Dinsiz Əxlaq Olarmı

Dinsiz Əxlaq Olarmı

Bu bir həqiqətdir ki, insan ictimai varlıqdır, cəmiyyətlə birgə yaşamaq məcburiyyətindədir vəhəyatını davam etdirmək üçün cəmiyyətin əxlaqi-dəyərlərinə, qayda-qanunlarına riayət etmək məcburiyyətindədir.

 Cəmiyyəti ayaqda tutan bəzi maddi və mənəvi dəyərlər vardır ki, bunlardan birinə xələl gəldiyi zaman artıq cəmiyyətdə bəzi xoşagəlməz hadisələrin baş verməsi qaçınılmaz olur. Bu dəyərlərdən biri din,digəri də əxlaqdır. Hər bir xalqın, cəmiyyətin özünəməxsus dini, dini inancları, inamları olmuşdur və bu gün, hal-hazırda da bu, davam edir.Digər tərəfdən cəmiyyəti ayaqda tutan digər mənəvi qüvvə isə əxlaq prinsipləridir.

Dilimizdə mövcud olan “əxlaqlı”, “ədəbli” ifadələri hər gün insanların istifadə etdiyi kəlmələrdir. Hər hansısa bir şəxsin yaxşı xüsusiyyətlərini fərqləndirmək üçün bu sözlərdən istifadə edirik. “Filənkəs əxlaqlı, ədəbli şəxsdir” dediyimiz zaman, artıq o adamın cəmiyyətdə üstün əxlaqa sahib olduğunu vurğulamaq istəyirik. Digər tərəfdən dindarlar üçün də “filankəs dindar bir adamdır, əxlaqlı şəxsdir” kimi sözləri də deyirik. Demək, dindarlıq və əxlaqlı sözünü həmişə eyni mənada işlədirik.

“Əxlaq” sözü ilə “din” sözü eyni mənada işlənməsə də, biz bilirik ki, bu iki kəlmə bir-birini tamamlayan məfhumlardır. Biz soruşa bilərik ki, “dindar adam” daha yaxşıdı, yoxsa “əxlaqlı adam”? Ancaq bunun cavabını vermək çox çətindir. Cəmiyyətdə hər ikisinin də öz yeri, öz mövqeyi vardır. Bəzən bu sualın cavabını bu cür də verə bilərik: Cəmiyyətə faydası olmayan bir dindardan əxlaqlı adam daha yaxşıdır. Yaxud da: əxlaqsız dindardan elə əxlaqlı insan daha təqdirəlayiqdir. Bu və buna bənzər cavabları çoxaltmaq da olar. Kimisi “dindar”, kimisi də “əxlaqlı” daha yaxşıdır cavabını da verə bilər. Ancaq burada bir məsələni də aydınlaşdırmaq lazımdır ki, “əxlaqlı” necə olmalıdır, “dindar” necə olmalıdır?

Bu gün insanların dindarı da var, dindar olmayanı da... Bizim baxış açımızdan əxlaqlı olan da var, əxlaqlı olmayan da... Bəzən dəfələrlə eşitdiyimiz bir ifadə var: “Ürəyi təmiz olmaq”. Ürəyi təmiz olanın daha yaxşı olduğuna biz necə inana bilərik? Bir şəxsin əxlaqlı olub olmadığını biz necə, hansı əxlaq qaydası ilə təsbit edə bilərik?

Bilindiyi kimi, cəmiyyət davam edən bir fenomendir. Davam etdikcə dəyişir, inkişaf edir, zəifləyir, ancaq mövcudiyyətini qoruyur. Bu mövcudiyyətini qorumaq üçün bəzi qayda-qanunların olması labüddür. Əxlaq prinsipləri hər nə qədər qanun qədər qüvvədə olmasa da, cəmiyyətin mənəvi havasını qoruyub saxlayır. Din də həmçinin eyni hökmdə bir fenomendir. Ancaq “maariflənmə” dövründən bəri din cəmiyyət üzərindəki öz təsirini itirdikdən sonra “əxlaq prinsibləri”nə daha çox üstünlük verilməyə başlandı. Bu əxlaq prinsipləri nələrdir? Xüsusilə bunu qeyd etmək lazımdır ki, bu “əxlaq” anlayışı “dinsiz bir əxlaq” anlayışıdır. Cəmiyyət həyatı artıq dinin istədiyi əxlaqı deyil, fərdiyyətçilik, mənfəətçilik prinsipinə xidmət edən əxlaqı mənimsəməyə başladı. Sərbəstlik adı altında istənilən hərəkətin caiz olduğuna dair təsəvvürün yaranması, istədiyini edə bilmək, məqsədinə nail olmaq üçün istənilən yollara (halal-haram demədən) baş vurmağın mümkün olduğunu müdafiə edən bir düşüncə formalaşdı.

Dini əxlaq ilə, dinsiz əxlaq arasındakı fərq nədir? Dini əxlaqın əsasında ibadət dayanır. Bu, eyni zamanda ümumbəşər dəyərlərin üstün olduğu bir əxlaqdır. Ata-ana haqlarından tutmuş, qohum-əqrəba, qonşu münasibətlərinə kimi bütün dəyərlərin əsas məqsədi ibadət mahiyyətinin üstün olmasıdır. Fərdiyyətçilikdən çox ictimai dəyərlər üstünlük təşkil edir. Ailə dəyərləri böyük ölçüdə sıx və müqəddəsdir. Oğurluq, zina etməmək, başqasının namusuna göz dikməmək kimi ülvi dəyərlərin bir dini mahiyyəti vardır. Hər şey, hər hərəkət, hər davranış günah-savab nöqteyi-nəzərindən ölçülür. Dini əxlaqda bizim hərəkətlərimizi görən Bir Yaradan,əxlaqı öyrədən Uca Xaliq vardır. Burada siyahını daha da çoxaltmaq mümkündür.

Ancaq dinsiz əxlaqın mənbəyində ibadət yox, mənfəət dayanır. Ümumbəşər dəyərlərdən daha çox fərdiyyətçilik üstünlük təşkil edir. Rəqabət, məqsədinə çatmaq üçün başqalarını qurban vermə kimi ictimai həyatın balansını pozan, cəmiyyətin çökməsinə səbəb olan ehtirasın qanuniləşdirilməsi bir həyat tərzi kimi təqdim edilir. Sərbəstlik deyib, on səkkiz yaşından sonra ailəni tərk edib istədiyin kimi yaşama hüququna sahib olmaq, yeri gəldikcə ailə dəyərlərini belə öz arzularına qurban vermək imkanına sahib olmaq “müasir, modernlik” adı altında dinsiz əxlaqın öyrətdiyi prinsiplərdir. Hiyləgərliyin bir məharət kimi göstərilməsi, “gözüaçıqlığın” bütün məqsədlərinə çatmaq üçün yeganə vasitə olduğunun mənimsədilməsi dinsiz əxlaqın xüsusiyyətlərindəndir. Bu və buna bənzər təsəvvürləri və hərəkətləri çoxaltmaq mümkündür.

Beləliklə, dinsiz əxlaqın mənşəyi insandır. Ancaq dini əxlaqın prinsiplərini tənzimləyən Allahdır. Bir əxlaq dindən öz payını almırsa, o əxlaq nə qədər ülvi, nə qədər alidəyərlərlə bəzənmiş olsa da, yenə də müəyyən mənfi cəhətləri vardır. Əgər bir əxlaqın bünövrəsində Allah qorxusu yoxdursa, bu cür əxlaqın heç bir zaman cəmiyyətə faydası toxunmaz. Əksinə, daha da cəmiyyəti uçuruma aparar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz