər zaman belə edərdi. Əvvəl qızını görüb qucaqlayar, sonra xanımlarının yanına gedərdi. Hz. Fatimə atasının üzünü, gözünü öpərək ağlamağa başladı. Hz. Rəsuli-Əkrəm (s.ə.s):

–“Niyə ağlayırsan, balam?” – deyə soruşdu. Hz. Fatimə:

 –“Atacan, gül rəngin solmuş, paltarın köhnəlmiş” – deyincə, atası Hz. Peyğəmbər (s.ə.s) bunları dedi:

 –“Ağlama, Fatimə! Allah-Təala sənin atana bir vəzifə verdi. İstəsələr də, istəməsələr də, yer üzündə insanın yaşadığı hər yerə bu din girib yayılacaqdır. Mənim vəzifəm də bunu təmin etməkdir”.

Xeybərin mühasirə edildiyi günləri idi. Hz. Peyğəmbər (s.ə.s) səhabələrinə, ertəsi gün bayrağı Allah və Rəsulunu sevən, onlar tərəfindən də sevilən birinə verəcəyini və fəthi onun əliylə həyata keçirəcəyini dedikdə, müsəlmanlar çox həyəcanlandılar. Bu bəxtəvərin kim olduğunu düşünməkdən gözlərinə yuxu girmədi. Seyyidul-Kainat (s.ə.s) ertəsi səhər bayrağı Hz. Əliyə (r.a) təslim edərkən ona İslam dəvətinin ruhunu bu sözlərlə xülasə etdi:

            “Əli! Heç tələsmə! Oraya çatanda əvvəl onları İslama dəvət et və Allahın əmrlərini onlara bildir.

            Əli! Sənin bu dəvət və irşadınla tək bir adamın müsəlman olması, sənin üçün dünya sərvətindən daha dəyərlidir”.

Bəli, İslam dəvətinin ruhu, bu son cümlədə yatmaqdadır: Bir insan qazanmaq…

Bu hədislər və hadisələr bizə hər müsəlmanın yer üzündə Allahın xəlifəsi və Rəsulunun mirasçısı olduğunu xatırladır.

Bizə yaraşan, “Ya ilahi, rəhmətindən heç kəs dür olmasın!” düşüncəsilə hər kəsə xoş baxmaqdır. Kim bilir, bəlkə də, bəyənmədiyimiz neçələri nə mükəmməl bir qul olacaq, Allahın dininə nə gözəl xidmət edəcək, bizi də özünə təəccübləndirib heyran qoyacaqdır.

            Elə isə; ömrümüzün geri qalan saylı günlərini, hər daim bir insan qazanma həyəcanı ilə keçirək…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz