MÜSAHİBƏ-Ramiz MƏMMƏDOV
İrfan jurnalının builki hədiyyəsi: Riyazus-Salihin
Ramiz Məmmədov - 1978-ci ildə Ağdam rayonunda anadan olub. 1996-cı ildə Şəkidə hafizlik mədrəsəsini bitirib. Sonra, 2003-cü ildə Türkiyədə Mərmərə universiteti ilahiyat fakültəsini, 2006-cı ildə isə həmin universitetdə Quran təfsiri üzrə magistraturanı bitirib. 2004-cü ildən etibarən İsmayıllıda “Hafizlik mədrəsəsi”nin, sonra “Niyal kursları”nın müdiri işləyib. Hal-hazırda İpəkyolu Nəşriyyatının direktoru vəzifəsini icra edir.
İrfan:İrfan jurnalının builki abunə hədiyyəsi olaraq, niyə məhz Riyazus-Salihin kitabı seçildi?
Ramiz M:Əlbəttə, biz hər il İrfan jurnalının hədiyəsini müəyyən edərkən bunu təsadüfən seçmirik. Hətta bir il əvvəlcədən hədiyyə edəcəyimiz kitab haqqında düşünür, müzakirələr aparır, bölgələrdən gələn müxtəlif rəy və təklifləri qiymətləndirərək ən münasib olan əsəri seçməyə çalışırıq. Builki hədiyyəmiz də seçilərkən üzərində çox düşünülərək qərar verilmişdir.
Mən bu kitabı seçməmizin önəminə keçmədən öncə fürsətdən istifadə edərək bu kitabın ərsəyə gəlməsində maddi və mənəvi dəstəyini əsirgəməyən Gəncliyə Yardım Fondunun rəhbərliyinə, Erkam yayınlarına, bu kitabın nəfis şəkildə tərcüməsini edən Nurlan müəllimə, yenə kitabın nəşr olunmasında böyük əməyi olan Abbas müəllim və İpəkyolunun digər əməkdaşlarına təşəkkür etmək istəyirəm.
Son zamanlarda hədis və sünnəni bir kənara qoyaraq sadəcə Qurani-Kərimi əsas alıb İslam dinini anlama fikri, düşüncəsi ortaya çıxmışdır. Beləliklə, İslam dininin iki təməl dirəyi olan Quran və sünəni bir-birindən ayıraraq İslama zərər vermək məqsədi güdülmüşdür. Bütün bunlara görə builki hədiyyəmizin hədislə bağlı olmasına qərar verdik. Hədis kitablarının içindən niyə məhz Riyazus-Salihin? Riyazussalihinin yazıldığıdövrə, yəni 13-cü əsrə baxdığımız zaman, yaşadığımız dövrlə bir çox ortaq nöqtələrini görə bilərik. Həmin dövrdə də bir çox fitnə və fəsad hökm sürürdü. İslam dünyasını dörd bir tərəfdən düşmənləri əhatə etmiş vəziyyətdə idi. Müsəlmanlar bir tərəfdən xaçlı ordusu, digər tərəfdən də monqolların hücumlarına məruz qalmışdılar. Belə bir vaxtda müsəlmanların bəziləri sərvət dalına düşmüş, həva və həvəsinin əsiri olmuş, kimiləri dinin vacib və sünnələrini tərk etmiş, kimiləri də müxtəlif cərəyanlara qoşularaq dinə zərər verirdilər. Bu günə baxdığımız zaman həmin hadisələri görmürükmü? Dünyadakı müsəlmanlar məqsədyönlü şəkildə sıxışdırılmaqda, yaşadıqları ölkələr müharibə ocağına çevrilməkdə, İslam dini terror dini elan olunmaqda, nəticə olaraq dünyada islamafobiya fikri yaradılmaqdadır. Bütün bunlara baxanda görürük ki, əslində 13-cü əsrdə müsəlmanların başının üstündən əskik olmayan qara bulud bugün də öz varlığını qorumaqdadır.
Necəki, bir xəstəyə - müayinə olunduqdan, xəstəliyinin səbəbi dəqiqləşdikdən sonra yazılan dərman öz müsbət təsirini göstərər, onun kimi, İmam Nəvəvinin yazmış olduğu Riyazus-Salihinin də zamanımızın xəstəliyinə uyğun müalicə resepti olduğunu düşünərək bu əsəri qiymətli abunəçilərimizə ərməğan etməyə qərar verdik.
- Kitabın hazırlanmasında hansı kriteriyalar nəzərə alındı?
- Son illərdə qələmə alınan bir çox “Riyazus-Salihin” tərcümə və şərhini araşdırdıq. Bu çalışmalar arasında qardaş Türkiyənin Erkam Yayınları tərəfindən nəşr olunan “Riyazus-Salihin” tərcüməsi tərəfimizdən bəyənilərək, əsəri məhz onun əsasında Azərbaycan türkcəsinə qazandırmaq qərarına gəldik. Allah Rəsulunun mübarək kəlamlarını oxuculara ən gözəl üslubda və başadüşülən tərzdə çatdırmağa çalışdıq. Hədisi-şəriflərin Anadolu türkcəsində tərcüməsi ilə yanaşı ərəbcə mətnini də göz önündə tutduq. Bəzi hədislərdə yer alan və oxucu tərəfindən anlaşılması çətin olan müəyyən ifadələrin qısa şərhini verməyi zəruri hesab edərək hər birini xüsusi qeydlərdə izah etməyə çalışdıq.
- Bu kitabın seçilməsi abunə sayına nə dərəcədə təsir etdi?
- Riyazus-Salihin dünyada ən çox tanınan əsərlər arasında öz yerini almışdır. Ölkəmizdə devalvasiya olmasına bağlı olaraq abunə sayımızda ciddi düşüş olacağından narahat olduğumuzu da açıqca ifadə etmək istəyirəm. Çünki insanların maddi vəziyyətini nəzərə alanda bu nəticə qaçınılmaz görünürdü. Ancaq builki hədiyyəmizin Riyazus-Salihin olması səbəbi ilə nəinki abunə sayımızda düşüş yaşadıq, əksinə, keçən ilki abunə sayımızdan daha artıq abunəçimiz oldu, əlhamdulillah. Onu da nəzərinizə çatdırım ki, yuxarıda da qeyd etdik, biz jurnalımızın hədiyyəsini bir il öncədən qərarlaşdırır və onun hazırlığına başlayırıq. Yəni, devalvasiyını nəzərə alıb bu kitabı hədiyyə etmədik. Amma çox yerində, gözəl bir seçim olmuş oldu.
- Ümumiyyətlə, bir nəşriyyatçı olaraq cəmiyyətimizdə hədis kitablarına ehtiyacı necə qiymətləndirirsiniz?
- İlk öncə tam açıqlıqla ifadə etmək istəyirəm ki, cəmiyyətimizin dini yöndə maariflənməsinə ehtiyac var. Əgər bu gün dini radikalizm, qeyri-ənənəvi məzhəbçilik cəmiyyətimizdə kök sala bilirsə, bu, insanlarımızın dini cəhətdən savadsızlığından irəli gəlir. Bunun üçün, əlbəttə, sadəcə Qurani-Kərimin tərcüməsini oxuyaraq dini bilik əldə etmək mümkün deyil. Hətta səhabələr belə, ərəb dilini bizdən, təbii olaraq, daha yaxşı bildikləri halda, bir ayə nazil olduğu vaxt, – görəsən bu ayədən Allah nəyi murad etdi? – deyə Hz. Peyğəmbərə sual edərdilər. Bunun üzərinə Hz. Peyğəmbər (s.ə.s) ayənin hökmünü onlara açıqlayardı. Belə olan halda həmin hədislərə biz səhabələrdən daha çox möhtacıq. Düzgün dini maariflənmə üçün sağlam mənbələrə malik hədis kitablarının nəşrinə bu gün daha çox ehtiyacımız var.
- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
- Mən də təşəkkür edirəm, bütün abunəçilərimizin bu kitabdan faydalanıb istifadə etmələrini təmənna edirəm.
ŞƏRHLƏR