Türk Sonetləri

Türk Sonetləri

Sabir Mustafanın son dövr Azərbaycan Türk poeziyasında və tərcümə sənətində ən böyük uğurlarından biri də Türk sonetləri ilə bağlıdır. O, ilk öncə ingilis poeziyasının böyük şairi və dramaturqu Vilyam Şekspirin (1564-1616) yaradıcılığında xüsusi yeri ilə seçilən 154 sonetinin özünəməxsus sənət sevgisi ilə orijinaldan Azərbaycan türkcəsinə mükəmməl tərcümələrini ortaya qoymağa səy göstərmişdir. Və sonra Qərb, xüsusilə Şekspirin sonetlərinə olan sənət sevgisi ilə özünün Türk sonetlərini qələmə almışdır. Onun şair “mən”i, Türk dünyasına şair-vətəndaş eşqinin əzəməti bu sonetlərdə dolğun poetik ifadəsini tapmışdır.

 

   Müqəddəs dinimiz, Quranımız bir,

   Bir mehrab sənindir, bir mehrab mənim.

   İçimizi müdhiş bir şeytan didir,

   Bir əzab sənindir, bir əzab mənim.

 

   Bir kökük, yüz yerə parçalanmışıq,

   Bir bulaq sənindir, bir bulaq mənim.

   Yadların əliylə haçalanmışıq,

   Bir calaq sənindir, bir calaq mənim.

 

   Bütövlük olsaydı əgər özündə,

   Türk özü dünyaydı dünya üzündə.

 

   - yazan müəllifin bu sonetində onun Türk dünyasında bölünən, parçalanan türkdilli xalqların tarixi keçmişinə poetik baxışı incələnmişdir. Bu sonetlərdə türkün bütövlük rəmzinin əzəmətində, tarixin yaddaşında yadların, yadellilərin əli, hiyləsi ilə türk xalqlarının faciəsi qələmə alınmışdır. Türkün tale, qismət yazısında acizlik notlarından çox, şairin tarixən bu xalqların bütövləşmək məramı içimizdə xoş ovqat yaradır.

   Şairin “Türk sonetləri”ndə yaratdığı, vəsf etdiyi Türk obrazında onun ürəyindən qopan, uzaq-yaxın zamanların içindən qopub gələn tarixləşmiş mübarizlik, cəsurluq mücəssəməsinin hayqırtılarının zənguləsi var. Bu, əsl türkün həyat simfoniyasını xatırladır.

  

   Türk oğlu, mərdliyin çətin qəmi var,

   Dünyada Türk ömrü, Türk aləmi var.

 

   - yazan Sabirin 9-cu sonetinin son iki misrasında həyat həqiqətlərinin zəngin poetik cilvəsi ifadə olunmuşdur. 11-ci sonetdə Türk ellərinin parçalanan, torpaqları düşmən tapdağı altında qalan, lakin türkün məğlubedilməzliyinin gün işığı kimi heç zaman sönməyən qələbə əzmi tərənnüm olunmuşdur.

   Düşmən düşünməsin yalqız Türkləri,

   Ümmanın çəkilib qabarması var.

   Yenilməz doğulub oğuz Türkləri,

   Sellərin qayanı aparması var.

 

   Şair var ki, böyük bir cilddə şeirlər kitabını oxuyub qurtarandan sonra yaddaşında bir-iki şeirin, yaxud misranın izi qalmadığına təəssüf edirsən. Amma Sabir Mustafa yazdığı şeirlərin çoxunda poetik fikrin, misranın çevrəsində elə bil yağışdan sonra ürəyinə, ruhuna təzə nəfəs gətirən söz adamı kimi unudulmur. Aşağıdakı 2 saylı sonetin 2-ci bəndində Türk dünyası haqqında poetik lövhədə şairin sözü yaddaşlarda “tüğyan edir”:

 

   Qədim Türk dövləti möcüzə imiş,

   Bünövrəsi yerdə, zirvəsi ərşdə.

   Bir saray ucaldıb göy kimi geniş,

   Zəfər bayrağıymış göydə günəş də.

 

   Deyirlər ki, deyilən göz yadigardır. Amma gözəl deyimli fikir onda yadigar qalır ki, onu poeziyaya gətirən əsl şairdir. Sabir Azərbaycan türklərinin Sabirləri sırasında yeganə şair deyildir. Türk sonetləri isə poeziyamızda onun deyimli-duyumlu sonet yazar biri olduğunu deməyə zəmin yaradır.

  

Hər yaralı daşda Türkün adı var,  

Göydə günəşdə də Türkün odu var.  

 

Birinci sonetinin son beytində Türk dünyasına, onun varlığına olan hədsiz sevgi və bağlantısı əslində onun qanında çağlayan türkçülüyünün göynərtiləri sözə-şeirə çevrilmiş ürək çırpıntılarıdır.

Sabir didərginlik harayının, qovhaqovunun vətən nisgilli qələmini süngüyə çevirmiş, Türk elinin əsrlər boyu bölünüb parçalanan torpaqlarında xəyanətə, saxtalığın libasında özgələrin meydan sulamasına göz yuma bilmir, ürəyini “döyüş meydanı”na çevirir:

 

Kəsib kiçiltdilər Azərbaycanı,

Dünyada qəm varmı belə qəm kimi.

Yaşat ürəyində Böyük Turanı,

Yaraların üstə qoy məlhəm kimi.

 

- deyə üzünü, sözünü Türk dünyasının mübariz oğullarına tutub öz səsini Vətənin bütövlüyünün himninə çevirir.

Sabir İtaliya poeziyasında yaranıb Qərb ölkələrinin şeir dünyasında Şərqin qəzəl kimi çox böyük şöhrət qazanmış sonet janrının  türk tipinin oxunaqlı nümunələrini yaratmışdır. Batı ilə Doğunun söz çələngində Türk dünyasının yeni obrazını qələmə almışdır. Doğum gününün 70-ci baharına qədəm qoyan Sabir Mustafanın doğu (şərq), batı (qərb) olaylarında Türk sevgisinə heyranlığımı gizlədə bilmədim. Qurani-Kərimin əl-Bəqərə surəsində buyurulduğu kimi: “Şərq də, Qərb də Allahındır: Hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah ordadır.” Sabir Mustafa ilahi sevgisini və türkçülüyünü poetik fikrin qanadlarında oxucunu məftun edərək gözəl poetik nümunələri – sonetləri ilə sənət sevgisinin yeni cilasını yaratmışdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz